Məhkəmə qərarları › İş №2-1(114)-1225/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1225/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1225/2025 08.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Kiçik Qaramurad kənd mağazasında işlədiyi dövrün əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında xx.xx.1996cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətini əks etdirən sosial sığorta stajının sosial sığorta stajına hesablanılmaqla, yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuş və hal-hazırda orada qeydiyyatda olmaqla, həmin ünvanında yaşayır. xx.xx.2012-ci il tarixdə həmin vaxtı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, TSEK tərəfindən ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və 2021-ci ilin noyabr ayının 15-nə kimi əlil kimi pensiya almışdır. xx.xx.2021-ci il tarixdən əlil kimi pensiyası dayandırılmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, xx.xx.2024-cü il tarixdə yaşı 63 il, 6 ay olduğuna görə, yaşa görə pensiya almaq hüququ yarandığından şəxsiyyət vəsiqəsi, əmək kitabçası, eləcə də digər lazımi sənədlərini toplayıb Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, cavabdeh orqan ona 14 iyun 2024-cü il tarixdə, 3- 17-1/2-1-141467/2024 saylı imtina məktubu ilə bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı onun pensiya işində olan sənədləri araşdırarkən müəyyən edilmişdir ki, onun yalnız Gəncə İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarına əsasən sığorta stajı 18 il təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən, xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Onun əmək kitabçasının surətində qeyd olunanların mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixdən, xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı X3 xx.xx.2024-cü il tarixli müvafiq aktına əsasən, əmək kitabçasının surətində qeyd olunmuş Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik-Qaramurad kənd mağazasında xx.xx.1996cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti zamanı işə daxilolma və işdənçıxma qeydlərində onu adında uyğunsuzluq aşkarlanmışdır (xx.xx.1996-cı il tarixli 56 nömrəli sərəncamla Şərvani adı ilə işə qəbul edilməsinə baxmayaraq xx.xx.2004-cü il tarixli 8 nömrəli sərəncamla Şərabani kimi qeyd edilərək işdən azad edilmişdir). Həmçinin, Gədəbəy rayon Kooperativ Cəmiyyətinin əmək haqqı cədvəlləri aşkar edilmədiyi üçün iddiaçının əmək haqqı alıb-almadığını araşdırmaq mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbəri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. O, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialının həmin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, əvvəla onun Gəncə İnzibati Məhkəməsinin qərarı ilə sosial sığorta stajı 18 il deyil, 19 il müəyyən edilmişdir. Bundan əlavə iddiaçının Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik- Qaramurad kənd mağazasında xx.xx.1996-cı il tarixdən, xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətinin cavabdeh orqan tərəfindən sığorta stajına hesablanmaması, Konstitusiyaya, insan haqlarına, eləcə də onun ədalətli pensiya almaq hüququna tamamilə ziddir. Belə ki, həqiqətən də o, həmin kooperativdə işləmiş, hər ay əmək haqqı almışdır. Bu onun iddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının surətindən də tam təsdiq olunur. Cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur. O, hesab edir ki, cavabdeh orqan qərəzli olaraq onun 7 ildən artıq sosial sığorta stajını nəzərə almır. Ona görə də iddiaçının hüquqlarını bərpa etmək üçün məhkəmədə iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Yuxarıda qeyd olunan əsas və səbəblərə görə o, hesab edir ki, Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik-Qaramurad kənd mağazasında xx.xx.1996-cı il tarixdən, xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətini əks etdirən sosial sığorta stajı nəzərə alınmaqla, xx.xx.2024cü il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialının üzərinə qoyulması barədə ədalətli qərar çıxarılmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1225/2025 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Kiçik Qaramurad kənd mağazasında işlədiyi dövrün əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı Ş.X11 daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-1414677/2024 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərin surətlərinə əsasən, İddiaçı sığorta stajı qanunla nəzərdə tutlandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının pensiya işində olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına əsasən, sığorta stajı 18 il təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən, bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı X3 xx.xx.2024-cü il tarixli müvafiq aktına əsasən, əmək kitabçasının surətində qeyd olunmuş Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik- Qaramurad kənd mağazasında xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti zamanı işə daxilolma və işdənçıxma qeydlərində adında uyğunsuzluq aşkarlanmışdır. (xx.xx.1996-cı il tarixli 56 nömrəli sərəncamla Şərvanı adı ilə işə qəbul edilməyinə baxmayaraq xx.xx.2004-cü il tarixli 8 nömrəli sərəncamla Şərabani kimi qeyd edilərək işdən azad edilmişdir). Gədəbəy rayon Kooperativ Cəmiyyətinin əməkhaqqı cədvəlləri aşkar edilmədiyi üçün İddiaçı əməkhaqqı alıb-almadığını araşdırmaq mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X14 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. NT-İ ******* nömrəli əmək kitabçasına əsasən X6 xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Kiçik-Qaramurad kənd mağazasında satıcı işləmişdir. xx.xx.2004-cü il tarixli AZ-İ 104335 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X6 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə İsayev, arvada İsayeva soyadı verilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)133-2014 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, İddiaçı 1977-1995-ci illərdə sabiq “Sovet Ukraynası” adına sovxozda işləməsi müəyyən edilmiş, İddiaçı 1977-1995-ci illərdə sabiq “Sovet Ukraynası” adına sovxozda fəhlə işlədiyi illərin onun əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Republikası Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarına əsasən, sosial müavinət alır. Əmək haqqı cədvəlləri aşkar edilmədiyindən və ad uyğunsuzluğu olduğundan xx.xx.1996-xx.xx.2004-cü illərin sığorta stajına daxil edilməməsi səbəbi ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 xx.xx.2024-cü il tarixli aktından görünür ki, İsayeva (Ələkbərova) Şərvanı Novruz qızının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında işləməsi faktı Gədəbəy rayon Kooperativ Cəmiyyətində qarşılıqlı araşdırılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, Gədəbəy rayon Kooperativ Cəmiyyətinin əmr kitabına əsasən, şəxsin xx.xx.1996-cı il tarixli 36 nömrəli sərəncam ilə Kiçik Qaramurad kənd mağazasına adı Şərvanı kimi qeyd edilməklə yəni X2 olmaqla satıcı təyin edilmişdir. xx.xx.2004-cü il il tarixli, 8 nömrəli sərəncam ilə adı Şərabanı kimi qeyd edilməklə yəni X4 öz xahişi ilə işdən azad edilmişdir. Gədəbəy rayon Kooperativ Cəmiyyətinin əmək haqqı cədvəlləri aşkar edilmədiyindən əmək haqqı məlumatlarının yoxlanılması mümkün olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli sosial müavinətlər üzrə qərarına əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində müavinət təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubda cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd olunanlar öz əksini tapmışdır. Azərbaycan Respublikası Mərkəzi Kooperativlər İttifaqı “Azərİttifaq” Gədəbəy Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X8 həqiqətən 30 dekabr 1996-cı il tarixdə 56 nömrəli sərəncam ilə Gədəbəy Rayon Kooperativ Cəmiyyətinin Kiçik-Qaramurad kənd mağazasına satıcı təyin edilmiş və 17 iyun 2024-cü il tarixdə işdən azad edilmişdir. Satıcıların əmək haqqı etdiyi pərakəndə satış dövriyyəsi ilə hesablandığına görə ona əmək haqqı hesablanmamışdır. xx.xx.1996-cı il tarixli 56 nömrəli və xx.xx.2004-cü il tarixli 08 nömrəli sərəncamlara əsasən, müvafiq olaraq X1-Qaramurad kənd mağazasına satıcı təyin edilmiş və işdən azad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:

Kişilərin yaş Qadınların yaş Dövr həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il

Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür)

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndində görə, 1 iyul 2023 - 30 iyun 2024-cü illər arasındakı dövr üzrə qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 63 il 6 aydır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla xx.xx.2024-cü il tarixdə yaşı 63 il 6 ay olmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)133-2014 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, İddiaçı 1977-1995-ci illərdə sabiq “Sovet Ukraynası” adına sovxozda işləməsi müəyyən edilmiş, İddiaçı 1977-1995-ci illərdə sabiq “Sovet Ukraynası” adına sovxozda fəhlə işlədiyi illərin onun əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Republikası Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Qeyd olunan qərara əsasən iddiaçının 18 il əmək stajı müvcuddur ki, bu hal cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Kiçik-Qaramurad kənd mağazasında satıcı işlədiyi dövr mübahisələndirilir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının mötəbərliyinə şübhələrin olmasını qeyd edərək araşdırma aparmış, iddiaçının işdən azad olma əmrində adının Şərəbani yazıldığı və əmək haqqı alması barədə məlumat olmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsini mümkün hesab etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinin 1-ci hissəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh inzibati orqan əmək kitabçasının mötəbərliyinə şübhələrin olmasını bildirsə də, həmin şübhələrin nədən ibarət olmasını göstərməmişdir. Ona görə də məhkəmə hesab edir edir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında işləməsi onun əmək kitabçası ilə müəyyən olunmalıdır. Həmçinin iddiaçının işdən azad olunması barədə sərəncamda adının səhvən Şərəbani yazılması onun həmin mağazada işləmədiyi anlamına gəlmir. Belə ki, iddiaçının işə qəbul sərəncamında adı düzgün qeyd edilmiş, bu isə iddiaçının həmin mağazada satıcı təyin edilərək işləməsi halını müəyyən edir. Digər tərəfdən iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Gədəbəy rayon Kooperativ Cəmiyyətinin Kiçik Qaramurad kənd mağazasında satıcı işlədiyi dövrdə əmək haqqı alıb-almaması barədə məlumatın olmaması həmin dövrün iddiaçının əmək stajına hesablanmasını istisna etməməlidir. Ona görə də xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək olan 7 il 5 ay 16 gün iddiaçının əmək stajına hesablanmalıdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(84)133-2014 nömrəli qərarına əsasən, iddiaçının sığorta stajına daxil edilən 18 ilə iddiaçının Kiçik Qaramurad kənd mağazasında işlədiyi 7 il 5 ay 16 gün əlavə olunmaqla İddiaçı ümumi əmək stajı 25 il 5 ay 16 gün təşkil edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Kiçik Qaramurad kənd mağazasında işlədiyi dövr əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək Kiçik Qaramurad kənd mağazasında işlədiyi dövr əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar