Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-124/2021 11.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X5rşı JN-0626 nömrəli «Torpağın mülkiyyət hüququ»na dair məlumatların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X7 bazasında yerləşdirilərək, torpaq sahəsinin planı və ölçüsünün və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində yerləşən JN-626 nömrəli «Torpağın mülkiyyət hüququ»na dair Dövlət Aktına dair məlumatların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X7 bazasında yerləşdirilərək, torpaq sahəsinin planı və ölçüsünün və mülkiyyət hüququna dair sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ərizəsinə əsasən Şəmkir rayon 1 saylı Dövlət notariat kontorunda xx xxxxxxxx 2009-cu il tarixdə vəfat etmiş X1 qalmış miras əmlakla bağlı vərəsəlik işi açılmış və o, ilkin olaraq məhrumun vərəsəsi müəyyənləşdirilmişdir. Hazırda həmin miras torpaq sahəsindən faktiki olaraq istifadə etməsinə və Dövlət Aktının olmasına baxmayaraq hazırki vaxta kimi torpaq sahəsinin planı və ölçüsünü və mülkiyyətə dair qeydiyyat vərəqəsini ala bilməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, JN-0626 nömrəli «Torpağın mülkiyyət hüququ»na dair məlumatların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X7 bazasında yerləşdirilərək, torpaq sahəsinin planı və ölçüsünün və çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixli **********24 nömrəli etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tərkibində yerləşən Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən dövlət aktları və torpağa mülkiyyət hüququna dair şəhadətnamələr baza məlumatlarına daxil edildikdən sonra reyestr xidməti ərazi idarələri tərəfindən hüquqlar dövlət reyestrində qeydiyyata alınır. JN-0626 nömrəli «Torpağın mülkiyyət hüququ»na dair Dövlət Aktı elektron bazada yerləşdirilmədiyi üçün sözügedən torpaq sahəsinə dair hüquqları Dövlət reyestrində qeydiyyata almaq mümkün deyil. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2006-cı il tarixli JN-0626 (KOD 50407018) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, xx.xx.2009-cu il tarixli AZ-İ 349937 nömrəli, 24.04.018-ci il tarixli AZ-İ 932239 nömrəli və xx.xx.2019-cu il tarixli AZ-İİ 005886 nömrəli ölüm haqqında şəhadətnamələr, Şəmkir şəhəri 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli 645 nömrəli məktubu, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********03 nömrəli, xx.xx.2020-ci il tarixli **********36 nömrəli, xx.xx.2020-ci il tarixli **********66 nömrəli və xx.xx.2021-ci il tarixli **********99 nömrəli məktubları, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********48 nömrəli imtina məktubu və cavabdehin xx.xx.2020-ci il tarixli **********24 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş JN-0626 (KOD: 50407018) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir rayonu Qaracəmirli kənd sakini X2 (ailə üzvləri X6 və Məmmədova Tamara Böyükkişi qızı) Şəmkir rayonu X3 xx.xx.2005-ci il tarixli 108 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.70 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 349937 nömrəli, 24.04.018-ci il tarixli AZ-İ 932239 nömrəli və xx.xx.2019-cu il tarixli AZ-İİ 005886 nömrəli ölüm haqqında şəhadətnamələrdən görünür ki, X6 xx.xx.2000-ci il tarixdə, X4 xx.xx.2009-cu il tarixdə və Məmmədova Tamara Böyükkişi qızı xx.xx.2017-ci il tarixdə Şəmkir rayonu Qaracəmirli kəndində ölmüşlər. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********03 nömrəli, xx.xx.2020-ci il tarixli **********36 nömrəli, xx.xx.2020-ci il tarixli **********66 nömrəli və xx.xx.2021-ci il tarixli **********99 nömrəli məktublarının məzmunundan görünür ki, sözügedən pay torpağının JN-626 (kod: 50407018) nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»ndakı 626C (1.58 ha) hissəli cizgisi ilə faktiki vəziyyəti ilə üstüstə düşmür, uyğunsuzluq mövcuddur. Bu tip uyğunsuzluqların aradan qaldırılması məqsədilə «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamına uyğun olaraq Şəmkir rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. İşin yuxarıda şərh olunan faktiki hallarından görünür ki, hal-hazırda sözügedən torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir və o, həmin torpaq sahəsindən mübahisəsiz qaydada istifadə edir. İş materiallarında olan Şəmkir şəhəri 1 saylı notariat ofisi tərəfindən 11 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 645 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu 1 saylı dövlət notariat ofisində Şəmkir rayonu Qaracəmirli kənd ünvanında yaşayan İddiaçı ərizəsinə əsasən mərhum xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 qalmış miras əmlaka dair ərizəçinin miras qoyanla qohumluq əlaqələri, habelə mirasın açıldığı vaxt və yer barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2019-cu il tarixdə 780 saylı vərəsəlik işi açılmış, mərhumun vərəsəsi ilkin olaraq İddiaçı müəyyənləşdirilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; Daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; Daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək; Dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq; Dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı işlərini həyata keçirmək, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil etmək; Fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək Xidmətin vəzifələridir («Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 3.0.18, 3.0.19, 3.0.23, 3.0.24, 3.0.27, 3.0.50, 3.0.53, 3.0.57 və 3.0.70-ci bəndləri). Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir (Əsasnamənin 5.1-ci bəndi); Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı JN-0626 (KOD: 50407018) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X6, X4 və Məmmədova Tamara Böyükkişi qızının adına verilmiş JN-0626 nömrəli «Torpağın mülkiyyət hüququ»na dair Dövlət Aktına əsasən məlumatların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X7 bazasında yerləşdirilərək, torpaq sahəsinin planı və ölçüsünün və çıxarışın verilməsinə dair sənədlərin dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində yerləşən JN-0626 nömrəli «Torpağın mülkiyyət hüququ»na dair Dövlət Aktına əsasən məlumatların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X7 bazasında yerləşdirilərək, torpaq sahəsinin planı və ölçüsünün və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X7 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-124/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-124/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver