Məhkəmə qərarları › İş №2-1(114)-1243/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1243/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1243/2020 23.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixli iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyi bildirilmiş və ərizədəki formal xətaları aradan qaldıraraq məhkəməyə yenilənmiş iddia ərizəsi təqdim etmək hüququ izah edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə yenilənmiş iddia ərizəsi təqdim etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında xidmət etmiş və xx.xx.1985-ci il tarixdə ehtiyyata buraxılmışdır. xx.xx.N-cü il tarixdə N saylı hərbi hissəyə göndərilmişdir. Sonra hərbi hissə rəhbərliyinin N saylı əmrinə əsasən xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilmişdir. Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli əmrinə və hərbi hissə rəhbərliyini xx.xx.1995-ci il tarixli, 265 nömrəli əmrinə əsasən bütün növ təminatlardan çıxardılaraq, qeydiyyata düşmək üçün Ağdam Rayon Hərbi Komissarlığına göndərilmişdir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, 11/3248 nömrəli məktub göndərərək iddia ərizəsinə etiraz etmiş və bunu onunla əsaslandırmışdır ki, Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli müvafiq əmrində İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 177 nömrəli əmri ilə (əsas: §-5, sıra-174, əmrdə adı Miralı yazılmışdır) şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxardılaraq N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Ağdam Rayon Hərbi Komissarlığından çağırılmış X1 N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 213 nömrəli əmrində (əsas: səhifə 22, §-1, sıra-120, əmrdə adı Mürsəl yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğu üçün 30 və yuxarı yaş hədli olan, 1965-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 265 nömrəli əmri ilə (əsas: səhifə 45, §-6, sıra-34) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam Rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində şəxsi heyətin siyahısına salınması bardə məlumat aşkar edilməmişdir. İddiaçı təqdim etdiyi arxiv arayışında onun N saylı hərbi hissədə hərbi xidmətinin başlanması xx.xx.1994-cü il tarixdən qeyd edilir. Həmin dövr atəşkəs dövründən sonrakı vaxtı əhatə edir. Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 1/A-5048 nömrəli məktubu. - iddiaçıya məxsus 1983-cü il tarixli, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019cu il tarixli, 9/2-3548 nömrəli arxiv arayışının surəti. - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 9/2-7144 nömrəli cavab məktubu. - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 11/5282 nömrəli cavab məktubu. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin Ağdam Rayon Hərbi Komissarlığına ünvanladığı xx.xx.2008-ci il tarixli, 26/2-14330 nömrəli məktubu. - N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il və xx.xx.1995 ci il tarixli əmrindən çıxarışları. - Ağdam Rayon Məhkəməsinin 2(13)-1572/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddsəinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”Əsasnamə”sinin 1-ci maddəsinin tələblərinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-3548 nömrəli arxiv arayışından görünür ki, Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli müvafiq əmrinə əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 177 nömrəli əmri ilə (əsas: §-5, sıra-174, əmrdə adı Miralı yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxardılaraq N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Ağdam Rayon Hərni Komissarlığından çağırılmış X2 N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 213 nömrəli əmri ilə (əsas: səhifə 22, §-1, sıra-120, əmrdə adı Mürsəl yazılmışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğu üçün 30 və yuxarı yaş hədli olan, 1965-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 265 nömrəli əmri ilə (əsas: səhifə 45, §-6, sıra-34) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam Rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/2-7144 nömrəli cavab məktubunda da qeyd edilmişdir ki, Ağdam Rayon Hərbi Komissarlığından çağırılmış, 1965-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirini xx.xx.1994-cü il tarixli, 109 nömrəli əmri ilə ( §-2, sıra-7) 3-cü MAT-ın şəxsi heyətinin siyahısına və bütü növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 109 nömrəli əmri ilə (əsas: §-5, sıra-1) xx.xx.1994-cü il tarixdən qazan təminatlarından çıxardılmışdır. Fərarilikdən gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixi, 111 nömrəli əmri ilə (əsas: §-5, sıra-1) xx.xx.1994-cü il tarixdə qazan təminatlarına daxil edilmişdir. xx.xx.1994-cü il tarixdə hərbi hissəni silahla özbaşına tərk etdiyi üçün N ömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 138-nömrəli əmri ilə (əsas: §-8, sıra-73) 2-ci MAT-ın qazan təminatlarından çıxardılmışdır. Fərarilikdən gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixi, 168 nömrəli əmri ilə (əsas: §-2, sıra-6) xx.xx.1994-cü il tarixdə 2-ci MAT-ın qazan təminatlarına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli, 177 nömrəli əmri ilə (əsas: §-1, sıra-174) sıravi İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, xx.xx.1994-cü il tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 213 ömrəli əmri iə (əsas: səhifə 22, §-1, sıra-120, əmdə adı Mürsəl yazılmışdır) xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş İddiaçı Həsə oğlu şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edimişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1995-ci il tarixli müvafiq əmrinə əsasə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğu üçün 30 və yuxarı yaş hədli olan, 1965-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 265 nömrəli əmri ilə (əsas: səhifə 45, §-6, sıra-34) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdam Rayon Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən təqdim edilmiş İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 6576 saylı, xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı, xx.xx.1994-cü il tarixdən xx.xx.1995ci il tarixədək N saylı hərbi hissələrin tərkibində xidmətdə olmuşdur. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 11/5282 nömrəli cavab məktubunda da qeyd edilmişdir ki, xx.xx.1997-ci il tarixdə Silalı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısına" əsasən N nömrəli hərbi hissə xx.xx.N-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə də, məhkəmə araşdırmaları zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatı, məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarına əsasən də müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının qanunla qorunan hüquqlarını pozaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, İddiaçı xidmət yerini tərk etməsi barədə arxiv arayışında qeydlər olsa da, həmin halın hüquqi nəticə verməsi göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar