Məhkəmə qərarları › İş №2-1(114)-1241/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1241/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1241/2025 29.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli əlilliyin dəyişdirilməsinə dair qərarının ləğv edilməsi və əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci tarixli əlilliyin dəyişdirilməsinə dair qərarın ləğv edilməsi və əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona 2009-cu ildən dağınıq skleroz xəstəliyinə görə müddətsiz əlillik təyin edilmişdir. Səhhətində ağırlaşmalar olduğuna görə cavabdehin 2015-ci ilin 22 dekabr tarixli qərarı ilə ona birinci qrup müddətsiz əlillik təyin edilmişdir. 27.05 2022-ci il tarixdə TSERA tərəfindən əlillik dərəcəsi yenidən 1-ci dərəcədən 2-ci dərəcəyə və 5 il müddətinə dəyişdirilmişdir. Onun 2007-ci ilin sentyabr ayında M.Ə.Mirqasimov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunmasına baxmayaraq bugünədək səhhətində müsbətə doğru hər hansı irəliləyiş yoxdur, əksinə başqalarının köməyi olmadan yeriyə bilmir, yatanda belə çəliklə yatır. Ətrafındakıların dediyinə görə danışığını idarə edə bilmir. Əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı ona hər hansı məlumat verilməmiş, yalnız 2023-cü ilin yanvar ayının sonunda sosial müavinətin ödənilməsi zamanı müavinətin məbləğinin azaldığının səbəbini araşdırarkən əlillik dərəcəsinin 2022-ci ilin may ayından dəyişdirildiyi məlum olmuşdur. İddiaçı bu səbəbdən əlillik dərəcəsinin dəyişdirilməsi ilə bağlı qərarın ləğv edilməsi məqsədi ilə 2023-cü ilin may ayının 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qazax şəhərində vətəndaşları qəbul etdiyi zaman onun qəbulunda olmuşdur. Nazir müavini və qəbulda iştirak edənlər, o cümlədən TSEK-nin nümayəndəsi onun sağlamlığının hansı vəziyyətdə olmasının canlı şahidi olmuşlar. Qəbul zamanı TSEK-in nümayəndəsi onun əlillik dərəcəsi ilə məşğul olacaqlarını bildirmiş, hətta bu məqsədlə yeni tibbi arayışın təqdim edilməsini, hətta müvafiq arayışın ixtisaslaşmış xəstəxanadan alınmalı olduğunu bildirmişlər. İddiaçı yenidən 2023-cü ilin avqust ayında M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasında müayinə olunmaqla xəstəlik vəziyyətinə dair arayışı, baş beyinin maqnit rezonans tomoqrafiyasına dair sənədi və digər sənədləri avqust ayının 23-də TSERA-ya təqdim etmiş və onu sentyabr ayında TSERA-da əyani müayinədən keçirmişlər. Amma TSEK-in nümayəndəsi qəbul zamanı onun əlillik dərəcəsi ilə maraqlanacağını bir öhdəlik kimi üzərinə götürsə də, hətta iddiaçı yenidən müayinə olunaraq müvafiq sənədləri təqdim etməklə yenidən müraciət etməsinə baxmayaraq, hələ də cavabdeh tərəfindən nə TSEK-ə çağrılmış, nə də rəsmi formada məlumatlandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanları qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Lakin bu qurum tərəfindən iddiaçının sosial təminat hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, dağınıq skaleoroz səbəbindən xx.xx.2015-ci il tarixdən birinci qrup müddətsiz əlilliyi olmuşdur. xx.xx.2022 tarixli əyani müayinə nəticəsində isə ona ikinci qrup müddətsiz əlillik təyinatı aparılmışdır. “Diaqnozun mətni: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G35-G37 - Mərkəzi sinir sisteminin mielinsizləşmə ilə gedən xəstəlikləri => G35 - Dağınıq skleroz X1: Dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi 2.2 İkinci dərəcə əlillik => 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9). Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, 2022-ci il tarixli inzibati qərarı iddiaçı təxminən 2 il sonra mübahisələndirmişdir. Bu da iddia müddətinin itirilməsinə səbəb olmuşdur. Odur ki, iddia qeyri mümkün hesab edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə daxil olmuş mülahizədə göstərilmişdir ki, Nazirlər Kabinetinin 2020-ci il yanvarın 17-dək qüvvədə olmuş 2016-cı il 05 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.1-ci, 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən edilməsi qaydasının 21-ci bəndinə uyğun olaraq əlilliyin qiymətləndirilməsi, o cümlədən əlillik müddəti bitdikdə və yaxud orqanizmdə xəstəlik vəziyyəti ağırlaşması baş verdikdə təkrar qiymətləndirilməsi səhiyyə müəssisələrinin göndərişi əsasında aparılır. Etiraza əlavə edilmiş qərar formasında isə təkrar müayinəni vətəndaşın müraciəti əsasında aparıldığı qeyd edilmişdir. Halbuki, iddiaçının ilkin əlilliyi 2009-cu ildə ömürlük müəyyən edilmiş və 2015-ci ildə sağlamlıq vəziyyətində ağırlaşmalar baş verdiyi üçün birinci dərəcə ömürlük əlilliyi müəyyən edilmişdir. Bu baxımdan ömürlük əlilliyi müəyyən edilmiş şəxsin əlilliyin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi həqiqətə uyğun deyildir. Digər tərəfdən məhkəməyə təqdim edilən qərar formasında əlillik dərəcəsinin 2022-ci ilin may ayının 24dən ikinci dərəcə müəyyən edildiyi göstərilir. Əlillik dərəcəsi may ayından dəyişdirildiyi halda iddiaçının sosial müavinəti də həmin ilin iyunun 1-dən ikinci dərəcə əlilliyə görə ödənilməli idi. Halbuki, 2023-cü il yanvar ayı daxil olmaqla ona birinci dərəcə əlilliyə görə müavinət ödənilməsi davam etmişdir. Qərarın formasına gəldikdə isə onun nə tarixi qeyd olunub, nə də, qərarda komissiya üzvlərinin imzası var. Sadəcə olaraq qərar haqqında onu demək olar ki, belə qərar heç bir hüquqi nəticə yarada bilməz. Həmçinin etirazda əlilliyin qiymətləndirilməsinin qüvvədə olan qanunvericiliyə əsasən tibb müəssisəsinin göndərişi əsasında aparıldığı və göndərişdə hansı məlumatların olmalı olduğu sadalanır. Etirazda qeyd edilən həmin məlumatların məsələnin həllində hansı rol oynadığı isə etirazda göstərilmir. Çünki iddiaçının tələbi əliliyin yenidən qiymətləndirilməsi deyil, əlillik vəziyyətinin dəyişdirilməsi barədə qanunazidd qərarın ləğv edilməsindən onun əvvəlki əlillik satusunun bərpa edilməsindən ibarətdir. Etirazda qeyd edilən İnzibati Prosessual Məcəllənin 38.1 maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) edildiyi vaxtdan, şikayət intansiyasına şikayətin verildiyi hallarda isə şikayətə dair qəbul edilən inzibati aktın təqdim edildiyi gündən 30 gün müddətində verilməlidir. İddiaçıya münasibətdə isə onun barəsində qəbul edilən inzibati akt və ya şikayətinə dair qəbul edimiş qərar ümumiyyətlə ona təqdim edilməmişdir. Odur ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunun tələbləri pozulmaqla qəbul edilmiş inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında iddiaçının vəkili gəlmiş, özü iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2015-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində ümumi xəstəlik səbəbi ilə “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Vətəndaş xx.xx.2022-ci il tarixdə 17 nömrəli Tibbisosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbilə 5 il müddətinə (xx.xx.2027-ci il tarixədək) ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, hazırda mübahisələndirilən qərarın iddiaçıya göndərilməsini və iddiaçı tərəfindən alınmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyil. Belə ki, qeyd olunan qərarın cavabdeh tərəfindən iddiaçıya göndərilməsini və iddiaçı tərəfindən alınmasını təsdiq edən sənədin təqdim edilməsi ilə bağlı cavabdehə sorğu verilməsinə baxmayaraq bununla bağlı məhkəməyə sənəd təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə müddətsiz İ dərəcəli əlillik təyin edilmişdir. Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində ümumi xəstəlik səbəbi ilə “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçının hüquqi marağı cavabdehin onun barəsində olan 5 il müddətinə İİ dərəcəli əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2015-ci il tarixdə təyin edilmiş müddətsiz İ dərəcəli əlilliyin bərpa edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi qanunverici Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi və ya ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə cavabdeh orqana iddiaçı barəsində olan TSEK-in xx.xx.2015-ci il tarixli qərarının düzgünlüyünü şübhə altına alan hallar, həmin halların hansı tarixdə aşkar olunması, İddiaçı əyani müayinə olunub-olunmaması barədə məlumatın verilməsi haqqında soğu verilsə də, cavabdeh tərəfindən həmin sorğuya cavab verilməmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2015-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar “dağınıq skleroz, serebrospinal forma. Aşağı ətrafların spastik paraparezi. Kəskin yeriş pozğunluğu” diaqnozu ilə müddətsiz İ dərəcəli əlillik təyin edilmiş, həmin qərar qüvvədə olduğu halda iddiaçı barəsində xx.xx.2022-ci il tarixli qərar ilə ümumi xəstəlik səbəbi ilə eyni diaqnozla 5 il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli qərar həm İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçı barəsində olan TSEK-in xx.xx.2015-ci il tarixli qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduğu halda inzibati icraat başlanmalı, iddiaçının dinlənilmək hüququ təmin edilməli, əyani müayinəyə cəlb edilməli, daha sonra müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməli idi. Lakin hazırkı iş üzrə cavabdeh TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğuna əsaslanmamış, inzibati icraat başlamamış, TSEK-in xx.xx.2015-ci il tarixli qərarını ləğv etməmiş və ya dəyişdirməmişdir. xx.xx.2015-ci il tarixli qərar qüvvədə olduğu halda heç bir əsas olmadan xx.xx.2022-ci il tarixli qərar qəbul edərək iddiaçıya 5 il müddətinə İİ dərəcəli əlillik təyin etmişdir. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının İddiaçı 5 il müddətinə İİ dərəcəli əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və həmin tarixdən iddiaçıya xx.xx.2015-ci il tarixdə təyin edilmiş İ dərəcəli müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının İddiaçı 5 il müddətinə İİ dərəcəli əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdə təyin edilmiş İ dərəcəli müddətsiz əlilliyin xx.xx.2022ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar