Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1244/2024 20.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy rayonu Novoivanovka Bələdiyyəsinə qarşı “Gədəbəy rayonu Novoivanovka kəndində yerləşən torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Gədəbəy rayonu Novoivanovka Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Gədəbəy rayonu Novoivanovka kəndində yerləşən və onun istifadəsində olan bələdiyyə mülkiyyətində olan 0,488 ha torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması satılması öhdəliyinin qoyulması” barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1983-cü ildən Gədəbəy Rayonu Novoivanovka kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Novoivanovka kəndində ona məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi 0.2988 ha olaraq 1983-cü il tarixindən hal-hazıradək onun istifadəsindədir. Fərdi yaşayış evinin **********36-10301 reyestr nömrəli Texniki Pasportundan görünür ki,1987-ci ildə tikilmiş fərdi yaşayış evidir. Onun həyətyanı torpaq sahəsi faktiki olaraq 0.2988 ha təşkil etməklə onun istifadəsində göstərilib. X1 görünür ki, uzun illər istifadəsində olan 0.488 ha torpaq sahəsi hər tərəfi qonşularla əhatə olunmuş Bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir, qapalı olan həmin torpaq sahəsinin avtomobil yoluna da çıxışı yoxdur.Həmin 0.488 ha torpaq sahəsinə aid Gədəbəy Rayon Novoivanovka Bələdiyyəsinə 3 dəfə rəsmi qaydada (poçtla) müraciət edərək həmin torpaq sahəsinin onun uzun illər istifadəsində olduğunu əsas gətirərək ona satılmasını xahiş etmişdir. Lakin həmin müraciətlərdən xx.xx.2023-cü il tarixində 5-44/2-36/2023 yalnız birinə cavab vermişdir,digər iki rəsmi müraciətinə cavab verilməmişdir. Həmçinin iddia ərizəsində torpaq sahəsini Bələdiyyə tərəfindən qərəzli olaraq ona satmaqdan imtina etdiyini qeyd etmişdir. Qeyd edilənləri əsas gətirən iddiaçı “Gədəbəy rayonu Novoivanovka kəndində yerləşən və onun istifadəsində olan bələdiyyə mülkiyyətində olan 0,488 ha torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması satılması öhdəliyinin qoyulması” barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı qeyd etmişdir ki, iddia etdiyi torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Torpaq sahəsinin ona satılması barədə cavabdehə mütraciət etsə də sonuncu bundan imtina etmişdir. Qeyd edilənləri əsas gətirib iddia tələbininin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətidir və həmin torpaq sahəsinin satılması qanunvericlik ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd).İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı araşdırıla bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İPM-in 35.1-ci maddəsinin mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının:- -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29.1-ci maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. -29.2-ci maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. -29.3-cü maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına... 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. İşin hallarından məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hal-hazırda bələdiyyə mülkiyyətindədir. Yəni cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq qorunur. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisələndirilən torpaq sahəsinin ona satılması ilə bağlı öhdəlik daşımır və bu onun hüququdur. İddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifənin cavabdehin üzərinə qoyulması onun hüquqlarına birbaşa müdaxilə hesab olunur. Belə olduqda isə, cavabdehin müqavilə bağlamaq barədə qərar qəbul edilməsindən imtina etməsi iddiaçının hüquqlarını pozmur. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gədəbəy rayonu Novoivanovka Bələdiyyəsinə qarşı “Gədəbəy rayonu Novoivanovka kəndində yerləşən torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1244/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1244/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver