Məhkəmə qərarları › İş №2-1(114)-1242/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1242/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1242/2024 26.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum tarixinin dəyişdirilərək yeni doğum haqqında şəhadətnamə verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı xx.xx.1998-ci il tarixində anadan olmuş və bu barədə 10 sentyabr 1998-ci il tarixində 02 nömrəli Doğum haqqında akt qeydi tərtib edilmişdir. AZ-T 026902 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçıxx.xx.1998-ci il Ağdam rayonu, Çəmənli kəndində anadan olmuşdur, ata qrafasında X2, ana qrafasında isə X3 qeyd edilmişdir. İ-ЖГ № 35590 saylı xx.xx.1998-ci il tarixli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə müəyyən edilir ki, 10 iyul 1995-ci il tarixdə doğulmuş İddiaçı atası X1r və bu atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 10 sentyabr 1998-ci ildə 03 nömrə ilə qeydə alınmışdır. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1998-ci il tarixində anadan olmuşdur. İddiaçı Cavabdehnə müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək xx.xx.2023-cü il tarixli, 732-05/15 nömrəli məktubu ilə bildirilmişdir ki, onun xx.xx.1998-ci ildə 55 nömrə ilə Ağdam rayon Çəmənli İ/N-də doğumu qeydə alınmışdır və onun doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1998-ci il kimi qeyd edilmişdir, xx.xx.1998-ci ildə Ağdam rayonu Çəmənli İ/N-də 02 nömrə ilə qeydə alınmış atalığın müəyyən edilməsi haqqında akt qeydində doğum tarixi qrafasında doğum tarixiniz xx.xx.1998-ci il kimi qeyd edilmişdir . Onun doğum haqqında akt qeydində və atalığın müəyyən edilməsi haqqında akt qeydlərində doğum ilinə dəyişiklik edilməsinə əsas verən zəruri sənədlər ( doğum haqqında tibbi şəhadətnamə , məhkəmə qətnaməsi və.s) təqdim edə bilmədiyi üçün doğum ilinə yəni (xx.xx.1995-ci il) düzəliş etmək qanunvericiliyin tələbinə uyğun olaraq birbaşa səlahiyyətlərinə aid deyil. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus doğum akt qeydində doğum tarixinin xx.xx.1998-ci il tarixdən xx.xx.1995-ci il tarixə dəyişdirib yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 10 iyul 1995-ci il tarixdə Ağdam rayonu, Çəmənli kəndində doğulmuşdur. Bu hal ona verilmiş İ-ЖГ seriyalı, 35590 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə təsdiq olunur. O, Ağdam rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə hərbi xidmətə çağırılmışa, 470 saylı Hərbi hissədə xidmətə başlamış, xx.xx.2014-cü il tarixdən xidmətimi 525 saylı Hərbi hissədə xidmətini davam etdirmiş, xx.xx.2015-ci il tarixdə xidmət müddəti başa çatdığı üçün ehtiyata buraxılmışdır. Qeyd olunanlar ona məxsus SX seriyalı ******* saylı hərbi biletlə təsdiq olunur. O, Ağdam rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə çağırılan zaman ondan doğum haqqında şəhadətnamə tələb edilmiş, o şəhadətnaməni təqdim etmiş, sonra doğum haqqında şəhadətnamə ona qaytarılmamışdır. Nə qədər tələb etsə də ona şəhadətnamənin itdiyini bildirmişlər. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, Ağdam rayon Çəmənli Ərazi Nümayəndəliyi tərəfindən 17 may 2017-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamədə doğum tarixi xx.xx.1998-ci il olması göstərilmiş, habelə doğum haqqında akt qeydləri kitabında xx.xx.1998-ci ildə 10 nömrə ilə qeyd edildiyi əks etdirilmişdir. Ağdam rayon Çəmənli Ərazi Nümayəndəliyi tərəfindən edilmiş yanlışlıq nəticəsində onun sənədlərində yanlış məlumatlar göstərilir. Tərəflər məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə onun doğum tarixi 10 iyul 1995-ci il qeyd olunsa da, ona məxsus doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1998-ci il qeyd edilmişdir. Bu səbəbdən də iddiaçı cavabdeh orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığı üçün onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların: -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Beləliklə müəyyən olunur ki, iddiaçı doğum tarixinin 1995-ci il olduğunu iddia etsə də, ona məxsus ilkin sənəddə, yəni doğum haqqında akt qeydində doğum tarixi 1998-ci il kimi qeyd edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas yoxdur. Doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının doğum tarixinin doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, sonrakı sənədlər ilkin doğum haqqında akt qeydində səhv olması nəticəsinə gəlməyə əsas vermir. Həmçinin iddiaçının sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar