Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1222/2025 14.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 65-80% pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əliliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddiasının təmin edilməsi və ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1998-ci ildə Gəncə şəhərində anadan olmuş, ali təhsilli və subaydır, həmçinin, işləmir. xx.xx.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 44 günlük “Vətən müharibəsi”nin iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin birində döyüş tapşırığını yerinə yetirərkən, “Sol baldırın dəlib keçən güllə yaralanması” xəsarəti almışdır. İlkin tibbi yardım göstərildikdən sonra Fizuli Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək burada “Sol baldırın dəlib keçən güllə yarası” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. O, hərbi xidmətini davam etdirmiş, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən evə buraxılmışdır. Hərbi xidmətdən tərxis olunandan çox keçməmiş iddiaçının psixoloji durumunda ciddi dəyişikliklər yaranmağa başlamışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Gəncə Şəhər Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, psixogen simptomla müşahidə olunan psixogen depressiv psixoz” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ona “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, psixogen simptomlarla müşahidə olunan psixogen depressiv psixoz” diaqnozu qoyulmuş və onun sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu bilinmişdir. Eləcə də MHHKnın qərarında müşayiətçiyə zərurətin olduğu bildirilmişdir. Bu minvalla iddiaçının sənədləri ona müvafiq əlillik dərəcəsinin təyin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmiş, DTSERA sənədlərin əlillik dərəcəsi təyin etməkdə yetərli olmadığını bildirərək, iddiaçıya əlillik dərəcəsi təyinatından imtina etmişdir. 11 oktyabr 2022-ci ildə iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi publik hüquqi şəxsin direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və ona “Üzvi mənşəli (müharibə zamanı alınmış kəllə-beyin travması nəticəsində) dissosiativ pozuntu F06.5, Posttravmatik stress pozuntusu” F43.1 diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 23955 nömrəli Xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. MHHK-nın iddiaçı barəsində 21 oktyabr 2022-ci il tarixli yeni Qərarı verilmişdir. Onun xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Gəncə Şəhər Psixiatriya Xəstəxanasında növbəti stasionar müalicə kursundan sonra sənədləri əlillik dərəcəsinin təyin olunması üçün yenidən DTSERA-ya göndərilmiş, DTSERA yenidən ona əlillik dərəcəsi təyin etməkdən imtina etmişdir. İddiaçının sağlamlıq durumu getdikcə pisləşdiyindən, onda yeni psixoloji təzahürlər əmələ gəldiyi üçün müayinə və müalicələrini davam etdirmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X7 Komissiyasında müayinə olunmuş və ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra davamlı, kəskin şəxsiyyət dəyişikliyi” diaqnozu qoyulmuşdur. O, Gəncə şəhər Psixiatriya Xəstəxanasında xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə yenidən müalicə olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası bu dəfə Nazirliyin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 12573 №-İi Xəstəlik haqqında Şəhadətnaməni qüvvədən düşmüş hesab etmiş, əvəzinə xəstəliyi yenidən şəhadətləndirilmiş və bu dəfə MHHK tərəfindən onun barəsində növbəti 09 fevral 2024-cü il tarixli Qərar verilmişdir. İddiaçının tibbi sənədləri, “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra kəskin ağır dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu, Sol baldırın yuxarı 3/1-nin dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı” diaqnozu ilə əlillik dərəcəsi təyinatı üçün yenidən, bu dəfə artıq 3-cü dəfə DTSERA göndərilmişdir. Çox keçmədən imtina yenidən təkrar olunmuş, səbəb isə diaqnozun əlillik təyin etməməsi ilə əsaslandırılmışdır. Müayinə və müalicə sənədlərindən asanlıqla müşahidə etmək olar ki, iddiaçının durumunda baş verən psixi pozuntular bir neçə ildir ki, artan dinamika ilə inkişaf edir. Bu psixoloji pozuntular stress mənşəli olub müalicəyə çətin tabe olan xəstəliklər sırasına aiddir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi xəstəliyin, pozuntuların yüksələn dinamika ilə inkişaf edərək daha kəskin hədd aldığına diqqət yetirməli və xəstəliyin irsiyyət-əsəb xəstəlikləri fonunda yaranmadığını nəzərə almalı idi. İddiaçı hesab edir ki, cavabdehin ona əlillik dərəcəsi təyin etməkdən imtinası əsassızdır və onun sağlamlıq durumu ilə bağlı əsl mənzərəni əks etdirmir. İddiaçını müayinə edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin direktoru Tibb elmləri doktoru, professor Fuad İsmayılov, Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyası və eləcə də onun barəsində əvvəlcə verdiyi üst-üstə 2 Qərarını qüvvədən düşmüş hesab edən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası psixi xəstəliklərin artan dinamikasını, onun yeni təzahürlərini müşahidə etmiş və öz mövqelərini bildirmişlər. Əvəzində isə Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Ekspert Komissiyası bu dəyişiklikləri, xəstəliyin inkişaf dinamikasını müşahidə etmədilər. İddiaçı hesab edir ki, o, bir vətəndaş kimi sosial müdafiə hüququna malikdir. Bu hüquqlar onun normal şəraitdə yaşamaq, işləmək və gələcək təminatı ilə bağlı hüquqlarıdır. Bu gün onun sağlamlıq durumu işə götürülməsinə imkan vermir. Heç bir fiziki və hüquqi şəxs onunla əmək müqaviləsi bağlamır. Onun sosial təminatı 80 manat məbləğində olan veteran puludur. İddiaçının xəstəliyi onu nə ixtisası nə də ki, təhsili üzrə işə düzəlməsinə heç bir təminat vermir. İddiaçıya qoyulan “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarında əlillik təyin edilən xəstəlik kimi yer almışdır. Eləcə də MHHK-nın onun barəsində verdiyi hər 3 qərarında müşayiətçiyə ehtiyacın olduğu bildirilir. İddiaçı hazırda X3 müalicəsini davam etdirir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1222/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1222/2025 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1222/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 65-80% pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əliliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Diaqnoz: Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu. Ağırlaşma ayağın iki və daha artıq barmağının travmatik amputasiyası, sol ayağın İ, İİ barmaqlarının əsas falanqadan, İİİ barmağın proksimal falanqadan, İV barmağın orta falanqadan travmatik amputasiyasından sonrakı vəziyyət. Oynaqların kontrakturası, sol aşıq daban oynağının kontrakturası. Hipertrofik çapıq, sol aşıq daban oynağı nahiyəsində ağrılı kelloid çapığı Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi. İşin halları xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya, Postravmatik stress pozuntusu. Psixotik simptomlarla gedən psixogen depressiv psixoz” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə şikayətə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Psixogen simptomlarla müşahidə olunan ağır dərəcəli depressiya, depressiv psixoz. Posttravmatik stress pozuntusu” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2872 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Məmmədov X6 tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı, kəskin şəxsiyyət dəyişikliyi. Üzvi patologiyanı təsdiq etmək məqsədilə ətraflı müayinə tövsiyyə olunur. F62.0 Mərkəzi Hərbi Həkim Komissiyasının 09 fevral 2024-cü il tarixli 1216 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu. Sol baldırın yuxarı 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müraciət tarixi xx.xx.2023 - F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müraciət tarixi xx.xx.2023 - F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müraciət tarixi xx.xx.2023 - F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müraciət tarixi xx.xx.2023 - F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, müraciət tarixi xx.xx.2024 Stasionar müalicə aldığı müəssisələr: X11 – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2024, diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi MN MHP – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi Həkim müayinəsinin nəticəsi: F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, danışıq əlaqəsinə əsəbi qoşulur, verilən suallara acıqlı cavablar verir. Söhbət zamanı daha da qəzəblənir, səbəbsiz mübahisə edir. Emosional dayanıqsızıdır. Ətrafdakılarla yola getmir, daima münaqişələr, konfliktlər yaradır. Hövsələsiz, aqressivdir. Əhval ruhiyyə fonu enikdir, ruh düşkünlüyü müşahidə edilir. Həyatdan bezdiyini, yaşamaq istəmədiyini deyir. Depressivdir. Meyl və maraq dairəsi sıxılıb, ətrafda baş verənlərlə maraqlanmır, ailəsinə qarşı laqeyd, biganədir. Diqqəti öz daxili həyəcanlarına yönəlib. Özünə qapanıqdır, günlərlə çarpayıdan durmur, bəzən öz özünə danışır. Yaddaşı zəifləyib, yeni məlumatları yadında saxlamaqda çətinlik çəkir. Yuxusu pozulub, gecələr yatmır. (müayinə tarixi xx.xx.2024) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F62, Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan, Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri - Ağırlaşma F62.0, Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət ( İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu” Diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (diaqnozun təsdiqlənməməsi barədə qərar qəul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X9-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş 18.03.24-cü il tarixli göndərişə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə
7. Psixi və davranış pozuntuları 7.7. Spesifik şəxsiyyət pozuntuları 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi - F62.0 Qiymətləndirmə 7.7.1.2. bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması - 65-80% - 2 il
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Həmçinin iddia müddəti bərpa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.7.1-ci yarımbəndində fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi- F62.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.7.1.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1216 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı, kəskin şəxsiyyət dəyişikliyi. F62.0” diaqnozu qoyulmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının 09 fevral 2024-cü il tarixli 1216 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirtdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu. Sol baldırın yuxarı 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapığı” diaqnozu qoyulmuşdur. Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət ( İİ Qarabağ müharibəsi) keçirdikdən sonra kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət pozuntusu F62.0” ağırlaşma diaqnozu qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumat üzrə xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, danışıq əlaqəsinə əsəbi qoşulur, verilən suallara acıqlı cavablar verir. Söhbət zamanı daha da qəzəblənir, səbəbsiz mübahisə edir. Emosional dayanıqsızıdır. Ətrafdakılarla yola getmir, daima münaqişələr, konfliktlər yaradır. Hövsələsiz, aqressivdir. Əhval ruhiyyə fonu enikdir, ruh düşkünlüyü müşahidə edilir. Həyatdan bezdiyini, yaşamaq istəmədiyini deyir. Depressivdir. Meyl və maraq dairəsi sıxılıb, ətrafda baş verənlərlə maraqlanmır, ailəsinə qarşı laqeyd, biganədir. Diqqəti öz daxili həyəcanlarına yönəlib. Özünə qapanıqdır, günlərlə çarpayıdan durmur, bəzən öz özünə danışır. Yaddaşı zəifləyib, yeni məlumatları yadında saxlamaqda çətinlik çəkir. Yuxusu pozulub, gecələr yatmır. Məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının şəxsiyyətin davamlı dəyişikliyi- F62.0 meyarı üzrə son bir il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almasına baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntusu qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının 09 fevral 2024cü il tarixli 1216 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.2-ci bəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Mirqamət Sadıq oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva