Məhkəmə qərarları › İş №2-1(114)-1227/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1227/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1227/2023 28.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı vahid aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən hesablanaraq verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 ödənilən vahid aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 2017-ci ilədək müvafiq müavinət ödənilmiş, lakin həmin ildən ayrıca yaşayış sahəsi əldə edilməsi əsası ilə müavinət dayandırılmışdır. Cavabdeh tərəfindən məcburi köçkün olmayan şəxslə ailə qurduğuna görə müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, özünün və arvadının mülkiyyətində ev yoxdur və olmayıb, bacısı X1 mülkiyyətində ev var, lakin bacısı ayrı təsərrüfatda yaşayır və təsərrüfatbaşına kitabda bacısının şəxsi hesab nömrəsi 166, onunku isə 161-dir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AA seriyalı 172426 nömrəli xx.xx.2018-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. -surəti işə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası X4r. - surəti işə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə anadan olmuş, atası İddiaçı, anası X4r. - Cavabdeh başçısının Qılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 27/2 nömrəli məktubunun məzmununda bildirilir ki, İddiaçı Yevlax rayon Kövər kəndində müvəqqəti məskunlaşmışdır, nümayəndəliyin 03 saylı təsərrüfatbaşına kitabının 08-ci səhifəsində 161 saylı şəxsi hesabda daim qeydiyyatdadır. Onun bacısı X7 03 saylı təsərrüfatbaşına kitabının 18-ci səhifəsində 166 saylı şəxsi hesabda daim qeydiyyatdadır, ünvan 1 ünvanda özünə məxsus evdə yaşayır. İddiaçı və X7 ayrı ünvanlarda yaşayırlar. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 3446 nömrəli məktubunun məzmununda bildirilir ki, iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarının 2.1-ci bəndinə uyğun olaraq dayandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən məcburi köçkün statusuna malikdir və övladlarına həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinət ödənilmişdir. Lakin cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarını əsas gətirərək ona verilən müavinəti dayandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-cı bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) məcburi köçkün statusu olan şəxslər üçün nəzərdə tutulan aylıq müavinət verilmir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh orqan iddiaçının övladlarına ödənilən müavinəti mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməsi əsası ilə dayandırmış, lakin məhkəmənin təkrar sorğularına cavab verməyərək, qeyd edilən halların əsasını təşkil edən sübut təqdim etməmişdir. Bunun əksinə olaraq Qılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin yuxarıda qeyd olunan məktubunda iddiaçının mənzil əldə etmiş bacısı ilə təsərrüfatbaşına kitabda ayrıca şəxsi nömrə ilə qeydiyyatda olmalarını bildirmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının bacısı onun yaxın qohumu hesab edilsə də, ayrıca təsərrüfat idarə etdiyindən iddiaçının ailə üzvü hesab edilmir və bu əsasla iddiaçının övladlarına verilən müvafiq müavinətin dayandırılması qanunsuz olmuşdur. Qeyd olunanlara paralel olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının övladlarına məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət verilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olmuşdur. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4.3-cü bəndində qeyd olunmuşdur ki, valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinət verilir. Yuxarıda istinad olunan və həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarından göründüyü kimi valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının övladları yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçının övladlarına həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçının övladları tərəfindən artıq qazanılmış hüquqdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının övladlarına verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, vahid aylıq müavinətin bərpa edilərək dayandırıldığı tarixdən hesablanaraq verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 verilən vahid aylıq müavinət ödənilməsi bərpa edilməklə dayandırıldığı tarixdən hesablanaraq verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar