Məhkəmə qərarları › İş №2-1(114)-1213/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1213/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1213/2021 14.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 17.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 10.01.1993-cü ildə Tərtər Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və Murov dağına döyüşə göndərilmiş, sonra N nömrəli hərbi hissənin 1-ci taborunda xidmət etmiş, 1993-cü ilin aprel ayından 1994-cü ilin may ayına kimi Ağdərə rayonu və Ağdam rayonu ərazisində və digər ərazilərdə gedən döyüşlərdə iştirak etmiş, 1994-cü ilin may ayının 1-də Qırmızı kənd, Şotlandı kəndi isiqamətində gedən döyüşdə daban, diz və bud nahiyəsindən iri çaplı mərmi qəlpələrindən ağır yaralanmış, 2 ay Ağdaş rayon xətəxanasında müalicə almış, daha sonra 3 ay da evdə müalicə almış, sağaldıqdan sonra batalyona qayıtmağa qərar vermiş, lakin qayıtdığı vaxt batalyon ləğv edilmişdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. X4 iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş SX ******* nömrəli 25.12.2017-cı il tarixli hərbi biletin 21-ci səhifəsində qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin yanvar-may 1993-cü il tarixli nizami hissə üzrə, yanvar-may 1994-cü il tarixli yoxlama əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitabında X6 oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 25.09.2020-ci il tarixli 9/2-9685 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında X2 Tərtər RHK-dan çağırılması, və uzun müddət hospitalda müalicədə olduğuna görə Müdafiə nazirinin 278 saylı əmri əsasında komandirin 07.11.1994-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat vardır, N nömrəli hərbi hissə komandirinin 07.11.1994-cü il tarixli N nömrəli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır, qulluq etdiyi hərbi hissəni özbaşına tərk etmiş atıcı sıravi X1 ƏÖMB komandirinin 08.05.1993-cü il tarixli N nömrəli əmrilə hərbi hissəsi məlum olunana qədər hərbi hissənin siyahısına qəbul edilərək bütün növ təminatlara qoyulmuş, ona N nömrəli hərbi hissə komandirinin 15.09.1993- cü il tarixli 28 nömrəli əmrilə avqust ayı üçün üç qat pul təzminatı ödənilmiş, N nömrəli hərbi hissə komandirinin 21.03.1994-cü il tarixli 22 nömrəli əmrində döyüş tapşırığını yerinə yetirən 5ci motoatıcı taburun şəxsi heyətin siyahısında onun adı qeyd olunmuş, o, hərbi hospitala göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin 13.05.1994-cü il tarixli 113 nömrəli əmrilə qazan təminatından çıxarılmışdır, onun sonrakı xidmət dövrü dəqiq qeyd olunmadığından barəsində əlavə araşdırma aparmaq mümkün olmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 16.03.2021ci il tarixli, 1/M-6711 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin 03.02.2021-ci il tarixli 9/2-9685 nömrəli arayışına əsasən hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna görə X3 “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddiaçı hərbi hospitala göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin 13.05.1994-cü il tarixli 113 nömrəli əmrilə qazan təminatından çıxarılmış, daha sonra isə hərbi hissə komandirinin 07.11.1994-cü il tarixli N nömrəli əmrilə hərbi hissənin siyahısından çıxarılmışdır. İddia ərizəsinin məzmununda da iddiaçı həmin dövrdə hospitalda müalicə olunduğunu, sonradan batalyona qayıtmadığını, qayıtmaq istədikdə isə artıq batalyonun ləğv edildiyini etiraf etmişdir. Göründüyü kimi iddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Qeyd olunan hallar isə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar