Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1242/2025 09.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı «əlilliyin bərpa edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı «əlilliyin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli müayinə ilə bağlı imtinasının əsassız hesab edilməsi, onun xəstəliyi ilə əlaqədar İİİ dərəcə əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonunun Dəyirmandağ kəndində doğulmuşdur. Hal-hazırda Gədəbəy rayonu, Dəyirmandağ kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. ünvan 2ləyərkən xx.xx.2014-cü ildə işlədiyi məktəbin həyətində təsərrüfat işləri, təmizlik işləri görərkən müvazinətini itirərək yıxılmış və xəsarət almışdır. Belə ki, həmin hadisədə sağ ayağı burxulmuş və sağ ayağının topuq hissəsindən diz nahiyyəsinə kimi olan hissədən travma (xəsarət) almışdır. Travma aldıqdan sonra Gədəbəy rayon Mərkəzi Xəstəxanasına müraciət edib ambulator müalicə alsa da, heç bir müsbət nəticə olmadığından ailə üzvləri onu xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri 3 saylı X5 Xəstəxanasına gətirib, həmin xəstəxananın travma şöbəsinə yerləşdirmişlər. Müalicə həkimi travmatoloq Telman həkim olmuşdur. 26 fevral 2015-ci il tarixə kimi Gəncə şəhəri 3 saylı X5 Xəstəxanasında stasionar müalicə olunsa da, heç bir müsbət nəticəsi olmamış, əksinə ağrıları daha da ağırlaşmağa başlamışdır. 2015-ci ilin may ayına kimi müalicə olunsa da sağ ayağının dizdən aşağı hissəsində iki qırıq olduğundan iş qabiliyyətini itirmişdir. Həkimlər ona «sağ qamış sümüyünün aşağı 1/3 sümüyünün tam olmayan qeyri düzgün bitişməsindən sonrakı vəziyyət, baldırın deformasiyası, venozdamar çatışmazlığı, hər iki ayaqların boş ayaqlılığı, aşıq-baldır oynaqlarının iki tərəfli arfrozo-arfriti, yeriş funksiyasının pozulması» diaqnozu qoymuşlar. Aldığı travmalara görə əlillik müəyyən edilməsindən ötrü Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmiş və Tibbi Sosial Ekspert Komissiyası tibbi sənədlərini, eləcə də barəsində tərtib olunmuş forma 88-i araşdırıb onu müayinə etdikdən sonra xx.xx.2015- ci ildə ona İİİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Bir il keçdikdən sonra stasionar müalicə sənədlərinə və Forma 88-ə əsasən TSEK-in həkimləri ona növbəti 5 il müddətinə yenidən əlillik dərəcəsi təyin etmişlər. 2016-cı ildən 2021-ci ilə kimi müalicələrini davam etdirmişdir. Beş il müddətində ambulator müalicə ilə birlikdə, həm də Gəncə 3 saylı TTY Xəstəxanasının travma şöbəsində xx.xx.2019-cu il tarixindən, xx.xx.2019-cu il tarixə kimi, xx.xx.2021-ci il tarixindən, xx.xx.2021-ci il tarixə kimi stasionar müalicə olunmuşdur. Bundan başqa xx.xx.2021-ci il tarixdə X3 və Ortopediya İnstitunda xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə müayinədən keçib xəstəliklərini özündə əks etdirən tibbi arayışlar almışdır. Gədəbəy rayon Mərkəzi Xəstəxanasında xx.xx.2023-cü ildən, xx.xx.2023-cü il tarixinədək stasionar müalicə olunmuşdur. xx.xx.2024-cü il tarixdə X3 və Ortopediya İnstitunda müayinədən keçib tibbi arayış almış və axırıncı dəfə xx.xx.2024-cü ildə Gədəbəy rayon Mərkəzi Xəstəxanasında müayinə olunmuşdur. Yuxarıda qeyd etdiyi müalicələri aldığı iddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərlə də tam təsdiq olunur. TSEK ona axırıncı dəfə xx.xx.2024-cü ildə intina vermişdir. İmtinada diaqnoz: «Sağ qamış sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus və antevurkasiya deformasiyaları.Hər iki daban sümüklərinin Aşıl tendonu birləşmə yerində kalsifik tendinozu. Hər iki ayaq baldır oynağının açıcı-bükücü kəskin kontraksiyası (solda açma 110 dərəcə, bükmə 100 dərəcə, sağda açma 100 dərəcə, bükmə 90 dərəcə). Hər iki ayağın birinci barmağının hallux valqus deformasiyası, sağ ayağın İV barmağının çəkicəbənzər deformasiyası.Əzələ atrofiyası» qoyularaq, imtinaya səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı:Status Lokalis və diaqnozda qeyd olunan məlumatlar arasında uyğunsuzluq vardır göstərilmişdir. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə Konstitusiyada nəzərdə tutulmuş xəstəliyi ilə bağlı ədalətli pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən iddia ərizəsinə dair məhkəməyə etiraz ünvanlanmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məzmununa uyğun izahat verdi. Əlavə olaraq verilən suallara cavab olaraq bildirdi ki, ayağında axşamlar yatan zaman ağrılar olur. Bu isə aldığı xəsarətlərlə bağlıdır. Faktiki isə kənddə təsərrüfat ilə məşğuldur. Həmin işləri görməyə fiziki vəziyyəti imkan verir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini İddiaçı aid ambulator və stasionar tibbi kartasından çıxarışlar, iddiaçıya məxsus B0020714MRQ saylı tibbi göndəriş (Forma 88), Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazım qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia tələbi məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı qeyd olunur ki, məhkəmə imtina qərarının xx.xx.2024-cü il tarixdə qəbul edilməsini, iddia ərizəsinin isə xx.xx.2025-ci il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq hesab edir ki, iddia vaxtında qaldırıldığından qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət buraxılmamışdır və iddia mümkün iddiadır. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gədəbəy rayonu «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının «Sağ qamış sümüyünün orta. 1/3-nin qeyri-düzgün bitişmiş sınığı.» diaqnozu ilə rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı ilədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Bundan sonra xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən iddiaçıya üçüncü dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra İddiaçı sonuncu müraciəti üzrə Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, B0020714MRQ saylı tibbi göndəriş rəsmiləşdirilmiş və Tibbi Sosial Ekspert Komissiyası iddiaçının əlavə müalicəyə ehtiyacının olması barədə qərar qəbul etmişdir. Daha sonra məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinədən keçirilməsi Tibbi Sosial Ekspert Komissiyasına həvalə edilmişdir. Qərardadın icrası üzrə iddiaçı xx.xx.2025-ci ildə Agentlikdə əyani müayinədə olmuş və şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar müayinə nəticəsində təsdiqini tapmadığı üçün əlillik təyinindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələrində təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Maddə 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, əlilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi, eyni zamanda tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi mərhələlərini əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydaları»: Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə -«Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti»nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi üçün sonuncu Şəmkir rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli, B0020714MRQ saylı tibbi göndəriş olmuşdur. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakılar olmuşdur. Əsas diaqnoz: Qamış sümüyü cisminin (diafizinin) sınığı, Sağ qamış sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus və antekurvaziya deformasiyaları. Hər iki daban sümüklərinin Aşil tendonu birləşmə yerində kalsifik tendinozu. S82.2. Ağırlaşma: Oynaqların kontrakturası, Hər iki aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (solda açma 110 dərəcə, bükmə 100 dərəcə, sağda açma 100 dərəcə, bükmə 90 dərəcə) M24.5. Ağırlaşma: Ekvino-varus əyripəncəliyi, Hər iki ayağın birinci barmağının hallux valqus dedformasiyası, sağ ayağın İV barmağının çəkicəbənzər deformasiyası. Q66.0. Ağırlaşma: Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Dayaq-hərəkət funksiyasının pozulması. R26.8. Ağırlaşma: Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Əzələ atrofiyası. M62.5. Ağırlaşma: Digər osteoporozlar, Hər iki ayaq sümüklərinin osteoparozu. M81.8. Ağırlaşma: Digər daimi ağrı, daimi ağrı sindromu. R52.2. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş «Əlilliyin müəyyən olunması meyarları»: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - «Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti»nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı xəstəlikləri onun əlilliyinin qiymətləndirildiyi zaman qüvvədə olmuş «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulmuş hər hansı bəndə uyğun gəlmədiyi üçün cavabdeh orqanın ona əlillik təyin etməkdən imtina barədə qərarı (hərəkətləri) qanuni olmuşdur. Belə ki, İddiaçı tibbi göndərişdə qoyulmuş diaqnozların heç biri Əlilliyin müəyyən olunması meyarlarına Əlavədə əksin tapmamışdır. Yalnız XBT kodu Q66.0 olan - Ekvinovarus əyripəncəliyi, Hər iki ayağın birinci barmağının hallux valqus dedformasiyası, sağ ayağın İV barmağının çəkicəbənzər deformasiyası diaqnozu Əlavənin 13.4-cü bəndinə uyğun gəlir ki, həmin xəstəliyində ağırlaşma hallarının heç biri iddiaçıya mövcud deyil. Göründüyü kimi cavabdeh orqanın iddiaçıya əlillik təyin edilməməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı «əlilliyin bərpa edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1242/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1242/2025
09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver