Məhkəmə qərarları › İş №2-1(114)-1223/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1223/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1223/2023 06.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X3, üçüncü şəxs"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət) daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin paylı mülkiyyətində olan qeyriyaşayış binasının dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən qeyri-yaşayış binası iddiaçının və X1 paylı mülkiyyətində olmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçıya məlum olmuşdur ki, onun məlumatı və razılığı olmadan F.Qocayev öz payını "xxxx" MMC-nin mülkiyyətinə keçirmişdir. Cavabdehə həmin qeydin ləğv edilməsi barədə müraciət etsə də imtina cavabı verilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. İddiaçının nümayəndəsi X5 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mərhum X1 payının iddiaçıya satılması barədə aralarında qiyabi razılaşma olmasına baxmayaraq sonuncu iddiaçının xəbəri olmadan öz payını hüquqi şəxsin mülkiyyətinə keçirmişdir. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil2 bildirmişdir ki, payın hüquqi şəxsin adına keçirilməsi mülki məsələ olduğundan reyestr qeydiyyatı passiv hərəkətdir. Ona görə də hazırki iddia inzibati məhkəmə icraatının predmeti hesab edilmir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası İddiaçı və X1 paylı mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət 0.195 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası İddiaçı və "xxxx" MMC-nin paylı mülkiyyətinə verilmişdir. -qeyd olunan çıxarışın verilməsinə əsas olmuş, surəti işə əlavə edilmiş "xxxx" MMCnin təsisçisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarın məzmunundan görünür ki, təsisçi Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən əmlakın öz payına düşən hissəsini MMC-nin nizamnamə kapitalında əmlak payı kimi qeydə alınmasını qərara almışdır. - Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmşdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə həmçinin hazırki mübahisənin inzibati məhkəmə icraatının predmeti olmaması ilə bağlı üçüncü şəxsin vəkilinin arqumentlərinə qiymət verərək, qeyd edir ki, mübahisələndirilən qeydiyyat X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar əsasında aparılmışdır və həmin qərar öz-özlüyündə əhəmiyyətsiz əqd olmaqla tərtibatı mülki hüququn tələblərinə söykənmir, eyni zamanda inzibati-hüquqi mübahisənin predmeti deyildir. Hazırki mübahisə cavabdeh inzibati orqanın qanunla müəyyən edilmiş müvafiq sənədlər və əsaslar olmadan daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparmasından yaranan faktiki xarakterli hərəkətləri ilə bağlı olmaqla İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddiadır. İş materialları ilə müəyyən olunur ki, Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m sahədən ibarət qeyri-yaşayış binası və 0.195 ha torpaq sahəsi iddiaçının və X1 paylı mülkiyyətində olmuş, X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar əsasında əmlak xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla iddiaçının və “Şəfa Vannaları MMC-nin paylı mülkiyyəti kimi qeyd edilmişdir. Hazırda iddiaçı sözügedən qeydi mübahisələndirir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:- -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi sadalanan əsasların dairəsində hüquqi şəxsin təsisçisinin hər-hansı qərarı öz əksini tapmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. -218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. -218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. -218.4. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir. -218.5. Bu maddənin qaydaları pay dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirildikdə də tətbiq edilir. Göründüyü kimi cavabdeh orqan ümumi birgə mülkiyyətdə olan əmlak payının digər şəxsin adına qeydə alarkən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini də nəzərə almamışdır. Bu hal isə qeyd olunan payın müvafiq reyestrdə qeydiyyatının ləğv edilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı X2 adına aparılmış ********** nömrəli, xx.xx.2013-cü il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Naftalan şəhəri, Şirvan prospekti 31 ünvanda yerləşən 871.6 kv.m qeyri-yaşayış binası və 0.195 ha torpaq sahəsindən ibarət əmlakın X1 mülkiyyətində olan pay hissəsinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində “X7 Məsuliyyətli Cəmiyyətin adına aparılmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar