Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1215/2020 27.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Üviyyə İlham qızının katibliyi ilə İddiaçı Müqais oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka (üçüncü şəxs xxxx Sığorta Şirkəti) qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Müqais oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka (üçüncü şəxs xxxx Sığorta Şirkəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2012-ci il tarixli sığorta agenti fəaliyyətinə verilmiş 000634 nömrəli lisenziyanın ləğvinə dair” xx.xx.2019-cu il tarixli qərarın tamamilə ləğv edilməsi barədə qərar çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixli sığorta agenti fəaliyyətinə verilmiş 000674 nömrəli lisenziya əsasında uzun illər sığorta agenti kimi fəaliyyət göstərmiş, fəaliyyəti dövründə çoxsaylı müştəri kontingenti ilə çalışmış, çoxsaylı işçilərə sahib olmuşdur. Bütün fəaliyyəti dövründə bir dəfə olsun belə qanun pozuntusuna yol verməmiş, nəzarət qurumu tərəfindən hər hansı təqdimatın verilməsinə və ya lisenziyanın dayandırılmasına səbəb olan işlərə yol verməmiş, eyni zamanda sığorta agenti kimi çalışdığı vaxtda iyirmiyə qədər insanı işlə təmin etmiş, işsizliyin aradan qaldırılmasına kiçik sahibkar kimi də olsa öz töhvəsini verməyə çalışmışdır. Sığorta agenti kimi çalışarkən hər bir agent kimi sığortalı vətəndaşların və təşkilatların maddi risklərinin azaldılması məqsədilə sığorta bazarının və sığorta mədəniyyətinin genişlənməsinə çalışmışdır. Bu məqsədlə mümkün qədər qanuni üsullarla müştəri bazalarını genişləndirmişlər. Yalnız bir dəfə Nuru Nuriyev adlı şəxsin onu aldadaraq etibarından sui-istifadə etməsi nəticəsində bəzi vətəndaşlara zərər dəymiş, bunu öyrənən kimi isə dərhal məsələnin araşdırılması və lazımi hüquqi qiymət verilməsi üçün bütün hüquq-mühafizə orqanlarına müraciət etmiş, eyni zamanda N.Nuriyevin özünə də bildiriş göndərmiş və onun etdiyi hərəkətlərin qanunsuz olmasını bildirməklə yanaşı vurulan zərərin tam ödənilməsini də tələb etmişlər. Müraciəti əsasında müəyyən tədbirlər görülmüş və araşdırılmalar davam etdirilir. Məhz onun müraciətləri əsasında başlanmış araşdırma X2 Palatasına (sonradan “Palata”) məktub göndərilmiş, həmin məktubda məsələnin Palatanın səlahiyyətləri çərçivəsində araşdırılması da xahiş edilmişdir. Palata öz növbəsində onu rəsmi şəkildə görüşə dəvət etmişdir. O, əlində olan bütün sənədlərlə və sübutlarla birgə xx.xx.2019-cu il tarixdə görüşə gəlmiş, işin bütün faktiki halları barədə məlumat vermiş, sığorta şirkəti “xxxx" ASC-nin bu işlə bağlı yol verdiyi neqativ halları işıqlandırmış, məsələnin bu həddə çatmasında bir agent kimi onun birbaşa təqsirinin olmamasını dəlillərlə bəyan etmiş və gələcəkdə buna bənzər hər hansı halın meydana çıxmayacağına da zəmanət vermişdir. Palatanın məsələyə adekvat və obyektiv, hüquq prinsipləri işığında baxaraq ədalətli qərar qəbul edəcəyini düşünmüşlər. Lakin Palatanın xx.xx.2019 tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli sığorta agenti fəaliyyətinə verilmiş 000634 nömrəli lisenziyası ləğv edilmişdir. Hesab edir ki, bu qərar qanuni və əsaslı deyil və qərarın qəbul edilməsi zamanı işin faktiki hallarının nəzərə alınmaması ilə yanaşı, hüquq normaları da düzgün tətbiq edilməmişdir. Belə ki, lisenziya “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.7-ci maddəsi və 6.2-ci maddəsində müvafiq olaraq sığorta sirrinin yayılması hallarına yol verildiyi üçün ləğv edilmişdir. Bu hüquqi əsasla heç bir halda razılaşmır və bildirir ki, məhz sığorta sirrinin yayılması sığorta nəzarəti qurumu tərəfindən heç bir şəkildə sübut edilməmişdir. Belə ki, inzibati orqan olaraq inzibati aktın qəbul edilməsinin əsaslılığını məhz onlar sübut etməlidirlər. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13. maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli sərəncamlar göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə əlaqədar vaxt verilmiş, məhkəmənin sərəncamı poçt vasitəsilə iddiaçıya göndərilmiş və xəbərnaməyə imza etdirilməklə ona çatdırılmışdır. Lakin iddiaçı məhkəmənin sərəncamında qeyd edilən tələblərə riayət etməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin “xahiş etdim” hissəsində xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsini xahiş etmiş, lakin iş materiallarından görünür ki, “xx.xx.2012-ci il tarixli sığorta agenti fəaliyyətinə verilmiş 000634 nömrəli lisenziya Azərbaycan Respublikasının Maliyyə X1 xx xxxxx 2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Belə olan halda iddiaçı barəsində qəbul edilmiş inzibati aktın – xx.xx.2019-cu il tarixli qərarın dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Müqais oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka (üçüncü şəxs xxxx Sığorta Şirkəti) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Müqais oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Banka (üçüncü şəxs xxxx Sığorta Şirkəti) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1215/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1215/2020
27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver