Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1222/2020 10.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 nömrəli Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli **********199051 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 nömrəli Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2019-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********199051 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 11 nömrəli Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu iltarixli **********193848 nömrəli qərarı əsasında “xxxx” MMC-də səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci iltarixli **********193854 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aktın nəticələrinə baxılmış və xx.xx.2020-ci il tarixli **********199051 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 109492.84 manat vergi məbləği hesablanmış və 50042.56 manat maliyyə sanksiyası tətbiq olunmuşdir. İddiaçı vergi orqanının qərarı ilə aşağıda göstərilən səbəblərə görə razı deyil. Belə ki, yoxlama materiallarına əsasən (yoxlama aktına səhifə 8-15) mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanmasına səbəb kimi mütəxəssis (ekspert) tərəfindən verilmiş rəyə əsasən aparılmış hesablamalar əsas götürülmüşdür. Nəticədə MMC-nin 2017-ci ildə 169008.61 manat (8840xx.xx-715053.49), 2018-ci ildə isə 93754.36 manat (3326xx.xx-426365.25) təqdim edilmiş malların satışından əldə edilən gəlirin azaldılmış olduğu müəyyənləşdirilmişdir. Halbuki, yoxlama zamanı dəvət edilmiş ekspertin təqdim etdiyi xx.xx.2020-ci il tarixli rəydə 2017-ci il üzrə 77886.6 ton məhsul istehsalından 473488.35 (ƏDV iləbirlikdə) manat gəlir əldə olunduğu qeyd olunmuşdur. Lakin MMC-nin təqdim etdiyi bəyannamədə ümumi gəlir 715053.49 (ƏDV-siz) manat əks etdirilmişdir. Rəydə 2018-ci ilin 6 ayı üzrə 40684.6 ton məhsul istehsalından 247327.95 (ƏDV iləbirlikdə) manat gəlir əldə olunduğu qeyd olunmuşdur. Lakin MMC- nin təqdim etdiyi bəyannamədə ümumi gəlir 332610.89 (ƏDV-siz) manat əks etdirilmişdir. Göründüyü kimi rəydə əksini tapmış məhsul istehsalından əldə edilmiş gəlirdən daha çox gəlir əldə edilərək MMC tərəfindən vergi orqanına bəyan etmişdir. Lakin rəyə əsasən yoxlayıcı tərəfindən müəyyən edilmiş və yoxlama aktında əksini tapmış azaldılmış ümumi gəlir məbləğinin mənbəyi məlum deyil. Eyni ilə ƏDV üzrə əlavə hesablanmış vergi məbləği də həqiqəti əks etdirməyən rəqəmlərdən ibarətdir. Belə ki, yoxlama aktının 18-ci səhifəsində qeyd edilmişdir ki, 2017-2018-ci illər üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə cəmi 1049622.8 manat vergiyə cəlb edilmiş dövriyyə göstərildiyi halda, yoxlama ilə (mütəxəssis (ekspert) rəyinə əsasən) bu göstərici 1310427.35 manat müəyyənləşdirilmiş, bəyannamələr üzrə hesablanmış vergi məbləği 188932 manat göstərildiyi halda, yoxlama ilə hesablanmalı olan vergi məbləğinin 235876.92 manat, kənarlaşmanın isə 46944.85 manat olduğu müəyyənləşdirilmişdir. Halbuki, mütəxəssis rəyində ümumilikdə satış həcmi 720816.3 manat olduğu halda yoxlama aktında dövriyyənin 1310427.35 manat müəyyən edilməsi mütəxəssis rəyində təsdiqini tapmır. Bundan başqa yoxlama zamanı dəvət edilmiş mütəxəsis tərəfindən təqdim edilmiş rəydə də düzgün olmayan məlumatlar əksini tapmışdır. Yoxlama materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli mütəxəsis rəyindən də göründüyü kimi, vergi orqanının nümayəndələri ilə birlikdə xronometraj sayım aparılmışdır (səhifə 8). Bunun əsasında rəydə qeyd edilmişdir ki, “İstehsal prosesi zamanı fraksiyalar üzrə faktiki qum-çınqıl çıxışının müəyyən edilməsi üçün mütəxəssis tərəfindən istehsal prosesi zamanı xronometraj sayım aparılmışdır. Həmin rəyə əsasən 1 saat ərzində məhsul çıxışı ümumilikdə 6.3 m3 təşkil etmişdir. Bu tərəflərin birgə müşahidə edərək müəyyən etdiyi faktdır. Daha sonra rəydə qeyd ounur ki, qum-çınqıl karxanasında istifadə olunan doğrayıcı avadanlığın istismara verilmə dövrü 2003-cü ildə olmuşdur. Avadanlığın məhsuldarlığının hesablanması üçün müəyyənləşdirilmiş model üçün verilmiş olan məhsul çıxışının minimumu olan 50 ton/saat göstəricisini əsas götürərək istismar olunduğu 17 il üçün fiziki aşınmaya və köhnəlməyə məruz qalması nəzərə alınmaqla 30% faydalı iş əmsalında azalma hesablanmışdır. Xronometraj sayım nəticəsin 1 saat ərzində 6.3m3 məhsul istehsalının mümkünlüyü müəyyən edildiyi halda hesablamalar saatda 22m3 məhsul 1 istehsalı əsasında aparılmışdır. Bu hesablamanın hansı normativ sənədə əsaslandığı məlum deyil. 17 il istismar olunan avadanlıq tam şəkildə fiziki və mənəvi köhnəlməyə məruz qaldığı halda, heç bir əsas gətirilmədən 30 faiz faydalı iş əmsalının azalması əsas götürülərək saatda 22m3 məhsul çıxışı olması nəticəsinə gəlinmişdir. Yoxlama zamanı iddiaçı tərəfindən uçotun aparılmaması, sənədlərin düzgün tərtib olunmaması və sair bu kimi neqativ hallar müəyyən edilməməsinə baxmayaraq elektron qaimə və elektron vergi hesab-fakturası əsasında satılmış və dəyəri bank köçürməsi yolu ilə əldə edilən əməliyyatlar şübhə altına alınaraq əsassız vergi məbləğləri hesablanmışdır. Şəffaflığa xidmət edən elekton qaimə, elektron vergi hesab-fakturası, ƏDV sub uçot hesabı və bank köçürmələri ilə təsdiq olunmuş satış əməliyyatları olduğu halda mütəxəsis rəyinə əsasən, enerji xərcləri əsas götürülməklə mənfəət və ƏDV-nin vergitutma obyektinin müəyyən edilməsi qaydası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. İddiaçı bu səbəblərdən cavabdehin xx.xx.2020-ci il tarixli **********199051 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarını qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi X4 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində 11 nömrəli Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********193848 nömrəli qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Keçirilən yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən mənfəət vergisinin 2016-cı il üzrə 555,86 manat, 2017-ci il üzrə 49149,58 manat, 2018-ci il üzrə 12008,04 manat olmaqla ümumilikdə 61713,48 manat, əlavə dəyər vergisinin 2017-ci il üzrə 30069,06 manat, 2018-ci il üzrə 16875,79 manat olmaqla ümumilikdə 46944,85 manat, əmlak vergisinin 2016-cı il üzrə 0,90 manat, 2017-ci il üzrə 282,98 manat, 2018-ci il üzrə 550,63 manat olmaqla ümumilikdə 834,51 manat azaldılması aşkar edilmişdir. Ona görə də vergi ödəyicisinə ümumilikdə yoxlanılan dövr üzrə 109492,84 manat əlavə vergi məbləğinin hesablanması, vergilərin azaldılmasına görə 50042,56 manat, vergi hesabatını vergi məcəlləsi ilə müəyyən edilmiş müddətdə təqdim etməməyə görə 80 manat olmaqla ümumilikdə 50122,56 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********199051 nömrəli qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, yoxlama materiallarına əsasən xx.xx.2020-ci il tarixli ekspert rəyində 2017-ci il üzrə 77886,6 ton məhsul istehsalından 473488,35 manat (ƏDV ilə birlikdə) gəlir əldə olunduğu qeyd edilmişdir. Lakin MMC-nin təqdim etdiyi bəyannamədə ümumi gəlir 715053,49 manat (ƏDV-siz) əks etdirilmişdir. Rəydə 2018-ci ilin 6 ayı üzrə 40684,6 ton məhsul istehsalından 247327,95 (ƏDV ilə birlikdə) manat gəlir əldə olunduğu qeyd olunmuşdur. Lakin MMC-nin təqdim etdiyi bəyannamədə ümumi gəlir 332610,89 (ƏDV-siz) manat əks etdirilmişdir. Göründüyü kimi rəydə əksini tapmış məhsul istehsalından əldə edilmiş gəlirdən daha çox gəlir əldə edilərək MMC tərəfindən vergi orqanına bəyan edilmişdir. Lakin rəyə əsasən yoxlayıcı tərəfindən müəyyən edilmiş və yoxlama aktında əksini tapmış azaldılmış ümumi gəlir məbləğinin mənbəyi məlum deyil. Ekspert rəyində iddaçı cəmiyyət tərəfindən istehsal olunmuş qum-çınqılın istehsal olunduğu yerdəki topdansatış qiymətləri götürülmüşdür. Lakin iddiaçı cəmiyyət tərəfindən qum-çınqılın satıldığı vergi ödəyicilərinə verdiyi elektron vergi hesab-fakturalar və elektron qaimə-fakturalar yoxlanarkən məlum omuşdur ki, məhsulların alıcısı olan müəssisələrin istehsal obyektləri Bakı şəhərində yerləşməklə məhsullar alıcı müəssisələrə iddaçı cəmiyyət tərəfindən daşınaraq onların istehsalat obyektlərində çatdırılmışdır. Odur ki, iddiaçı cəmiyyət tərəfindən istehsal olunmuş 9 ekspert rəyi ilə müəyyən olunmuş məhsulun həcmindən əldə olunan gəlir müəyyən olərkən iddiaçı cəmiyyətin özü tərəfindən elektron qaimə-fakturalarda göstərilən satış qiymətlərinə əsasən hesablamalar aparılmışdır. Odur ki, iddiaçının bu iddiası tamamilə əsasssızdır və iş materialları ilə təkzib olunur. Cavabdehin nümayəndəsi iddiaçının ƏDV üzrə hesablanmış əlavə vergi məbləğinin həqiqəti əks etdirməyən hesab etməsi ilə bağlı isə bildirmişdir ki, iddiaçının bu nəticəyə gəlməsinə onun ümumi gəlirinin ekspert rəyinə uyğun olmadığı barədə gəldiyi yanlış nəticə səbəb olmuşdur. Belə ki, ekspert rəyi ilə müəyyən olunmuş istehsal həcminə və iddiaçı cəmiyyət tərəfindən alıcılara təqdim olunmuş elektron vergi hesabfakturalarında göstərilən məhsul vahidinin satış qiymətinə əsasən hesablanmış ümumi gəlir məbləği iddaçının bəyannamələrində göstərdiyi məbləğdən artıq olduğu üçün iddiaçının ƏDV bəyannamələrində göstərilən ƏDV məbləği ilə səyyar vergi yoxlaması ilə müəyyən edilmiş ƏDV məbləği arasında fərq yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Qanunvericiliyin tələbindən göründüyü kimi hazırkı iş üzrə ƏDV məqsədləri üçün qeydiyyatda olan iddiaçı cəmiyyətin malların təqdim edilməsindən gəliri vergitutma oblektidir və səyyar vergi yoxlaması ilə onun ümumi gəlirinin azaldılması müəyyən edilirsə azaldılmış məbləğə uyğun ƏDV məbləğinin hesablanması qanunvericiliyini tələbidir. Belə ki, iddiaçı cəmiyyət tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalara və elektron vergi hesab-fakturalara əsasən müəyyən olunmuşdur ki, satılmış otsepin 1 tonunun qiyməti 5.70 manat, 10x20 qırmadaşın bir tonunun qiyməti 4.55 manat, 5x10 qırmadaşın 1 tonunun qiyməti isə 4.55 manat, qumun qiyməti isə daşınma ilə birlikdə 10-11 manat göstərilmişdir. Halbuki, istehsal olunmuş qum çınqıl məhsullarının dəyəri hesablanarkən ekspert tərəfindən alıcıya çatdırılma xərcləri nəzərə alınmadan məhsulun yerində topdansatış qiyməti hesablamalarda istifadə olumuşdur. Ona görə də ekspert tərəfindən hesablamalar aparılarkən otsepin 1 tonunun qiyməti 4 manat, qumun 1 tonunun qiyməti 6 manat, bütün ölçüdən olan qırmadaşların qiyməti isə 2.50 manat götürülmüşdür. İddiaçı cəmiyyətin istehsal həcminin düzgün hesablanmaması barədə mövqeyi ilə bağlı cavabdehin nümayəndəsi bildirmişdir ki, ekspert tərəfindən hesablamalar aparılarkən qum-çınqıl karxanasında istifadə olunan doğrayıcı avadanlığın istismara verilmə dövrünün 2003-cü il olması nəzərə alınmış, avadanlığın məhsuldarlığının hesablanması üçün müəyyənləşdirilmiş model -çün verilmiş olan məhsul çıxışının minimumu olan 50 ton/saat göstəricisini əsas götürərək istismar olunduğu 17 il üçün fiziki aşınmaya və köhnəlməyə məruz qalması nəzərə alınmaqla 30% faydalı iş əmsalında azalma hesablanmışdır. Cəmiyyətin yoxlama ilə əhatə olunmuş dövrdə satışa təqdim etdiyi malların növünün müəyyən edilməsi üçün 2017 və 2018 illər ərzində fakturalı satışları təhlil olunmuşdur. Aparılmış təhlilər nəticəsində ümumi satış həcminin 60.8%-ni qırmadaş, 37.1%-ni qum və 2.1%-ni otsep təşkil etmişdir. Həmçinin satışa təqdim olunmuş qırmadaşın ölçüləri və ümumi qırmadaş satışındakı payı faiz nisbəti ilə hesablanmışdır. Aparılmış təhlillər nəticəsində əldə olunmuş göstəricilər aylar üzrə elektrik enerjisinin sərfiyyatına əsasən hesablanmış istehsal həcminə tətbiq olunaraq aylar üzrə hər növ üçün istehsal həcmi müəyyən edilmişdir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunan məlumatlarda vergi tutulan dövriyyə azaldıldığından və vergi öhdəlikləri qanunla nəzərdə tutulmuş qaydada yerinə yetirilmədiyindən vergi orqanı tərəfindən mütəxəssis rəyi və əldə edilmiş digər məlumatlar əsasında vergi tutulan dövriyələrdən hesablanmalı olan vergi məbləğləri vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Eyni zamanda məcəllənin 130.1 maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsaslanaraq hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv oluğunu sübut etmək vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin üzərinə düşür. Bu səbəblərdən iddianın rədd olunmasının xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir (həmin sənədlərin məzmununa istinad edilir): - Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 nömrəli Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında“ xx.xx.2019-cu il tarixli, **********193848 nömrəli qərarı ; - Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 nömrəli Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********193854 nömrəli “Səyyar vergi yoxlaması” aktı; - Azərbarbaycan Respublikası “xxxx“ MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2020-ci il tarixli, MB 13-060 nömrəli ekspert rəyi; - Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 nömrəli Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********199051 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 nömrəli Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində xx.xx.2020-ci il tarixli, **********193854 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 nömrəli Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********199051 nömrəli qərarına əsasən maliyyə sanksiyası üzrə 50.042,56 manat olmaqla ümumilikdə 10.949,84 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması zamanı bazar qiymətinin və istehsal həcminin müəyyənləşdirilməsi üçün “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin müvafiq eksperti yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən ekspert rəyinə əsaslanmışdır. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər, lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan ekspert rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan əlavə Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 nömrəli Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********199051 nömrəli qərar qəbul olunarkən əsassız vergi məbləğləri (ƏDV və.s) hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 nömrəli Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********199051 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1222/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1222/2020
10.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver