Məhkəmə qərarları › İş №2-1(114)-1234/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1234/2020

09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1234/2020 09.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Goranboy rayon filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Goranboy rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı onun 1979-1996-cı illərdə Goranboy rayonu Faxralı kolxozunda, xx.xx.1996-xx.xx.2002-ci illərdə “xxxx” KFT-də və xx.xx.2002-xx.xx.2005-ci illərdə Goranboy rayonu “xxxx” MMC-də işlədiyi illərin sosial sığorta stajına hesablanaraq, ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü ildə Goranboy rayonu, Faxralı kəndində anadan olmuşdur. 1979-1996-cı illərdə Goranboy rayonu, Faxralı kolxozunda işləmişdir. xx xxxxxx 1996-cı il tarixdə Goranboy rayonu, Faxralı kəndi “xxxx” KFT başçısı vəzifəsinə təyin edilərək, “xxxx” KFT-də xx.xx.2002-ci ilədək işləmiş, xx.xx.2002-ci il tarixdə “xxxx” KFT-nin adı dəyişdirilərək Goranboy rayonu “xxxx” KFT MMC olmuş, xx.xx.2002-ci il tarxidən 2005-ci ilin sonunadək Goranboy rayonu “xxxx” KFT MMC-də işləmişdir. Hal-hazırda yaşa görə əmək pensiyasına çıxmaq istəyir. Ancaq 1979- 1996-cı illərdə Goranboy rayonu, Faxralı kolxozunda, xx.xx.1996-xx.xx.2002-ci illərdə“xxxx” KFT-də və xx.xx.2002-xx.xx.2005-ci illərdə Goranboy rayonu “xxxx” KFT MMC-də işlədiyi illər sosial sığorta stajına hesablanmamışdır. Bununla bağlı, cavabdeh inzibati orqana rəsmi ərizə ilə müraciət etmiş, sonuncu xx.xx.2020-ci il tarixdə **********2 saylı məktub göndərərək, kolxozda və “xxxx” KFT-də işləməsi əmək kitabçasında qeyd olunmadığından əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının kolxozda, Goranboy rayonu, Faxralı kəndi “xxxx” KFT və Goranboy rayonu “xxxx” KFT MMC-də işləməsi arxiv arayışları ilə təsdiq olunur. İddiaçının vəkili X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının kolxozda, “xxxx” KFT-də işlədiyi iş stajının əmək kitabçasına yazılmadığına görə əmək pensiyası təyin etmək mümkün deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1 maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış olduğu iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyi üçün məhkəmə tərəfindən sığorta stajının təsdiq olunması barədə qətnamə çıxarılarsa ona əmək pensiyası təyin etmək olar. Bundan başqa iddiaçının “xxxx” KFT və “xxxx” KFT MMC-də işləmi arxiv sənədləri ilə təsdiqlənmir. Belə ki, iddiaçı həmin illərə dair kitablar təqdim etsə də həmin kitablar təsdiqlənməmiş, həmçinin əmək haqqı cədvəlləri təqdim olunmamışdır. Həmin müəssisənin rəhbəri olmuş və ona əmək haqqının yazılmasına dair hər hansı bir cədvəl tərtib edilməmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı 17 il Goranboy Dövlət Arxivinin verdiyi arayışa əsasən Faxralı kolxozunda işlədiyi dövr, 4 il 7 ay 21 gün əyani təhsil aldığı dövr, 1 il əmək kitabçasına əsasən Oğuz rayonu Kommunizm kolxozunda işlədiyi dövr, 1 il 9 ay “xxxx “ kəndli fermer təsərrüfatı MMC-nin arayışına əsasən xxxx kəndli-fermer təsərrüfatında işlədiyi dövr, 3 il 3 ay “xxxx “ kəndli femner təsərrüfatı MMC-nin arayışına əsasən “xxxx” kəndli-fermer təsərrüfatı MMC-də işlədiyi dövr, cəmi toplam 27 il 7 ay 21 gün sığorta stajı toplasa da, inzibati orqan tərəfindən vətəndaşın 4 il 7ay 21 gün əyani təhsil müddəti və 1 il Oğuz rayonu Kommunizm kolxozunda işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmış, 1979-1996-ci illərdə Faxralı kolxozunda işlədiyi dövr, 1997-1998 illər “xxxx” kəndli fermer təsərrüfatında və 2002-2005-ci illərdə xxxx fermer təsərrüfatı MMC-də işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajı kimi nəzərə alınmamışdır. Odur ki, vətəndaşa əmək pensiyası təyin edilməsi mümkün deyildir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddia tələbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir. Göründüyü kimi mübahisələndirilən illər məhz iddiaçının kolxozda, “xxxx” kəndli (fermer) təsərrüfatı və “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-də işlədiyi dövrlərlə bağlıdır. Məhkəmə iddiaçının “xxxx” kəndli (fermer) təsərrüfatı və “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-nin xx xxx 2020-ci il tarixli, 13 nömrəli və 14 nömrəli arayışlarından görünür ki, İddiaçı 1997, 1998-ci illərdə “xxxx” kəndli (fermer) təsərrüfatının və xx.xx.2002-xx.xx.2005-ci illərdə “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-nin başçısı vəzifəsində işləmiş və qeyd olunan aylar üzrə əmək haqqı almış, həmin arayışlar cəmiyyətin başçısı olan İddiaçı tərəfindən təsdiqlənmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli məlumatın təqdim edilməsinə dair məktubunda qeyd olunmuşdur ki, «xxxx-Kəndli (Fermer) Təsərrüfatı» MMC xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Elektron uçot məlumat bazasına əsasən aparılan araşdırmalar zamanı xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək «xxxx-Kəndli (Fermer) Təsərrüfatı» MMC-nin fəaliyyəti aktiv, xx.xx.2010-cu il tarixdən hazırkı tarixədək isə fəaliyyətinin dayandırılmış olması, həmçinin 0 (sıfır) sayda işçisinin olması barədə məlumat aşkar edilmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli məlumatın təqdim edilməsinə dair məktubundan məlum olur ki, «X8 Təsərrüfatı» (indiki «xxxx-Kəndli (Fermer) Təsərrüfatı» MMC) Azərbaycan Respublikası Ədliyyə Nazliyi tərəfindən xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən 1996-2002-ci il tarixlərdə «xxxx» KFT-nin təsisçisi və direktoru vəziyəsinin kim tərəfindən icra olunması barədə məlumatın təqdim edilməsi mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş «xxxx» KFT-nin üzvlərinin 1997-ci il və 1998-ci illər üzrə şəxsi hesab kitablarından məlum olur ki, İddiaçı aylar üzrə əmək haqqı ödənilməsi qeyd edilmiş, lakin təqdim edilən kitablar iddiaçı tərəfindən tərtib olunmuş, siyahıya alınmamış, qaytanlanmamış və möhürlə təsdiqlənməmişdir. Bununla yanaşı, İddiaçı «xxxx» KFT-nin 1997-1998-ci illərdə və 2002-2005-ci illərdə “xxxx” kəndli (fermer) təsərrüfatının başçısı vəzifəsində işləməsinə dair iddiaçı tərəfindən təsdiqlənən arayışlar təqdim edilsə də, əmək haqqı arayışlarının hansı sənədlər əsasında tərtib edilməsi, həmçinin əmək haqqı cədvəlləri və müəssisənin arxiv sənədləri məhkəməyə təqdim edilməmiş, «xxxx-Kəndli (Fermer) Təsərrüfatı» MMC xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınsa da, xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək fəaliyyətinin aktiv olması və 0 (sıfır) sayda işçisinin qeyd olunması müəyyən edilmişdir. Yəni iddiaçının «xxxx-Kəndli (Fermer) Təsərrüfatı» MMC-də işlədiyi xx.xx.2002xx.xx.2005-ci illərin sosial sığorta stajına daxil edilməsi tələ olunsa da, iş materiallarında olan sübutlarla müəssisənin ümumiyyətlə xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək fəaliyyətinin aktiv olması təsdiq olunmuşdur. Həmçinin iş materiallarında olan Məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2006-cı il tarixli mədaxil qəbzindən də məlum olur ki, müəssisənin fəaliyyətinin aktiv olduğu 2005-ci il üzrə sosial sığorta haqqı ödənilmiş və xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə yalnız «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitlər üzrə haqq-hesab cədvəli» (Forma-1-DSMF) təqdim edilərək məcbur dövlət sosial sığorta haqqı üzrə hesablaşma aparılmış və heç bir ödəmə edilməmişdir. Bununla da “xxxx” kəndli (fermer) təsərrüfatının 1997, 1998-ci illər üzrə dəftərxana kitabına (iclas protokolu kitabı və şəxsi hesab kitabı) məhkəmə tərəfindən baxış keçirilmiş, həmin sənədlər əsasında müəssisənin 1997, 1998-ci illərdə və 2002-xx.xx.2004-cü illərdə fəaliyyət göstərməsi, İddiaçı həmin müəssisədə işləməsi faktı məhkəmədə şübhə doğurmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 2.1. maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra Fond) yaxud Fondun şəhər (rayon) şöbələrinə (bundan sonra Şöbə) və ya Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsinə (bundan sonra İdarə) müraciət (1 nömrəli Əlavə) edə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. 3.1. maddəsinə əsasən sğortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları və ya mötəbər sübutlar əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmənin qənaətinə görə, pensiya təyin olunması barədə mübahisələrə baxılarkən məhkəmə araşdırması təkcə inzibati orqanın etiraz dəlilləri ilə kifayətlənməməli, İPM-nin 12-ci maddəsindən irəli gələn vəzifələrə uyğun olaraq, pensiya təyin olunması barədə qərar qəbul edilməsinə təsir edən digər hüquqi məsələlər də (iddiaçının pensiya yaşına çatması, sığorta stajı, şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği və s.) araşdırılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hisssəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur və 64 il 6 aylıq yaş həddinə çatmışdır. Pensiya təyin edən orqana müraciət etdiyi vaxt ona pensiya təyin olunması üçün zəruri olan birinci şərt mövcud olmuş, ikinci şərt, yəni 25 il sığorta stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının tələb olunan 25 il sığorta stajı olmadığına görə, onun pensiya almaq hüququ yaranmır. Bununla yanaşı, Goranboy rayon Dövlət Arxivinin xx xxxxx 2020-ci il tarixli, 43 nömrəli arxiv arayışı ilə müəyyən edilən İddiaçı 1979-1996-cı illərdə Goranboy rayonu Faxralı kolxozunda işlədiyi illər daxil edilsə belə ümumilikdə 25 il sosial sığorta stajı yaranmır. Nəzərə almaq lazımdır ki, iddiaçının pensiya almaq hüququ yoxdursa, müvafiq dövrün onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmir və bu halda iddianın mümkün sayılması üçün Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mümkünlük şərtləri də olmayacaqdır. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin olunmasından imtina etməsi əsassız deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Goranboy rayon filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsing şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar