Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1232/2025 07.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasından tutulmanın qanunsuz hesab edilməsi və vəsaitin geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun pensiyasından tutulan 95 manat pulun dayandırılması və 866,14 manat pulun geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1-də qeydiyyatda olmaqla yaşayır. 02 iyun 2014-cü il tarixdə Fövqəladə Hallar Nazirliyində xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq 26 il xidmət ili olmaqla 80%-lə təqaüdə çıxmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı 2023-cü ilin avqust ayında pensiyasından 139 manat pulunu azaldaraq bildirmişdilər ki, ona 3767.91 manat artıq pul hesablanıb. İddiaçı qeyd edir ki, cavabdeh heç bir əsas olmadan və heç bir inzibati akt qəbul etmədən əsassız olaraq xx.xx.2023-cü il tarixdən 30 iyun 2024-cü il tarixinədək 10 ay ərzində 866.14 manat məhkəmənin qərarı olmadan iddiaçıdan pul tutulub. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirərək xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyasından tutulan 866,14 manat pulun qanunsuz hesab edilməsi və vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 07 aprel 2025-ci tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə iddia tələbinə dair xx.xx.2025-ci il tarixli, 3-17-1/2-15426/2025 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, işin faktiki hallarından aydın olur ki, iddiaçıya dair vaxtilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 20 il 5 ay 2 gün təşkil edir. Qanunun 20.28-ci maddəsinə əsasən Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, nək pensiyası təyin edilir. Göründüyü kimi, iddiaçının əmək pensiyasının təyin edildiyi tarixə (3 iyun 2014-cü il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin onun həmin dövrə 48 yaşı (təvəllüdü: xx.xx.1965-ci il) var idi çatmadığı və əmək pensiyası hüququnun yarandığı dövrdə tələb olunan 25 il xidmət müddətinin olmadığı üçün ona Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş 18 iyun 2014-cü il tarixli 12/xx-xx/03433 nömrəli məktuba və ona əlavə edilmiş son 24 ay üzrə orta aylıq əmək haqqısı barədə sənədlərə əsasən iddiaçıya 3 iyun 2014-cü il tarixdən 26 il 11 gün (təqvimi xidmət illəri 20 il 5 ay 2 gün, ali təhsil 2 il 3 ay 8 gün, güzəştli xidmət illəri 3 il 4 ay 1 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, İddiaçı müraciəti ilə əlaqədar verilmiş sorğuya cavab olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyası Qanunun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 68 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixdən sonrakı müvafiq artımlar (ona münasibətdə 1 mart 2018-ci il, 1 mart 2019-cu il, 1 may 2019-cu il və 1 sentyabr 2019-cu il tarixindən) isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 62 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəllki təminat xərcliyinin 68 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla onun pensiyası 679,00 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə nəzərə alınmaqla 1 yanvar 2023-cü il tarixindən 856,69 manat) müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçının Mərkəzi Filiala daxil olmuş müraciəti ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 6 yanvar 2018-ci il tarixdən topladığı 3874,72 manat pensiya sığorta kapitalına əsasən onun pensiyası yenidən hesablanaraq (cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 974,92 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş sosial yardım məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pa tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi. Mərkəzi Filial tərəfindən qərar qəbul edilərkən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 07 aprel 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materiallarlna əlavə edilmiş iddiaçıya məxsus AA seriya ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iş materiallarlna əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3021 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. - iş materiallarlna əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 153259/2024 nömrəli imtina məktubu; - iş materiallarlna əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-4723/2024 nömrəli qərardan görünür ki, İddiaçı yaşa görə xx.xx.2014-cü ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 952,64 manat, xx.xx.2024-cü ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 974,92 manatdır. - iş materiallarlna əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-322856/2024 nömrəli məktubdan görünür ki, İddiaçı əmək pensiyasından xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində 866,14 manat hissə-hissə tutularaq büdcəyə bərpa edilib. Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki tələbi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyasından tutulan 866,14 manat pulun qanunsuz hesab edilməsi və vəsaitin geri qaytarılmasıdır. İddiaçı məhkəmə iclasında pensiya məbləğindən tutma barədə hər hansı bir qərar qəbul edilmədiyini, həmçinin əmək pensiyasından tutmaların aparılmasına razılıq vermədiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh orqan tutulma barədə qərar olmadan iddiaçının əmək pensiyasından 866,14 manat hissə-hissə tutularaq büdcəyə bərpa edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin iş üzrə iddiaçının pensiya məbləğindən tutma barədə hər hansı bir qərar qəbul edilməmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasından tutulma barədə iddiaçıya məlumat verilməmiş, yalnız artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasından xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab edilməli və 866,14 manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyasından tutulan 866,14 (səkkiz yüz altmış altı manat on dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1232/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1232/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver