Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1225/2020 04.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdehnə (üçüncü şəxs X7) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair inzibati işə baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdehnə (üçüncü şəxs X7) qarşı məhkəməyə müraciət edərək üçüncü şəxs X5 ticarət obyekti tikmək üçün Cavabdeh başçısı tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 77 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək Cavabdeh başçısı tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 77 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X7 tərəfindən “Qaz İxrac” X4 X8 istismarında olan "Goranboy QPS qolu" (0,325mm, yeraltı) magistral qaz kəmərinin Goranboy rayonu, Kəpənəkçi kəndinin ərazisindən keçən hissəsində, Goranboy-Goran şosse yolunun sağ tərəfində kəmərdən 21 metr məsafədə, yəni qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikiliyə-ticarət obyektinə dair Cavabdeh başçısı tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli 77 saylı sərəncam aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarının tələblərini ciddi surətdə pozmuşdur. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” nın 2.11-ci bəndinə əsasən Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan tikinti işlərinin aparılması qadağandır, həmçinin 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərə torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla (hüquqi şəxslərlə) razılaşdırılır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000 -ci il tarixli 356 saylı Fərmanında əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatında şəhər (rayon) İcra hakimiyyəti orqanlarına qaz kəməri keçən ərazilərdə tikililərin aparılması hallarının qəti şəkildə qarşısının alınması tapşırılmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X7 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, həmin torpaq sahəsini 2018-ci ildə almışdır və 75 sot torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsini hasarlamışdır və hazırda mübahisələndirilən tikili hasardan 25 km, hasar isə borudan 10 km aralıda yerləşir. Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 77 nömrəli sərəncamından sonra mübahisəli tikiliyə dair tərəfindən müvafiq orqanların rəyi alınmış və tikinti işlərinə başlanılmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Üçüncü şəxsin vəkili X6 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək üçüncü şəxslə eyni məzmunlu izahat vermiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan; - “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan və xx xxxxxx 2017-ci il tarixli, A 229384 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən məlum olur ki, Goranboy şəhəri, Goranboy-Goran yolunun sağ tərəfində yerləşən 0,75 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə xx.xx.2018-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. - Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 77 nömrəli sərəncamının təsdiqlənmiş surətindən görünür ki, X5 ehtiyyat fondu torpaqlarından 0,75 ha torpaq sahəsinn 1324,96 kv.m-də sahibkarlıq məqsədilə tikinti aparılmasına icazə verilməsi qərara alınmışdır. - Cavabdeh xx xxxx 2018-ci il tarixli, 14 nömrəli “Tikintiyə icazə barədə” xüsusi nişanın və obyektin tikintisinə icazənin surətlərindən görünür ki, X5 Goranboy şəhəri,Goranboy-Goran yolunun sağ tərəfində 0,75 ha torpaq sahəsində ümumi sahəsi 1617,45 kv.m qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx xxx 2019-cu il tarixli, 27253 nömrəli rəyinin surətindən görünür ki, “Goranboy rayonu, Boluslu kəndində sahibkarlıq obyekti” üzrə tikinti layihəsi razılaşdırılmışdır. - Cavabdeh başçısı aparatının xx xxx 2020-ci il tarixli, C-170 nömrəli məktubundan görünür ki, torpaq sahəsinə dair hüquqi sənəd olduğundan, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/1444 nömrəli ekspert rəyinin təsdiqlənmiş surətindən görünür ki, Goranboy rayonu, Kəpənəkçi kəndi ərazisində X7 tərəfindən aparılan tikinti işləri “Qaz İxrac” X4 X8 balans və istismarında olan diametri 325 mm-lik yüksək təzyiqli “Goranboy QPS” qolu qaz kəmərindən 21 metr məsafədə yerləşdiyindən, həmin tikililərin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində göstərilən 50,0 m-lik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü müəyyən etmə və ya tanınma haqqında iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi üçüncü şəxs X5 ehtiyyat fondu torpaqlarından 0,75 ha torpaq sahəsinin 1324,96 kv.m-də sahibkarlıq məqsədilə tikinti aparılmasına icazə verilməsinə dair Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 77 nömrəli sərəncamını mübahisələndirərək etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13. maddəsinə əsasən real hüquqi yardım olunaraq iddianın daha uğurlu iddia növü – mübahisələndirilmə haqqında iddia ilə əvəz edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi ərizə təqdim edərək Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 77 nömrəli sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmeti Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 77 nömrəli sərəncamın etibarsızlığıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 2.2.5. maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati icraat qaydasında baxılır. 36.1. maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Göründüyü kimi İPM-də müəyyən etmə haqqında iddianın üç növü- 1. hər hansı bir hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması, 2. hər hansı bir inzibati aktın etibarsızlığının tanınması, 3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması təsbit edilmişdir. İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halıdır. Onlar arasındakı fərq ondan ibarətdir ki, inzibati aktın etibarsızlığının tanınmasına dair iddiada məhkəmənin müəyyənləşdirməsi birbaşa inzibati aktın etibarsızlığı ilə bağlı olur və inzibati aktın etibarsızlığının tanınmasına dair iddia o halda əsaslı sayılır ki, inzibati akt «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsinə əsasən etibarsız olsun. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65.1. maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2. maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə qeyd edir ki, hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Mübahisələndirilən sərəncamdan məlum olur ki, inzibati orqan tərəfindən səlahiyyətinə uyğun olaraq 0,75 ha torpaq sahəsinin 1324,96 kv.m-də sahibkarlıq məqsədilə tikinti aparılmasına icazə verilməsi barədə inzibati akt qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra Şəhərsalma və Tikinti Məcəlləsi) 5. maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: - ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur və həmin icazənin verilməsinin ümumi qaydaları adıçəkilən qanunvericiliklə tənzimlənir. Həmin Məcəllənin 75.1. maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.4. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.8. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 75.11. maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 4.11-ci bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir: (4.11.11.5) “memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; (4.11.12) müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək. Göründüyü kimi inzibati orqan tərəfindən səlahiyyətinə uyğun olaraq RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış 0,75 ha torpaq sahəsinin 1324,96 kv.m-də sahibkarlıq məqsədilə tikinti aparılmasına icazə verilmiş, sərəncamda konkret olaraq tikintinin yerləşmə yeri müəyyən edilməmiş, sifarişçiyə- tikiləcək binanın layihə-smeta sənədləri memarlıq və tikinti şöbəsi ilə razılaşdırılması, işçi lahiyə-smeta sənədləri tam tərkibdə qeydiyyata alınmaq üçün memarlıq və tikinti şöbəsinə təqdim edilməsi, tikinti nəzərdə tutulan ərazi rayonun müvafiq təşkilatlarla razılaşdırılması, tikinti quraşdırma işləri Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması, tikinti müddətində və gələcək istismar dövründə ərazinin sanitar vəziyətinin normalara uyğun qoruyub saxlaması, tikinti quraşdırma işləri başa çatdıqdan sonra işçi lahiyə-smeta sənədləri İcra Hakimiyyətinin başçıs yanında tikintisi başa çatmış obyektlərin istismara qəbulu komissiyasına təqdim edilməsi tapşırılmışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində nəzərdə tutulan inzibati aktın etibarsız hesab edilməsi halı müəyyən edilmədiyindən iddia tələbinin təmin olunması və Cavabdeh başçısı tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 77 nömrəli sərəncamın etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdehnə (üçüncü şəxs X7) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1225/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1225/2020
04.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver