Məhkəmə qərarları › İş №2-1(114)-1239/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1239/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1239/2025 21.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əlilliyinin yenidən bərpa olunması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2013-cü il tarixdən 2021-ci ilin mart ayına kimi ikinci qrup əlil kimi pensiya almışdır. 2014-ci ilə kimi mülki sonralar isə hərbi travmanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı üçün hərbiçi kimi pensiya almışdır. İddiaçı sentyabr 1992-ci ildə hərbi xidmətə çağırılmış və hərbi hissədə kəşfiyyat tağım komandiri vəzifəsində xidmət etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən bir neçə dəfə yaralanmışdır. 1994-cü ilin aprel ayında aldığı ağır yaralanmanın nəticəsində Diaqnoz “Qapalı baş beyin travması, asteno-nevrotik sindrom” (Nizami Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli, 968 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli, 224 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-nevropotoloqun rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il, 3-28/3-1-118/2023 saylı “Vətən Müharibəsi iştirakçılarının psixatriya müayinələrinin təşkili” əmrinə uyğun o, Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları, koqnutiv funksiyaların enməsi ilə” F07.0. Təkrar Tibbi Ərazi Bölmələrinin İdarəetmə birliyinin publik hüquqi şəxsi Z.Məmmədov adına xəstəxananın poliklinika şöbəsinin 18 yanvar 2024-cü il tarixli göndərişinə əsasən, Psixonevroloji Dispansari tərəfindən bildirilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Psixonevroloji dispanserdə HPK tərəfindən komission qaydada müayinə olunmuş və rəy verilmişdir. Diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış tracma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları, koqnituv funksiyaların enməsi ilə F07.0 qoyulmuşdur. İddiaçı uzun müddət Gəncə və Məştağa psixonevroloji xəstəxanalarda müalicə almışdır. Hal-hazırda hərəkətlərinə cavabdehlik edə bilmir, yəni çox vaxtlar özünü idarə edə bilmir. Ailə üzvləri tərəfindən nəzarətdə olur. O, 2024-cü ilin yanvar ayında təkrar HHK-dan keçərkən ona imtina verilmişdir. İddiaçı Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində olan DSMF-nin Gəncə şöbəsinə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1239/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İ Qarabağ müharibəsi dövründə qapalı kəllə beyin travması almışdır, 2016-cı ildə 5 il müddətinə ikinci qrup əlilik təyinatı aparılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilik təyinatı xx.xx.2021-ci il tarixdə əyani müayinədə olmuş və Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur barədə qərar almışdır. “Diaqnozun mətni: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 -Baş beynin silkələnməsi X2: Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, Kəllədaxili travmaların nəticələri, Postravmatik ensefalopatiya İİ mərhələ Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya Məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmiş, özü iştirak etməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 647 nömrəli qərarına əsasən, Gəncə ş. Nizami RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Qəmbər oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı baş beyin travması, astenonevrotik sindrom” (Nizami RHK-nın xx.xx.2011-ci il tarixli, 968 nömrəli göndərişi, xx.xx.2011-ci il tarixli, 224 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqun rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə “KQKBT-nın qalıq əlamətləri Postravmatik ensefalopatiya Kəllə daxili hipertenziya Kəskin asteno nevrotik sindrom” diaqnozu ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “KQKBT-nın qalıq əlamətləri Postravmatik ensefalopatiya Kəllə daxili hipertenziya Kəskin asteno nevrotik sindrom” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Kəllədaxili travmaların nəticələri, Postravmatik ensefalopatiya İİ mərhələ. Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya” Diaqnozu ilə Əlavə müalicəyə ehtiyacın olması (Əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunur) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2934 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, İddiaçı Komissiya tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F07.0 xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə şəhər Birləşmiş xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - T90.5 Kəllədaxili travmaların nəticələri Stasionar müalicə aldığı müəssisələr: “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu “X8” - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-T90.5 Kəllədaxili travmaların nəticələri “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz-T90.5 Kəllədaxili travmaların nəticələri “Gəncə şəhər Psixi-Nevroloji Dispanser” - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz-F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Həkim müayinəsinin nəticələri: - F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə. (müayinə tarixi xx.xx.2023) - T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri (1994). Posttravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı. Vegetativ damar distonsiyası. Kortika atrofiya. Baş beynin travmatik zədələnməsi fonunda şəxsiyyət və davranış pozuntuları. Neyrosensor tipli ağır eşitmə. (müayinə tarixi xx.xx.2023) TSEK-ə göndəriş zamanı diaqnoz - Ağırlaşma F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri (1994). Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə, Posttravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İdiopatik periferik vegetativ nevropatiya. Vegetativ damar distoniyası” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na 2 nömrəli əlavə Təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri Son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti Digər psixi pozuntular – F07.0 stasionar - 10 gün ambulator – 2 dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə

7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə, orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Təkrar əlillik üçün üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 meyarı üzrə son 1 (bir) ildə tələb olunan minimal stasionar müalicə müddəti - 10 gün, ambulator müalicə müddəti isə - 2 dəfədir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurətinin olması – orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.2-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “KQKBT-nın qalıq əlamətləri Postravmatik ensefalopatiya Kəllə daxili hipertenziya Kəskin asteno nevrotik sindrom” diaqnozu ilə, İİ dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçı barəsində xx.xx.2024-cü il tarixli tibbi göndəriş-Forma-88 üzrə xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri (1994). Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə, Posttravmatik ensefalopatiya. Xroniki posttravmatik baş ağrısı, Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İdiopatik periferik vegetativ nevropatiya. Vegetativ damar distoniyası” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Gəncə şəhər Birləşmiş xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə F07.0” ağırlaşma diaqnozu qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumat üzrə xx.xx.2023-cü il tarixli həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2012-ci, 2013-cü, 2014-cü, 2015-ci il tarixlərdə eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 meyarı üzrə təkrar əlilliyə görə nəzərdə tutulan stasionar və ambulator müalicələri almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 647 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçıya 2012, 2013, 2014, 2015 və 2016-cı ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Yaşar Qənbər oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar