Məhkəmə qərarları › İş №2-1(114)-1223/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1223/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1223/2022 16.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixli 40602 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qərarın ləğvi və ailə başçısının itirilməsinə görə təyin olunmuş pensiyanın bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixli 40602 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(114)-1223/2022 nömrəli qərardad ilə iddiaçının nümayəndəsinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixli 40602 nömrəli qərarın ləğv edilməsi barədə iddia tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sağlamlıq imkanları doğuşdan məhduddur və ona iyirmi ildən artıq müddətdir ki, ikinci dərəcə əlilliyə görə sosial müavinət təyin olunmuşdur. 2015-ci ildə atası X4 vəfat etdikdən sonra qanunamüvafiq olaraq ailə başçısını itirməyə görə əmək pensiyası almışdır. Lakin 2021-ci ilin sentyabr ayından halhazıradək heç bir əsas göstərilmədən müavinəti dayandırılmış və ondan artıq ödənilmiş müavinətin geri qaytarılması tələb edilmişdir. Altı aydır dərmanlarını ala bilmir. Həmçinin çörək almağa belə imkanı yoxdur. Hazırki tələblə bağlı aidiyyatı üzrə etdiyi müraciətlərin heç bir nəticəsi olmamışdır. Qanunamüvafiq qayda da təyin edilmiş əlillik müavinətinin dayandırılmasını qanunsuz və əsassız hesab edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli 40602 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1.3-cü maddəsinə əsasən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslər ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdir. Lakin iddiaçıya 18 yaşadək sağlamlıq imkanlarının məhdudluğunu təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının arayışı olmadığı təqdirdə xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ailə başçısını itirməyə görə əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. Nəticədə 17512.76 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Mərkəzi Filialın artıq ödənilmiş pensiya məbləğinin tutulması haqqında xx.xx.2021-ci il tarixli 40602 nömrəli qərarına əsasən artıq ödənilmiş məbləğ İddiaçı İİ dərəcə əlililliyə görə təyin edilmiş müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa ediləcəkdir. Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli 40602 nömrəli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş 17512.76 manat məbləğin bölünərək ona İİ dərəcə əlilliyə görə təyin edilmiş müavinətdən tutulmaqla Fondun hesabına bərpa edilməsi müəyyən edilmişdir. İddiaçı «artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə qərarın ləğv edilməsi və ailə başçısını itirməyə görə təyin olunmuş pensiyanın bərpa edilməsi»nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubu, xx.xx.2021-ci il tarixli, 40602 nömrəli qərarı, xx.xx.2022-ci il tarixli, **********8 nömrəli və xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubları, iddiaçıya məxsus doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətləri, ambulator kitabçadan çıxarış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etirazı təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.1999-cu il tarixdən (19 yaşında) İİ dərəcə əlilliyi müəyyən olunaraq ona İİ dərəcə əlilliyə görə müavinət və 2015-ci il tarixdə iddiaçının atası vəfat etdiyi üçün ona xx.xx.2015-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdən iddiaçının pensiyası dayandırılaraq xx.xx.2021-ci il tarixli 40602 nömrəli qərarla artıq ödənilmiş məbləğin iddiaçının İİ dərəcə əlilliyə görə təyin edilmiş müavinətindən tutularaq Dövlət Sosial Müdafi Fondunun hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlərdən müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığı olmamış, birbaşa qərar qəbul etmək səlahiyyəti olmadan cavabdeh tərəfindən hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə məlumat verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixli 40602 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının «artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında» xx.xx.2021-ci il tarixli, 40602 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının «artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında» xx.xx.2021-ci il tarixli, 40602 nömrəli ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar