Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1226/2023 28.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, NA00005326 nömrəli qərarının ləğv edilməsi, ona verilmiş Ukrayna Respublikası Xerson Dövlət Universitetinin bakalavriat (əyani) pilləsi üzrə diplomunun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə Ukrayna Respublikasında yaşamış, 2012-ci ildə Luqansk vilayətinin Antrasitivski rayon orta məktəbini bitirdikdən sonra Xerson Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmuş, 2016-cı ildə həmin fakültənin ingilis dili və dünya ədəbiyyatı müəllimi ixtisası üzrə tam əyani kursu bitirmişdir. Təhsil aldığı dövrdə hər ildə bir dəfə tətil zamanı atası ilə birlikdə atasına məxsus avtomobillə Gürcüstan Respublikasının ərazisindən keçərək Azərbaycana gəlib qayıtmışdır. Buna baxmayaraq cavabdeh onun təhsil aldığı dövlətdə qanunla müəyyən edilmiş müddətdən az olmasını əsas gətirərək diplomunun tanınmasından imtina etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Ukrayna Respublikası Xerson Dövlət Universitetinin bakalavriat pilləsi üzrə diplomunun tanınması barədə” iddiaya dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. X2 bildirmişdir ki, iddiaçının atasıdır, 2010-cu ildən ailəsi ilə birlikdə Ukrayna Respublikasının Xerson şəhərində yaşayır, qızı Aişə də onunla yaşamışdır. 2012-1016-cı illərdə qızı həmin şəhərdə yerləşən Universitetdə oxumuşdur. Qızı və digər ailə üzvləri ilə birlikdə özünə məxsus avtomobillə hərdən Azərbaycana gəlib qayıtmışlar, həmişə Gürcüstan Respublikasından keçməklə gəlib getmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd olunmuşdur ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olmuşdur (2012/2013-cü tədris ili üzrə - 9 ay, 2013/2014-cü tədris ili üzrə - 5 ay, 2014/2015-ci tədris ili üzrə - 4 ay, 2015/2016-cı tədris ili üzrə - 4 ay 13 gün) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının 3.2.2-3.2.4, 3.2.7-ci bəndlərinin və “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının 3.6-3.7-ci bəndlərinin tələbləri baxımından iddia tələbinin rədd edilməsi xahiş edilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, B16 111012 nömrəli diplomdan görünür ki, İddiaçı Ukrayna Respublikası Xerson Dövlət Universiteti tərəfindən Filologiya (İngilis dili və dünya ədəbiyyatı müəllimi) ixtisası üzrə tam kursu bitirdikdən sonra bakalavr ali-peşə ixtisas dərəcəsi verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən alınmış məlumatdan görünür ki, iddiaçı xx.xx.2010-cu ildə Rusiya Federasiyasına çıxış etmiş, xx.xx.2013-cü ildə Gürcüstan Respublikasından Azərbaycana gəlmiş, xx.xx.2014-cü ildə Gürcüstana çıxış etmiş, xx.xx.2015-ci ildə həmin ölkədən giriş, xx.xx.2016-cı ildə çıxış, xx.xx.2016-cı ildə giriş, xx.xx.2016-cı ildə çıxış, xx.xx.2017-ci ildə giriş etmişdir. -Həmin qurum tərəfindən cavabdeh orqana verilmiş məlumatda da iddiaçının eyni tarixlər üzrə giriş və çıxış məlumatları qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı Ukrayna Respublikası Xerson Dövlət Universiteti tərəfindən Filologiya (İngilis dili və dünya ədəbiyyatı müəllimi) ixtisası üzrə tam kursu bitirdikdən sonra ona bakalavr ali-peşə ixtisas dərəcəsi verilmişdir. İddiaçı cavabdeh quruma müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət tədris yükünü yerinə yetirməsi üçün kifayət deyil. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” (13 may 2003-cü il tarixli 64 saylı qərar Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli 34 nömrəli qərarı ilə ləğv edilmiş, yeni qaydalar müəyyən edilmişdir) təsdiq edilmişdir. Sözügedən Qaydaların:- -1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. -1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. -2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. -3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İddiaçının diplomunun tanınmasından onun təhsil aldığı ölkədə olma müddətinin tədris yükünü yerinə yetirməsinin mümkün olmaması səbəbi ilə imtina edilmişdir. İddiaçı ümumvətəndaş pasportunu xx.xx.2016-cı il tarixdə dəyişdiyindən onun Gürcüstan Respublikasından Ukrayna Respublikasına və yaxud digər ölkələrə hərəkəti barədə sübut mövcud olmasa da cavabdeh orqan onun 2012-2016-cı illərdə Ukrayna Respublikasında olmasını etiraf etmişdir ki, bu işin mübahisəsiz halı kimi qiymətləndirilir. Buna baxmayaraq cavabdeh iddiaçının təhsil aldığı ölkədə olma müddətləri ilə bağlı yanlışlığa yol vermişdir. Belə ki, iddiaçının dövlət sərhəddindən hərəkəti ilə bağlı qərarın təsviri hissəsində qeyd edilmiş cavabdehin təqdim etdiyi və məhkəmənin əldə etdiyi məlumatlardan görünür ki, iddiaçı xx.xx.2010-cu ildə Azərbaycandan çıxmış, xx.xx.2013-cü ildə qayıtmışdır. Bu hal iddiaya qarşı etirazda qeyd edilmiş iddiaçının 2012-2013-cü illərdə cəmi 9 ay təhsil aldığı ölkədə olması barədə dəlilinin yanlış olması qənaətinə gəlməyə əsas verir. Həmçinin qeyd edilən məlumatlardan göründüyü kimi iddiaçı xx.xx.2013-cü il tarixdə Azərbaycana gəlsə də xx.xx.2014-cü il tarixdə geri qayıtmış və xx.xx.2015-ci il tarixdə yenidən gəlmişdir ki, bu müddət 1 il olmasına baxmayaraq cavabdeh iddiaçının 2014-2015-ci illərdə cəmi 4 ay təhsil aldığı ölkədə olmasını qeyd etmişdir. Bundan əlavə iddiaçı xx.xx.2016-cı il tarixdə olkədən çıxaraq xx.xx.2016-cı il tarixdə qayıtmasına baxmayaraq (7 aydan artıq) cavabdeh həmin müddəti 4 ay 13 gün kimi nəzərə almışdır. Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iddiaçının təhsil aldığı ölkədə mövcud qanunvericilikdə nəzərdə tutulmuş müddətdən az olması ilə bağlı qənaəti əsassızdır. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalarının: 3.2.2-ci maddəsinə əsasən, ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. -3.2.3-cü maddəsinə əsasən, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü maddəsinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Ukrayna Respublikası Xerson Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, B16 111012 nömrəli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1226/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1226/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver