Məhkəmə qərarları › İş №2-1(114)-1228/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1228/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1228/2021 20.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxs Baş pasport idarəsi) yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 19.05.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvandan istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl aidiyyəti cavabdehə (Gəncə şəhər Baş Polis İdarəsinə) müraciət etməmişdir. Bu hal isə öhdəliyin icrası haqqında iddia növü üzrə mümkünlük şərtlərinə cavab vermir. Həmçinin qeyd edilməlidir ki, AR İPM-nin tələblərinə görə inzibati akt qəbul etmək səlahiyyəti olmayan fiziki şəxsin inzibati məhkəmə icraatında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlarla yanaşı iddiaçıya izah olunur ki, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan (hazırki halda Gəncə şəhər Baş Polis idarəsi) cavabdeh qismində, tələb üzrə hüquq və maraqlarına toxunulan subyektlər (hazırki halda Cavabdeh) isə üçüncü şəxs qismində cəlb edilə bilər. İddiaçı hazırki tələblə Gəncə şəhər Baş Polis idarəsinə müraciət etməli, imtina cavabı aldığı təqdirdə pasport qeydiyyatından çıxarılma tələbi ilə məhkəməyə müracət etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi pasport qeydiyyatından çıxarılma barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar