Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-123/2022 16.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı “Arkoz X14” MMC-nin nümayəndəsi X3, üçüncü şəxs X6 və onun vəkili X4 iştirakı ilə, İddiaçı “Arkoz X14” MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X14” MMC cavabdeh DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, X6 adına fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağstafa Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 573/g-03 saylı və Əmlak Məsələləri Dövlət Komitəsinin 12 saylı ərazi şöbəsinin xx.xx.2015-ci il tarixli məktubları əsas götürülərək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tadqiqat Mərkəzi tərəfindən Ağstafa rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaqlardan vulkan külü anbarının tikilməsi məqsədilə istifadə olunması üçün "X14" MMC-yə ayrılan torpaq sahəsinin Yerquruluşu Plan tərtib edilərək təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cəmiyyət arasında Ağstafa rayonu, Pirili qəsəbəsində yerləşən vulkan külü anbarı kimi istifadə olunan 1,14 ha torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2021-ci il tarixli, 188 saylı Müqavilə bağlanılmışdır. Cəmiyyətin icarəsində olan Ağstafa rayonu, Poylu qəsəbəsində yerləşən vulkan külü anbarı kimi istifadə olunan 1,14 ha torpaq sahəsi üzərində Cəmiyyətin icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli, **********82 saylı məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş yerquruluşu planında göstərilən döngə nöqtələrinin koordinatları daxilində elektron bazadakı məlumatlara görə **********06-10301 reyestr nömrəli fərdi yaşayış evinə digər şəxsin adına (həmin reyestrdən çıxarışa əsasən X6) çıxarış verilmişdir. Bundan sonra iddiaçı tərəfindən X6 adına fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013cü il tarixli, ********** saylı qeydiyyatın ləğv edilməsi barədə cavabdehə rəsmi müraciət edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********69 saylı məktubu ilə müraciətləri təmin edilməmişdir. Belə ki, fərdi yaşayış evinə verilmiş çıxarışdakı torpaq sahəsinin reyestr nömrəsindən göründüyü kimi, fərdi yaşayış evinin altındakı torpaq sahəsi xüsusi mülkiyyətdədir. Lakin Cəmiyyətin icarəsində olan torpaq sahəsi sənaye təyinatlı olmaqla dövlətin mülkiyyətindədir və çıxarış verilmiş fərdi yaşayış evi həmin torpaq sahəsində yerləşə bilməz. Fərdi yaşayış evinə verilmiş texniki pasportdakı ölçülərin Cəmiyyətin icarəsində olan torpaq sahəsində yerləşən qeyri yaşayış binasının ölçüləri ilə üst-üstə düşməsi o demək deyildir ki, həmin texniki pasport bu tikiliyə aiddir. Bu texniki pasportun həmin tikiliyə aid olmasını sübut edəcək yeganə əsas sənəd fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sənədidir ki, belə bir sənəd də mövcud deyildir. Torpaq ayırma sənədləri olmadığı üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən də hər hansı bir ölçü işləri aparılmamışdır və onların elektron bazasında bu barədə məlumat yoxdur. Həmin torpaq sahəsində fərdi yaşayış evi ola bilməz çünki, həmin ərazidə yaşayış məntəqələri torpaqları yoxdur. Fərdi yaşayış evinin texniki pasportunda əks olunan situasiya planına nəzər saldıqda evin sağında və solunda digər tikililərin əks olunduğu görünür. Lakin Cəmiyyətin icarəsində olan torpaq sahəsində yerləşən binanın ətrafinda faktiki olaraq heç bir tikili yoxdur. Yəni həmin bina fərdi yaşayış evi deyildir və vətəndaşa verilmiş texniki pasportdakı tikili ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən 15 saylı Ərazi İdarəsi tərəfindən vətəndaşa verilmiş çıxarışın və texniki pasportda göstərilən fərdi yaşayış evinin Cəmiyyətin icarəsində olan torpaq sahəsində yerləşən ofis binasına aid olması iddiasından imtina edilməli və vətəndaşın adına aparılmış qeydiyyatın ləğv edilməsi Mülki Məcəllənin və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun tələblərinə əsasən təmin edilməlidir. Vətəndaşın fərdi yaşayış evi kənar ərazidə - onun mülkiyyətində olan sahədə yerləşməlidir. Vətəndaş dövlət torpağında (hazırda Cəmiyyətin icarəsində olan torpaqda) tikilmiş binanı göstərərək onun özünə məxsus fərdi yaşayış evi olduğu bildirmiş, cavabdehdən çıxarış və texniki pasport almışdır. Lakin cavabdeh torpaq sahəsinin sənədlərini araşdırmadan qeyri-yaşayış binasını və onun altındakı dövlətə məxsus torpaq sahəsini əsassız olaraq vətəndaşın xüsusi mülkiyyəti kimi qeydə almışdır. Bu səbəbdən cavabdeh tərəfindən vətəndaşa verilmiş çıxarışın və texniki pasportda göstərilən fərdi yaşayış evinin Cəmiyyətin icarəsində olan torpaq sahəsində yerləşən ofis binasına aid olması iddiasından imtina edilməli və X6 adına fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyat ləğv edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı “X14” MMC əsl iddiaçı “Arkoz X14” MMC ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin ev "xxxx" MMC tərəfindən tikilmişdir, çünki əvvəllər həmin ərazini "xxxx" istifadə etmiş, “X14” MMC isə "xxxx" MMC-dən bölünmə balansı əsasında yaranmışdır. Sözügedən ev xx.xx.2006-cı il tarixli JN-1174 nömrəli Dövlət Aktı ilə müəyyən edilmiş sahədə deyil, kənarda yerləşir, yəni iddiaçıya verilməsi nəzərdə tutulan sahədə yerləşir. Cavabdehin nümayəndəsi X11 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən çıxarışın ləğv edilməsi üçün əsas yoxdur. Üçüncü şəxs X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, mübahisələndirilən çıxarışla müəyyən edilmiş evdə 2010-cu ildən yaşayır, 2013-cü ildə çıxarış almışdır, çıxarışı isə qanuni əsaslarla almışdır, onun evinə 20-30 metr məsafədə qonşunun evi var, digər evlər onun evindən təqribən 150 metr məsafədə yerləşir. Üçüncü şəxsin vəkili X8 iddianı qəbul etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2006-cı il tarixli JN-1174, Kod 50209018 nömrəli Dövlət Aktından görünür ki, Ağstafa rayonu Poylu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 nömrəli qərarı ilə 0.95 ha torpaq sahəsi sahibkarlıq məqsədilə X1. -surəti işə əlavə edilmiş Ağstafa Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 152 nömrəli sərəncamından görünür ki, X2 fəaliyyəti ilə məşğul olması üçün Poylu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 nömrəli qərarına əsasən aldığı 0.95 ha torpaq sahəsinin 120.0 kvm-də bina tikməsi məqsədilə komissiya tərəfindən tərtib edilmiş akt təsdiq edilmişdir. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu, Poylu qəsəbəsində 0.012 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmışdır. - “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2021-ci il tarixli,188 nömrəli Müqavilədən görünür ki, Ağstafa rayonu, Pirili kəndində yerləşən 11400.0 kv.m torpaq sahəsi “X14” MMC-nin icarəsinə verilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********69 nömrəli məktubundan görünür ki, “X14” MMC-nin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İş materiallarına əlavə edilmiş, "xxxx" MMC tərəfindən hazırlmnmış mütəxəssis rəyindən görünür ki, Ağstafa rayonu Poylu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 nömrəli qərarı ilə satılmış xx.xx.2006-cı il tarixli JN-1174, Kod ********) Dövlət Aktı ilə müəyyən edilmiş 0,95 hektar torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Poylu kəndinin inzibati ərazi daxilində yerləşir. **********06-10301 reyestr nömrəli çıxarışa əsasən X6 adına olan yaşayış evinin yerləşdiyi ərazinin koordinatları Poylu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN- 1174 nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşmür, müraciətə əlavə edilmiş İddiaçı-nin icarəsinə verilməsi nəzərdə tutulan 1.14 ha torpaq sahəsinin yerquruluşu planında olan koordinatlar ilə Poylu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən işlənmiş olan JN-1174 nömrəli Dövlət Aktında olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. -İş materiallarına əlavə edilmiş, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)- 3294/2021 nömrəli Qərarından görünür ki, həmin iş araşdırılarkən AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xx.xx.2019-cu il tarixli müvafiq mütəxəssis rəyi verilmişdir. Rəydə qeyd olunur ki, DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli reyestr nömrəsi **********06-10301 saylı texniki pasportda göstərilən torpaq sahəsinin koordinatları bütünlüklə X6 "Akkord Senaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi ilə üst-üstə düşür, X6 "xxxx" ASC-nir istifadəsi kimi təqdim etdiyi torpaq sahəsinin koordinatları ilə xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş 0.6619 ha torpaq sahəsinin koordinatlarının 4207 kv.m hissəsində və xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən verilmiş 0.2762 ha torpaq sahəsinin koordinatlarının isə 1254 kv.m hissəsində üst-ustə düşür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İş materialları ilə müəyyən olunur ki, “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə “xx.xx.2021-ci il tarixli 188 nömrəli müqavilə ilə 11400.0 kvm torpaq sahəsi “X14” MMC tərəfindən icarəyə götürülmüş, lakin qeyd edilən torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi mövcud olduğundan icarə hüququ dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qeyd əsasında verilmiş çıxarışdan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi topaq sahəsi 0,012 hektar təşkil etsə də, təyinatı göstərilməmişdir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, E.Nağıyevə Poylu bələdiyyəsindən sahibkarlıq məqsədi ilə verilmiş 0,95 hektar torpaq sahəsinin 120,0 kvm hissəsində bina tikilməsinə Ağstafa Rayon İcra Hakimiyətinin başçısının sərəncamı ilə icazə verilmişdir. Torpaq sahəsindən təyinatı üzrə istifadə edimədiyi halda cavabdeh qurum yuxarıda qeyd edilən sərəncama əsasən həmin sahədə inşa edilmiş fərdi yaşayış evini qeydə almışdır. Digər tərəfdən mütəxəssis rəyindən görünür ki, sözügedən fərdi yaşayış evi JN-1174 nömrəli Dövlət Aktı ilə müəyyən edilmiş torpaq sahəsində də yerləşmir. Əlavə olaraq, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-3294/2021 nömrəli qərarının təsviri hissəsində şərh edilmiş mütəxəssis rəyindən görünür ki, E.Nağıyevə məxsus fərdi yaşayış evinin yerləşdiyi topraq sahəsinin koordinatları bütövlükdə "xxxx" ASC-nin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, X6 adına fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013-cü il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. X6 adına fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013-cü il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-123/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-123/2022
16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver