Məhkəmə qərarları › İş №2-1(114)-122/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-122/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-122/2023 07.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının bərpa edilməsi, pensiyadan tutulmuş məbləğin geri qaytarılması və pensiyadan tutulmanın cavabdehə qadağan edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 avqust 2019-cu il tarixli 2-1( 83)-1162/2019 saylı qərarı ilə 25 il sığorta stajının müəyyən edildiyinin nəzərə alınaraq 10 aprel 2019-cu il tarixdən yaşa görə təyin edilmiş 268 ( iki yüz altmış səkkiz) manat məbləğində pensiyanın əsassız olaraq 30 aprel 2022-ci il tarixdən azaldıldığı üçün 268 (iki yüz altmış səkkiz) manat məbləğində pensiyanın bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən pensiya məbləğimdən hər ay tutulan 20 % (36 manat) məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və pensiya məbləğindən 20 % (36 manat) tutulmanın qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək X3 Texnikomunda təhsil almışdır, qeyd olunan təhsil illəri БТ 015143 seriya və nömrəli, 14 may 1979-cu il tarixdə verilmiş diplomun təsdiq edilmiş surəti ilə təsdiq edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 avqust 2019-c il tarixli 2-1(83)- 1162/2019 saylı qərarı ilə onun xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək X3 Texnikomunda təhsil aldığı illər sosial sığorta stajına daxil edilmiş və məhkəmə qərarı ilə onun 25 il sosial sığorta stajı tamamlanmışdır. İddiaçıya 10 aprel 2019-cu il tarixindən 25 il 8 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və 30 aprel 2022-ci il tarixə qədər 268 (iki yüz altmış səkkiz) manat məbləğində pensiya almışdır, lakin 2022-ci il 01 may tarixdən cavabdeh onun pensiyasının təyinatını dəyişərək yaşa görə müavinət təyin etmişdir. Cavabdeh tərəfindən ona imtina verilərək bildirilmişdir ki, 25 il sığorta stajı mövcud deyil, lakin onun 25 il sığorta stajının mövcud olduğu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 19 avqust 2019- c il tarixli 2-1(83)-1162/2019 saylı qərarı ilə müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, onun 25 il sığorta stajına görə pensiya məbləği ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1990-cı ilin avqust ayında əmək haqqı almamasına səbəb dərs saatının olmaması ola bilər. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xidməti yoxlama zamanı Qarabağ regional filialının Tərtər rayon qəbul şöbəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən, iddiaçının əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək qeyd olunmuş Tərtər rayon Peşə məktəbində ona 1990-cı il tarixdə cəmi 4 ay, 1997-ci tarixdə 2 ay əmək haqqı ödənildiyi və 1993, 1996, 1997, 2000-ci illərdə isə ümumiyyətlə əmək haqqı ödənilmədiyi aşkar edilmişdir. Həmçinin onun xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə iddiaçının 25 il sığorta stajı olmadığı üçün xx.xx.2022-ci il tarixdən əmək pensiyası ödənişi dayandırılmışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı ona əvvəllər təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsi, eyni zamanda pensiyadan tutulmuş məbləğin geri qaytarılması və pensiyadan tutulmanın qadağan edilməsidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2-1.2.1-ci maddəsinə əsasən, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır İstinad olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçının yaşa görə pensiya hüququ 64 yaşla xx.xx.2019-cu il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Cavabdehin etirazı ilə müəyyən olunur ki, iddiaçıya 25 il sığorta stajı olmadığı halda 25 il 8 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixindən əmək pensiyasının ödənişi dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasına əsasən mübahisələndirilən sosial sığorta stajı xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Tərtər rayon Peşə məktəbində işlədiyi illərdir. Hansı ki, qeyd olunan illər ərzində müxtəlif dövlərdə iddiaçı əməkhaqqı almamışdır. Məhkəmə tərəfindən qeyd olunan halların araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1979-cu ildə tərtib olunmuş əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək fasiləsiz işlədiyi qeydi olsa da, Tərtər rayon Peşə Məktəbi tərəfindən gödərilmiş əmrlər kitabından çıxarışda onun xx.xx.1995-ci il tarixdə 127/1 nömrəli əmrlə işdən azad olunduğu və son haqq-hesabın verildiyi qeyd olunmuşdur. Eyni zamanda iddiaçı xx.xx.1995-ci il tarixdə 133/2 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə 135 nömrəli əmrlə yenidən işdən azad olunmuşdur. Qeyd olunanalardan aydın olur ki, iddiaçı işdən azad olunduğu üçün xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək haqqı almamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının iş stajını təsdiq edən sənədlərə (əmək kitabçası, hərbi bilet və diplom) əsasən müəyyən olunur ki, onun ümumilikdə sosial sığorta stajı 25 ildən azdır. Həmçinin müəyyən olunur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı movcud deyildir. Göründüyü kimi, iddiaçının yaşa görə əmək pensiyanın bərpa edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Bundan əlavə tələbin “pensiyadan tutulmuş məbləğin geri qaytarılması və pensiyadan tutulmanın cavabdehə qadağan edilməsi” hissəsi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, həmin qərarla iddiaçıya təyin edilmiş pensiya ləğv edilmiş və artıq ödənilmiş məbləğ 8602,23 manat müəyyən olunmuşdur. Göündüyü kimi, iddiaçıya ödənilən müavinətdən tutulan artıq ödənilmiş pensiya məbləği cavabdehin qeyd olunan qərarına əsasən həyata keçirilir. Qeyd olunmalıdır ki, sözügedən qərar qüvvədə olduğundan məhkəmə hesab edir ki, tələbin tələbin “pensiyadan tutulmuş məbləğin geri qaytarılması və pensiyadan tutulmanın cavabdehə qadağan edilməsi” hissəsi də mümkün sayıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının bərpa edilməsi, pensiyadan tutulmuş məbləğin geri qaytarılması və pensiyadan tutulmanın cavabdehə qadağan edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar