Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1219/2020 10.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçasında “Poylu Qırmadaş zavodunda” xx.xx.1985-ci ildən xx.xx.1993-cü ilə kimi Ekskavator maşinisti işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsini, həmçinin xx.xx.2020-ci il tarixdən hal-hazıradək ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi barədə öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi döürdə güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən aydınlaşdırıcı arayışı təqdim edə bilmədiyindən, həmin dövrün güzəştli iş stajına daxil edilməsi mümkün deyildir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilmiş, daha sonra xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrdə güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən aydınlaşdırıcı arayışı təqdim edə bilmədiyindən pensiya dayandırılmışdır. Hazırda iddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiə nazirinin xx xxxxxx 2019-cu il tarixli, **********2 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlər Sosial Müdafiə Fondunun X1 İdarəsi haqqında” Əsasnamənin 2.1.1-ci bəndinə əsasən “ Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulan şəxslərə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 İdarəsinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyasının bərpa edilməsini tələb etdiyindən DSMF Ağstafa rayon şöbəsi cavabdeh ola bilməz. Həmçinin hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və öhdəliyin icrası haqqında iddia qaldırmaq üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi tələb olunur. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi tələbi üçün əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 İdarəsinə müraciət etməli, tələbi təmin olunmadığı halda onun məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək imkanı yaranır. Ona görə də məhkəmə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinin iddiaçıya təklif olunmasını zəruri hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ödənilməmiş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1219/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1219/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver