Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1219/2021 13.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsinə qarşı örüş torpaq sahəsinin ayrılması, qanunsuz zəbt edilmiş ərzilərin boşaldılması və s. halların təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qərar qəbul etdi Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Republikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə qarşı 19.05.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon Qızılhacılı bələdiyyəsinə məxsus olan yaşadıqları əraziyə yaxın olan yerdən 150 baş qoyunun otarılması üçün yer ayrılması, qanunsuz zəbt olunmuş ərazilərin boşaldılması, torpaqların dövriyyəsi haqqında illik hesabatın, bələdiyyənin fəaliyyətini əks etdirən məlumat lövhəsinin müvafiq qanunvericiliyə uyğun olaraq bələdiyyə binansının önündə quraşdırılmasının təmin olunması, əhaliyə rüblük maliyyə hesabatının verilməsinin təmin olunması vəzifəsinin Goranboy rayon Qızılhacılı bələdiyyəsinin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməli olan Gəncə Regional Ədliyyə İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayon Qızılhacılı qəsəbə bələdiyyəsinin torpaqları aqrar islahat keçirilən zaman 3 kolxozun ərazisinin birləşməsinən yaranmışdır, iddiaçıların yaşadıqları ərazi isə keçmiş Qara Məmməd adına kolxozun ərazisinə aiddir və həmin ərazinin aqrar islahatı ayrı keçirilmişdir. Aqrar islahat zamanı torpaqlar əhaliyə adambaşına düşən 52 sotla deyil, kəm-kəsirlə verilmişdir. Bundan əlavə gələcəkdə yerli əhalinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş meydan, küçə, keçid, yol kənarı, park, meyvə bağı, meşə zolağı, zibillik, asudə örüş sahələri, ehtiyat fond torpaqları, idman meydançaları, eləcə də ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilmişdir. İddiaçılar dəfələrlə bələdiyyəyə müraciət edərək yaşadıqları əraziyə yaxın yerdən (keçmiş Qara Məmməd adına kolxozun aqrar islahat komissiyasının ayırdığı ümumi istifadə üçün nəzərdə tutulmuş 800 ha örüş sahəsindən) 150 baş xırdabuynuzlu heyvanlarının otarılması üçün örüş sahəsinin ayrılmasını xahiş etsələr də, illərdir bələdiyyədən 1 ha torpaq sahəsi belə ala bilməmişlər. Halbuki 100 ha torpaq sahəsi bir neçə nəfərin əlində cəmləşmişdir. Bununla bağlı iddiaçılar 28.12.2020-ci il tarixdə Goranboy rayon Qızılhacılı bələdiyyəsinə və Gəncə Regional Ədliyyə İdarəsinə müraciət edərək 9 bənddən ibarət suallarının və tələblərinin cavablandırılmasını istəmiş, buna baxmayaraq əvəllər olduğu kimi bu günədək məsələnin həqiqi həlli və dolğun məzmununu əks etdirən cavab verilməmişdir. Bu səbəbdən də iddiaçılar hesab edir ki, Goranboy rayon Qızılhacılı bələdiyyəsinin qanundankənar fəaliyyəti və fəaliyyətsizliyi nəticəsində yerli əhaliyə aid olmuş örüş sahələrinin, yolların, su arxlarının, bağların, idman meydançalarının, torpaqların dövriyyəsi haqqında illik hesabatın, rüblük maliyyə hesabatlarının verilməsi və göstərilən digər pozuntu hallarının aradan qaldırılması məsələsi Goranboy rayon Qızılhacılı bələdiyyəsinin fəaliyyətinə inzibati nəzarəti həyata keçirməli olan Gəncə Regional Ədliyyə İdarəsinin üzərinə qoyulmalıdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianı iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin 15.03.2021-ci il tarixli iclasında bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin qanunvericiliyə uyğun idarə olunmasını təmin etmək məqsədilə bələdiyyə üzvlərindən ibarət komissiya yaradılması barədə qərar qəbul edilmişdir. Bələdiyyənin təqdim etdiyi məlumatda bildirilir ki, Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə aid örüş torpaq sahələrinin zəbtdən azad olunması üçün aidiyyəti şəxslərə bələdiyyə tərəfindən xəbərdarlıq məktubları göndərilmiş və 4 ha torpaq sahəsi zəbtdən azad olunaraq bələdiyyəyə təhvil verilmişdir. Bələdiyyənin 11.01.2021 -ci il tarixli iclasında 2020-ci ildə görülmüş işlər, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərə verilmiş hesabatın təsdiq edilməsi barədə qərar qəbul edilmişdir. Əlavə olaraq, bələdiyyə torpaqlarının idarə edilməsi, maliyyənin əsasları, hesabatların verilməsi və digər məsələlər ilə bağlı qanunvericiliyin tələbləri izah edilməklə Qızılhacılı bələdiyyəsinə tövsiyə göndərilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə Regional Ədliyyə İdarəsinin 12.04.2021-ci il tarixli Kd-1015 nömrəli məktubunda Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin 15.03.2021-ci il tarixli iclasında bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin qanunvericiliyə uyğun idarə olunmasını təmin etmək məqsədilə bələdiyyə üzvlərindən ibarət komissiya yaradılması barədə qərar qəbul edildiyi, Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə aid örüş torpaq sahələrinin zəbtdən azad olunması üçün aidiyyəti şəxslərə bələdiyyə tərəfindən xəbərdarlıq məktublarının göndərildiyi, eləcə də bələdiyyənin təqdim etdiyi məlumatda bələdiyyənin büdcəsində maliyyə vəsaiti olduqda yolların təmiri məsələsinə bələdiyyənin iclasında baxılmasının təmin ediləcəyi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, örüş üçün yer ayrılması, qanunsuz zəbt olunmuş ərazilərin boşaldılması, torpaqların dövriyyəsi haqqında illik hesabatın, bələdiyyənin fəaliyyətini əks etdirən məlumat lövhəsinin bələdiyyə binansının önündə quraşdırılmasının təmin olunması, əhaliyə rüblük maliyyə hesabatının verilməsi və.s bu kimi tələblər bilavasitə müvafiq bələdiyyənin hüquq və vəzifələrinə aiddir. Cavabdeh orqan qeyd edilən məsələlərlə bağlı fəaliyyəti həyata keçirən qurum yox, yalnız nəzarət funksiyalarını yerinə yetirən qurumdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -11-ci bəndinə əsasən Nazirliyin mərkəzi aparatı və onun strukturuna daxil olan penitensiar xidmət, Nazirliyin yerli, regional qurumları, təhsil müəssisələri, elm, ekspertiza və tibb idarələri, mətbuat orqanları, digər təyinatlı qurumlar, həmçinin Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. -8-ci bəndinə əsasən Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: -bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir (8.12-ci bənd). -9-cu bəndinə əsasən Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: -bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək (9.29-cu bənd); -bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək və onlara metodoloji yardım göstərilməsi üzrə müvafiq tədbirlər görmək (9.30-cu bənd). -10-cu maddəsinə əsasən Nazirlik öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir: -bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirərkən bələdiyyələrə onların fəaliyyəti üzrə təklif və tövsiyələri təqdim etmək (10.18-ci bənd); -yerli özünüidarəetmə sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi üçün bələdiyyələrə yardım etmək (10.19-cu bənd). “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. -10.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir. Yuxarıda istinad olan normaların məzmunundan da aydın olur ki, Ədliyyə Nazirliyinin regional qurumları bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir, onların fəaliyyətinin təşkil edilməsi üçün müvafiq tədbirlər görür, eləcə də bələdiyyələrə onların fəaliyyəti üzrə müvafiq təklif və tövsiyələr verir. Bu səbəbdən də həmin qurumun üzərinə iddiada qeyd edilən öhdəliklərin qoyulması yolverilməzdir. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdehin 12.04.2021-ci il və 03.06.2021-ci il tarixli məktublarının məzmunundan görünür ki, iddia tələbində qeyd olunan məsələlərlə bağlı nəzarət qaydasında müvafiq hərəkətlər edilmiş və bu istiqamətdə gələcəkdə də işlər görüləcəyi bildirilmişdir. Göründüyü kimi cavabdeh orqan tərəfindən Goranboy rayon Qızılhacılı bələdiyyəsinə müvafiq metodik köməklik göstərilmişdir. Odur ki, məhkəmə iddianı əsassız hesab etməklə, təmin edilməməsi qərarına gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsinə qarşı örüş torpaq sahəsinin ayrılması, qanunsuz zəbt edilmiş ərzilərin boşaldılması və s. halların təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1219/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1219/2021
13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver