Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1235/2021 04.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 20 saylı regional ərazi filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə aidiyyətlə bağlı məsələyə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 20 saylı regional ərazi filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin birdəfəlik ödənlməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1974-cü ildən 1976-cı ilə kimi Ukraynanın Odessa şəhərində yerləşən hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş, həmin hərbi xidməti başa vuduqdan sonra Azərbaycana qayıtmış, erməni qəsbkarları Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa cəhd edən zaman 1992-ci ildə Ağstafa rayon Hərbi Komissarlığı (indiki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon şöbəsi) tərəfindən yenidən rəsmi çağırış əsasında hərbi xidmətə çağrılmış, 24.06.1992-ci ildən 01.02.1993-cü ilə kimi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə N saylı hərbi hissədən təxris olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Qazax-Ağstafa ərazisində yerləşən ön cəbhələrdə erməni qəsbkarlarına qarşı şücaətlə döyüşmüş, döyüş tapşırıqlarını layiqincə yerinə yetirmiş və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 17 oktyabr 2014-cü il tarixli, 055857 №-li vəsiqə ilə müharibə veteranı adı verilmişdir. O, bununla bağlı cavabdehə «Müharibə veteranı» vəsiqəsi təqim edilməzdən əvvəlki illər üçün ödənilməmiş müavinətin hesablanaraq ödənilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ona rəsmi olaraq 05.05.2021-ci il tarixdə **********0 nömrəli məktubla imtina cavabı verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin (bundan sonar - Fond) sturuktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin» 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən 23.11.2020-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi filialları yaradılmış, onların Əsasnamələri təsdiq edilmişdir. Sosial müavinətlərin təyinatı ilkin mərhələdə Ağstafa rayonu üzrə mərkəzləşdirilmiş qaydada Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı (Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 143) məhkəmələrdə prosessual tərəf kimi çıxış edir. Odur ki «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 04 nömrəli Qərarının 5.1ci bəndinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən hazırki işin ərazi aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını, iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Belə ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 20 saylı regional ərazi filialına qarşı cavabdehin üzərinə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin birdəfəlik ödənlməsi öhdəliyinin qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibət olmadığından inzibati işin aiddiyəti İPM-in 8.1.4. maddəsinə əsasən həll edilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62. maddələri). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 143 ünvanı olduğundan və Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyati üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin birdəfəlik ödənlməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1235/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1235/2021
04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver