Məhkəmə qərarları › İş №2-1(114)-1234/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1234/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1234/2023 29.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı sosial müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməmiş sosial müavinətin ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən indiyədək olan dövr üzrə ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Sədərək Ticarət Mərkəzində işgötürən X4 mağazasında satıcı olaraq işə başlamış, səhhəti ilə əlaqədar olaraq 2019-cu ilin may ayında işdən ayrılmışdır. xx.xx.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə 3 və daha çox doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinət almaq üçün DSMF-nin Qazax rayon şöbəsinə ərizə ilə müraciət etmiş, ona aylıq 130 manat sosial müavinət təyin olunmuş, həmçinin təyinat 57 yaş tamam olan tarixdən yəni xx.xx.2018-ci ildən başlamışdır. Təyinat başlayan tarixdən (xx.xx.2018) hesablanmış müavinətlər tam ödənilmiş, lakin xx.xx.2020-ci il tarixdə sosial müavinətin ödənişi dayandırılmışdır. Bundan sonra, iddiaçı cavabdehə müraciət etmiş və ona bildirilmişdir ki, xx.xx.2019-ci il tarixdə əmək fəaliyyətinə başladığına görə xx.xx.2020-ci il tarixədək ödənişi qanunsuz hesab edilmiş və 2730 AZN manat vəsaitin qısa müddət ərzində filialın hesabına bərpa edilməsi xahiş olunmuşdur. İddiaçı xx.xx.2019cu il tarixdən etibarən işləmədiyini və belə bir halın olmadığını bildirsə də nəticə dəyişməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmiş, eyni zamanda həmin tarixli qərardadla iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, anasına 2020-ci ilin dekabr ayınadək müavinət tam ödənilmişdir. Anasının əvvəllər yanında işlədiyi X4 mühasibi anasının xəbəri olmadan xx.xx.2019-cu il tarixdə onun işə qəbulu ilə bağlı müvafiq sistemə bildiriş işləmiş, həmin gün də əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş tərtib etsə də nədənsə sistemə xx.xx.2021-ci il tarixdə işləmişdir. Anası xəstə olduğuna görə qeyd olunan dövrdə ümumiyyətlə işməməmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən iddiaçıya yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. Xidməti yoxlama zamanı xx.xx.2014-cü il tarixdən iddiaçının adına aktiv əmək müqaviləsi olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona təyin olunan yaşa görə sosial müavinətin ödənişinin 14.08.18-ci il tarixdən xx.xx.2021-ci il tarixədək davam etdirildiyi aşkar edilmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının qərarına əsasən iddiaçının sosial müavinəti xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasi Prezidentinin 29 noyabr 2019-cu il tarixli "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının aktiv əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilməsinə baxmayaraq 62 yaşının tamam olmadığı üçün yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin xx.xx.2018-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. -İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, iddiaçının aktiv əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilməsinə baxmayaraq 62 yaşının tamam olmadığı üçün yaşa görə sosial müavinətin təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin xx.xx.2018-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. İddiaçının adına aktiv əmək müqaviləsi aşkar edildiyindən iddiaçının sosial müavinəti xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı sözügedən müavinətin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. -9.1.1-ci maddəsinə əsasən dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük təyin edilir. -10.1-1-ci maddəsinə əsasən Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. -11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Qeyd edilməlidir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanunla 1.0.2-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Məhkəmə cavabdeh orqanın imtinasının əsassız olması ilə bağlı qeyd edir ki, xx.xx.2019-cu il tarixdən iddiaçının müavinət almaq hüququ yaranmışdır və qanunvericiliyin tələbinə uyğun olaraq da ona müavinət ödənilmişdir. Əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə müvafiq sistemə yerləşdirilsə də bildirişdən görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Ona görə də, “Sosial müavinətlər haqqında” Qanununa 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanunla edilmiş dəyişiklik iddiaçıya tətbiq edilə bilməz. Çünki, sözügedən dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdıran haldır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilən sosial müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən indiyədək olan dövr üzrə ödənişlərin iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və dayandırıldığı tarixdən ödənişlərin ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar