Məhkəmə qərarları › İş №2-1(114)-1214/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1214/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1214/2020 16.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********605100 nömrəli, xx.xx.2019-cu il tarixli **********606800 nömrəli, xx.xx.2019-cu il tarixli **********6036700 nömrəli, xx.xx.2019-cu il tarixli **********483400 nömrəli “Vergilərin hesablanması barədə” qərarların və xx.xx.2019-cu il tarixli **********622500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-486/2020 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində mövcud olan vergi borcunun yaranmasına əsas cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********605100 nömrəli, xx.xx.2019-cu il tarixli **********606800 nömrəli, xx.xx.2019-cu il tarixli **********6036700 nömrəli, xx.xx.2019-cu il tarixli **********483400 nömrəli “Vergilərin hesablanması barədə” qərarlar və xx.xx.2019-cu il tarixli **********622500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar olmuşdur. Həmin qərarların qəbul edilməsinə səbəb olan əsaslar iddiaçıya məlum deyil. Belə ki, cavabdeh qanunvericiliyin tələblərini deyil, öz şəxsi mülahizəsini əsas götürərək qərar qəbul etmiş və cəmiyyətə əsassız vergi hesablamışdır. Bu səbəbdə də iddiaçı hesab edir ki, sözügedən qərarlar ləğv edilməlidir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsidə şikayət etdiyi qərarlar üzrə cəmi 217163.51 manat məbləğində vergilər üzrə borc mövcuddur və iddiaçının şəxsi hesab vərəqəsində olan borcun yaranmasına səbəb isə kameral vergi yoxlaması ilə vergi orqanı tərəfindən qəbul edilmiş iddia ərizəsində göstərilən qərarlar olmuşdur. İddiaçı tərəfindən ləğv olunmasını istədiyi qərarların məhkəmədə mübahisələndirilməsi üçün xx.xx.2019-cu il tarixdə müraciət etmiş, beləliklə qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə müraciət edilməmişdir. Bu səbəbdən də iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı MMC-yə (eləcə də cəmiyyətin vəkili X2) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2019-cu il tarixli **********605100 nömrəli, xx.xx.2019-cu il tarixli **********606800 nömrəli, xx.xx.2019-cu il tarixli **********6036700 nömrəli qərarlar xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixli **********483400 nömrəli qərar xx.xx.2019-cu il tarixdə, xx.xx.2019cu il tarixli **********622500 nömrəli qərar isə xx.xx.2019-cu il tarixdə vergi orqanı tərəfindən elektron qaydada vergi ödəyicisinə göndərilmiş, qeyd olunan qərarlarla isə iddiaçı xx.xx.2019-cu ildə tanış olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -70.2. maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Müəyyən edilmişdir ki, vergi orqanı ilə vergi ödəyicisi arasında xx.xx.2016-cı il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyənləşdirilmişdir. Həmçinin mübahisələndirilən qərarlarda vergi ödəyicisinin narazılığı olduğu təqdirdə onların təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində isə vergi orqanına şikayət etmək hüququ olduğu göstərilmişdir. Buna baxmayaraq iddiaçı mübahisələndirilən qərarlar onun elektron qutusuna göndərildikdən 30 gündən çox müddət sonra, yəni xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş və məhkəməyə iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən iddiaçının vəkili X2 xx.xx.2020-ci il tarixli sərəncam göndərilməklə buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə vermək hüququ izah edilmiş, qeyd olunan sərəncam xx.xx.2020-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq müvafiq ərizə ilə məhkəməyə müraciət olunmamışdır. Habelə sözügedən sərəncam iddiaçının özünə də göndərilmiş, lakin ünvan iddia ərizəsində düzgün göstərilmədiyindən çatdırılması mümkün olmamışdır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri iddia müddətinə dair normalara riayət edilməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, işlərə baxılarkən İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmədiyindən və bununla da həmin inzibati aktların mübahisələndirmə müddəti üzürlü səbəb olmadan ötürüldüyündən iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar