Məhkəmə qərarları › İş №2-1(114)-1231/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1231/2025

13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1231/2025 13.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmə tərəfindən əlilliyin müəyyən edilməsi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin verdiyi son qərarın ləğv edilərək, əlilliyin faizlə təyin olunaraq rəyin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş, ağır bədən xəsarətləri almış, səhhətində ciddi problemlər yaranmış və bununla bağlı ona aidiyyəti orqanlar tərəfindən müvafiq sənədlər verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasında olarkən heç bir araşdırma aparılmadan onunla qısa söhbət edilmiş və əlillik təyin edilməsi üçün heç bir əsasın olmadığı bildirilmişdir. Cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan bəlli olur ki, təqdim edilmiş sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən göndərişdə qeyd edilən diaqnozlar əlillik təyininə əsas vermədiyindən iddiaçı barəsində diaqnoz öz təsdiqini tapmamışdır. İddiaçı hesab edir ki, Agentlik tərəfindən əlilliyin təyinindən imtina edilməsi qanuni və əsaslı deyildir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1231/2025 nömrəli qərardadı ilə, iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1231/2025 nömrəli qərardadı ilə, iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ikinci Qarabağ müharibəsi dövründə ağır bədən xəsarətləri almışdır. Lakin o, xx.xx.2021-ci il tarixli, 0278003AAJ7E nömrəli göndəriş əsasında qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Diaqnozun mətni: “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş kəllə-beyin travması, baş-beynin silkələnməsi. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi affektiv (depressiv) pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Uzunmüddətli posttravmatik stress pozuntusu. Sağ gözün hipermetropiyası. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Vətəndaşla əlaqə saxlanılaraq komissiyaya dəvət edilmiş, lakin vətəndaş komissiyaya gəlməkdən imtina etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 02 oktyabr 2023-cü il tarixli, 10012 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. Kəskin (ağır)) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv-psixotik daxilolmalarla və intihar cəhdləri ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə olan nəticəsi. Sağ saidin aşağı 1/3-nin, sağ əlin ön və arxa səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapığı” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2394 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Mehdiyev X6 tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlarla F07.0 xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi affektiv (depressiv) pozuntu. Uzunmüddətli posttravmatik stress pozuntusu. Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod. Astiqmatizm, Sağ gözün hipermetropiyası” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F06.3 Əhvalın üzvi mənşəli {affektiv} pozğunluğu müraciət tarixi xx.xx.2024 - F06.3 Əhvalın üzvi mənşəli {affektiv} pozğunluğu müraciət tarixi xx.xx.2024 - F06.3 Əhvalın üzvi mənşəli {affektiv} pozğunluğu müraciət tarixi xx.xx.2024 - F06.3 Əhvalın üzvi mənşəli {affektiv} pozğunluğu müraciət tarixi xx.xx.2024 Stasionar müalicə aldığı müəssisələr: Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Gəncə Psixiatrik xəstəxana – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F06.3 Əhvalın üzvi mənşəli {affektiv} pozğunluğu Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu X9 adına 1 nömrəli şəhər xəstəxanası – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya Həkim müayinəsinin nəticəsi: F06.3 Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, F06.3 - F43.1 - F33.3 (depressiv) pozuntu. Uzunmüddətli posttravmatik stress pozuntusu. depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcə epizod (müayinə tarixi xx.xx.2024) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F06.3 Əhvalın üzvi mənşəli {affektiv} pozuntusu, Üzvi affektiv (depressiv) pozuntu (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) Yanakı xəstəliklər: F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2025ci il tarixdə “X.S.Mehdiyev üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1492 saylı ekspert rəyindən görünür ki, İddiaçı canlı müayinəsində onda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla 10-cu baxış X2 (XBT-10) əsasən F 06.3 koduna uygun gələn patologiya aşkar olunmuşdur. İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Gəncə Psixiatriya xəstəxanasının verdiyi xx.xx.2024-cü il tarixli göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə

7. Psixi və davranış pozuntuları 7.5. Nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular 7.5.1. posttravmatik stres pozuntusu - F43.1 Qiymətləndirmə 7.5.1.1. 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- 35-60% - 2 il

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.5-ci yarımbəndində nеvrоtik, strеslə əlaqədar və sоmаtоfоrm pоzuntular, 7.5.1-ci yarımbəndində posttravmatik stres pozuntusu - F43.1 meyarı nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.5.1.1-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçı son bir il ərzində ambulator və stasionar müalicələr almışdır. Qeyd olunan tibbi göndəriş haqqında məlumata əsasən, iddiaçıya “F43.1 Posttravmatik stress pozuntusu, uzunmüddətli posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuşdur. İşdə olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2394 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Mehdiyev X6 tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlarla F07.0 diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1492 saylı ekspert rəyindən görünür ki, İddiaçı canlı müayinəsində onda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla 10-cu baxış X2 (XBT-10) əsasən F 06.3 koduna uygun gələn patologiya aşkar olunmuşdur. İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Gəncə Psixiatriya xəstəxanasının verdiyi xx.xx.2024-cü il tarixli göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı əhvalın üzvi mənşəli pozğunluğu, üzvi mənşəli şəxsiyyət pozğunluğu, posttravmatik stress pozğunluğu xəstəlikləri üzrə son bir il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almış, lakin iddiaçıya tibbi göndəriş üzrə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hazırda qüvvədə olan F43.1 diaqnozu (yanaşı xəstəlik) qoyulmuşdur. Məhkəmə hesab edir ki, göstərilən xəstəliklər eyni xarakterli olmaqla psixi və davranış pozuntuları ilə əlaqədardır. Ona görə də həmin xəstəliklər üzrə ümumi müalicə müddəti F43.1 meyarı üzrə müalicə müddətinə daxil edilə bilər. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1492 saylı ekspert rəyinə əsasən, İddiaçı canlı müayinəsində onda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) affektiv pozuntu, depressiv epizodlarla 10-cu baxış X2 (XBT-10) əsasən F 06.3 koduna uygun gələn patologiya aşkar olunmuşdur. X8 xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli tibbi göndərişdə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hazırda qüvvədə olan F43.1 diaqnozu (yanaşı xəstəlik) qoyulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya F43.1 meyarı üzrə əlillik təyin edilməlidir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 02 oktyabr 2023-cü il tarixli, 10012 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu. Kəskin (ağır)) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv-psixotik daxilolmalarla və intihar cəhdləri ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə olan nəticəsi. Sağ saidin aşağı 1/3-nin, sağ əlin ön və arxa səthinin kəsilmiş yaralarından sonrakı bərkimiş dəri çapığı” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməlidir. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Xəyal Şövqi oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar