Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1238/2020 17.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı və onun vəkili və nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa olunması və dəymiş zərərin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 193 saylı Hərbi Hissəyə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı 193 saylı Hərbi Hissə komandirinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, onun hərbi xidmətinə bərpa olunması və ona dəymiş zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002 tarixdən xx.xx.2003 tarixədək Azərbaycan Silihalı Qüvvələrində müddətli həqiqi hərbi xidmətini keçmişdir. Müddətli həqiqi hərbi xidmətini bitirdikdən sonra xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələr Təlim və Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kursunu bitirmiş və xx.xx.2005-ci il tarixdə N nömrəli hərbi hissədə mina atan komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2005-ci il tarixdən bugünki günədək Tovuz rayonunda ön xətdə yerləşən postlarda müxtəlif vəzifələrdə xidmət xidmət etmişdir. Eyni zamanda 2016-cı ildə aprel döyüşləri gedən zamanda qeyd etdiyi kimi ön xəttdə vəzifə borcunu yüksək səviyyədə yerinə yetirmişdir. xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı ilə, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə, xx.xx.2019-cu ildə sə “Qüsursuz Xidmətə Görə 3-cü dərəcəli medal” ilə təltif olunmuşdur. Xidmət dövründə isə yuxarı komandanlıq tərəfindən dəfələrlə “Təşəkkür” ilə həvəsləndirilmişdir. 2019-ci ilin yekunlarına görə isə xidmətdə fərqləndiyinə görə əlavə olaraq yenə “Təşəkkür" ilə həvəsləndirilmişdir. Bütün bunları yazmaqda məqsədi 2005-ci ildən bugünədək onun xidməti haqqında qısa məlumat verməkdir. İddia ərizəsi ünvanlamağında səbəb isə xx.xx.2020-ci il tarixdə xidmətində yaşadığı problem və onun ordudan tərxis olunması ilə nəticələnən hadisədir. xx.xx.2020-ci il tarixdə ona təhkim olunmuş Ç 313 QQ nömrəli Kamaz markalı avtomobil ilə təyin olunmuş postlara su təminatını yerinə yetirirdikdən sonra saat 20:00da işini tamamlayaraq avtomobili park yerinə təhvil vermişdir. Daha sonra atasının (atası X4 ürək damar və yüksək təziq xəstəsidir) sağlamlığında problem yaşandığı üçün (təziqi yüksəlmişdir və həkim çağrılmasına ehtiyac duyulmuşdur, daha əvvəldə eyni problem olmuş və təziqi qalxdığı üçün baş beyin hissəsində damarlar zədələnmiş və aylarla yataq xəstəsi olaraq qalmışdır) tabor komandiri mayor Əliyev Əhədin icazəsi ilə evimə dönmüşdür. O, evə gəldikdən sonra hərbi hissədə toplanış elan edilmişdir, lakin onun tabor komandiri tərəfindən icazəli olduğu üçün kimsə heç bir məlumat verməmişdir. Gecə 04:00 radələrində isə hərbi hissədən yoxlama gəlmiş və onun ştat yerində olmadığını qeyd etmişlərdir. Sabahsı günü xx.xx.2020-ci il tarixdə isə ona N nömrəli hərbi hissə komandirinin əmri ilə Azərbaycan Ordusunun sıralarından tərxis edildiyi məlumatı verilmiş, xx.xx.2020-ci il tarixdə Tovuz rayon SHXÇDX İdarəsinə getməyi üçün təyinat vərəqəsi verilərək « Hərbi Xidmətkeçmə haqqında » Əsasnamənin 156-cı maddəsin “e” bəndinə “xidməti uyğunsuzluğa görə” ehtiyyata buraxıldığını bildirmişlər. Qeyd etdiyi kimi toplanış barədə ona heç bir məlumat verilməmişdir və intizam xətası törətmiş olsa belə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 saylı qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 50-ci maddəsinə əsasən ona sıralı olaraq məzəmmət, töhmət, şiddətli töhmət, hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həps, əlaçı döş nişanından məhrumetmə, öz vəzifəsinə tam uyğun olmama barədə xəbərdarlıq, aşağı vəzifəyə keçirmə və hərbi rütbəsini bir pillə aşağı endirmə cəzaları verilməli idi. Lakin ona qarşı intizam nizamnaməsinin və hərbi xidmətkeçmə haqqında əsasnamənin tələbləri pozularaq heç bir xəbərdarlıq edilmədən heç bir daxili məhkəmə keçirilmədən, heç bir izahat alınmadan, heç bir araşdırma aparılmadan birbaşa “xidməti uyğunsuzluğa görə” ehtiyyata buraxılma tətbiq edilmişdir. 16 ildən çoxdur ki düşmənlə üzbəüz yerləşən Tovuz rayonun müxtəlif bölmələrində xidmət etmiş və nəticədə bütün bu illərini və xidmətini ciddi hüquq pozuntusu ilə heçə sayaraq tərxis edilmişdir. Yuxarıda qeyd etdiyi Ç 313 QQ qeydiyyat nişanlı Kamaz markalı avtomobili ona təhvil verilərkən çalışmırdı və o, 1200 manatdan çox pul dəyəri olan ehtiyyat hissələrini ehtiyyat hissələri satılan dükanlardan nisyə alaraq avomobili işlək vəziyyətə gətirmişdir. Dükanlarla isə ödənişi hissə hissə edəcəyi barədə razılaşmışdır. Ailəlidir, 4 övladı və yaşlı ata və anası var. Evin tək oğludur və ailədə çalışan tək odur və bütün ailənin yükü onun üzərindədir. Düşmənlə üzbəüz Əlibəyli kəndində yaşayırlar. Atası ağır ürək damar xəstəsidir və daimi dərman istifadə edir və həkim nəzarətindədir. Göründüyü kimi, N nömrəli hərbi hissə komandanlığının ona qarşı verdiyi “Xidməti uyğunsuzluqla ehtiyata buraxılma” qərarı qanunsuzdur, bu səbəbdən də hesab edir ki, N nömrəli hərbi hissə komandanlığının xx xxxx 2020-cü il tarixli əmri ləğv edilib onun həqiqi hərbi xidmətinə geri qaytarılmağı və ona dəymiş ziyan ödənilməlidir. İddiaçının vəkili və nümayəndəsi X3 məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçıya inzibati akt vaxtında elan və təqdim olunmadığıdan, inzibati aktın mübahisələndirilməsi izah edilmədiyindən, o cümlədən sözügedən proseslər pandemiya dövrünə düşdüyündən, Tovuz rayonu cəbhə bölgəsində yerləşdiyindən, iddia ərizəsi müəyyən olunmuş vaxtda məhkəməyə verilməmişdir. Bundan başqa, iddiaçının yaşadığı kənd, yəni Əlibəyli kəndi xüsusi karantin rejiminə düşmüşdür və postlar qurulmuş, eyni zamanda iddiaçının atası xəstə olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, N nömrəli hərbi hissə komandanlığının xx xxxx 2020-cü il tarixli əmriona həmin gün elan edilmiş və həmin tarixdən ehtiyyata buraxıldığını bilmişdir. Sadəcə olaraq pandemiya ilə əlaqədar olaraq iddia ərizəsi ilə məhkəməyə vaxtında müraciət edə bilməmişdir. İddiaçı vəkili və nümayəndəsi X3 da məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının vəkili və nümayəndəsi X2 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan 342 nömrəli təyinat vərəqəsinin surətindən görünür ki, İddiaçı 193 saylı Hərbi Hissə komandirinin xx.xx.2020-ci il tarixli, 047ƏÇ nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış və təyinat vərəqəsi xx xxxxx 2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161. bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Həmin Əsasnamənin 165. bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, əmrin qəbul edildiyi xx.xx.2020-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsaslar ərizəyə əlavə olunmamış və hazırkı məhkəmə iclasında da təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. X7 Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin hissədən asılı olan, xidmətə bərpa olunması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Eyni zamanda, iddia ərizəsində kompensasiyanın ödənilməsi xahiş edilmişdir. Bununla bağlı iddiaçının nəzərinə çatdırılır ki, kompensasiyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etməyini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçıya izah edilir ki, tələbinə cavab verməli orqana müraciət etdikdən sonra məhkəməyə müraciət olunmalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının vəkili və nümayəndəsi X2 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa olunması və dəymiş zərərin ödənilməsitələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı vəkili və nümayəndəsi X2 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa olunması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1238/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1238/2020
17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver