Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1232/2022 17.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1991-1998-ci illərdə Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda işlədiyi illərin sosial siğorta stajına hesablanaraq işlədiyi illərə görə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Bərdə rayonunun Arabaçılar kəndində doğulmuşdur. Hal-hazırda yaşa görə əmək pensiyası almaq hüququ yarandığından bununla bağlı cavabdehə ərizə ilə rəsmi olaraq müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla 1991-1998-ci illərdə Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda fəhlə işlədiyi illərin əmək kitabçasına yazılmadığına görə ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Onun 1991-1998-ci illərdə Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda fəhlə işləməsi arxiv arayışları ilə təsdiq olunur. Həmçinin əmək kitabçası olmadıqda belə arxiv arayışı iş stajını təsdiq edən sənəd kimi qəbul edilir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı əmək kitabçasının surətlərinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 607 nömrəli arayışına əsasən iddiaçının sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr) 21 il 1 ay 11 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 4 ay 11 gün sığorta stajına uyğun olaraq 15007,69 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 2136,29 manat olmaqla, ümumilikdə 17143,98 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. "Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. İddiaçı tərəfindən təqdim edilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 255 nömrəli arayışında qeyd edilmiş 1991-1998-ci illər əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilmədiyindən həmin dövrlər sığorta stajına daxil edilməyib. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus ******* və ******* nömrəli əmək kitabçalarının təsdiqlənmiş surətləri; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 607 nömrəli arayışı; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 255 nömrəli və məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 75 nömrəli arxiv arayışları, - MKT İstehsalat Kommersiya MMC-nin «Ağcabədi İnnovasiya» filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 03 nömrəli arayışı, - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina məktubu, Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır və təmin edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1991- 1998-ci illərdə Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 255 nömrəli arayışında qeyd edilmiş 1991-1998-ci illər əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının 1991-1998-ci illərdə Bərdə rayonu, Boyəhmədli- Nizami kolxozunda işlədiyi dövr Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 255 nömrəli və məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 75 nömrəli arxiv arayışlarında öz təsdiqini tapmış və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 255 nömrəli və xx.xx.2021ci il tarixli 75 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1991-1998-ci illərdə Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda fəhlə işləmişdir. Məhkəmə iddiaçının Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda fəhlə işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında əks olunmuş məlumatların və arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda fəhlə işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. İddiaçı iddia ərizəsində ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddinə çatdığından və iddiaçının 25 ildən çox sığorta stajı olduğundan, onun yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla pensiya yaşı (65 il) tamam olmuş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli **********9 nömrəli məktubunda göstərmişdir ki, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı əmək kitabçalarının surətlərinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 607 nömrəli arayışına əsasən iddiaçının sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976cı il tarixinədək hərbi xidmətdə olduğu dövr) 21 il 1 ay 11 gün təşkil edir. Bundan başqa iddiaçının 1991-1998-ci illərdə Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda fəhlə işlməsi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 255 nömrəli və məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 75 nömrəli arxiv arayışları ilə öz təsdiqini tapdığından həmçinin xx.xx.2019-xx.xx.2019-cu il (2 ay 23 gün) və xx.xx.2020xx.xx.2022-ci il tarixlərdə (2 il 3 ay 4 gün) MKT İstehsalat Kommersiya MMC-nin «Ağcabədi İnnovasiya» filialında işlədiyi dövr də daxil edilməklə, cəmi 30 il 11 ay 17 gün sığorta stajı vardır və məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktublarında öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 1991-1998-ci illərdə Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı 1991-1998-ci illərdə Bərdə rayonu, Boyəhmədli-Nizami kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov