Məhkəmə qərarları › İş №2-1(114)-1246/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1246/2022

25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1246/2022 25.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı avtomobilin üzərindən beynəlxalq axtarışla əlaqədar qoyulmuş məhdudiyyətin götürülməsi və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “BMW X-6” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı, universal tipli, № WBAFH10900B42934 ban nömrəli, qara metallik rəngli, 2014-cü il buraxılışlı avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin axtarışına xitam verilməklə üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5969/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə 9-cu mkr-da yerləşən avtomobil satışı salonundan 37.000 ABŞ dollarına X6 adlı şəxsdən "BMW X-6" markalı **- TX-*** dövlət qeydiyyat nişanlı, universal tipli, WBAFH10900B42934 ban nömrəli, qara metallik rəngli, 2014-cü il buraxılışlı avtomobil almışdır və Moskva şəhərində yaşadığından bacanağı X2 həmin avtomobilə dair etibarnamə vermişdir. Maddi imkanı çətin olduğundan 2021-ci ilin noyabr ayında həmin avtomobili satmaq qərarına gəlmişdir. Bu məqsədlə bacanağı X1 xahiş etmişdir ki, həmin avtomobili sürüb Azərbaycan Respublikası BDYPİnə aparsın. X3 həmin avtomobili BDYPİ-nə aparan zaman ona zəng edərək məlumat vermişdir ki, avtomobil 21 noyabr 2021-ci il tarixdə təkrar qeydiyyat üçün BDYPİ-nə təqdim edilmiş və avtomobilin texniki müayinəsi keçirilən zamanı avtomobilin İnterpol xətti ilə Almaniya dövləti tərəfindən axtarışda olması aşkar edilmişdir. Bundan sonra fakt üzrə Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmışdır. Araşdırma nəticəsində onun əməlində cinayət tərkibi olmadığından vicdanlı alıcı hesab edilməklə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona avtomobilin üzərində mülkiyyət hüququnun tanınması üçün mülki qaydada məhkəməyə müraciət etməsi izah olumuşdur Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(114)-1246/2022 nömrəli qərardadı ilə iddiaçının vəkilinin ““BMW X-6” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı, universal tipli, № WBAFH10900B42934 ban nömrəli, qara metallik rəngli, 2014-cü il buraxılışlı avtomobilin üzərindən beynəlxalq axtarışla əlaqədar qoyulmuş məhdudiyyətin götürülməsi və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının vəkili X7 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. -surəti işə əlavə edilmiş Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli 7160-1222 nömrəli məktubundan görünür ki, “BMW X-6” markalı, 2014-cü il buraxılışlı ban nömrəsi: WBAFH10900B42934 olan avtomobilin Almaniya Federativ Respublikasından axtarışda olması səbəbindən həmin avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması qeyrimümkün hesab edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, sözügedən avtomobil ilk dəfə xx.xx.2014-cü il tarixdə Baş X10 İdarəsi tərəfindən müvafiq gömrük vəsiqəsi əsasında qeydiyyata alınaraq avtomobilə **-XL-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş və qeydiyyat şəhadətnaməsi verilmişdir. Bundan sonra həmin avtomobil xx.xx.2014-cü il tarixdə təkrar qeydiyyata alınaraq dövlət qeydiyyat nişanı saxlanılmaqla ipoteka müqaviləsinə əsasən « AtaBank »-ın Nərimanov filialında girov qoyulmaqla qeydiyyat şəhadətnaməsi verilmiş, daha sonra həmin avtomobil xx.xx.2015-ci il tarixdə X4 adına təkrar qeydiyyata alınmaqla müvafiq qeydiyyat şəhadətnaməsi verilmiş, xx.xx.2019-cu il tarixdə iddiaçının adına təkrar qeydiyyata alınmaqla avtomobilə qeydiyyat şəhadətnaməsi verilmiş və **-TX-*** dövlət qeydiyyat nişanları təhkim edilmişdir. Göründüyü kimi iddiaçı qeyd olunan avtomobili qanuni yolla əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək mülkiyyətçinin konstitusion hüququdur və iddiaçı bu hüququndan istifadə edərək qanuni yolla əldə etdiyi avtomobilə dair müvafiq qeydiyyat hərəkətlərinin aparılmasını tələb edir. Nəqliyyat vasitələrinin qeydiyyatı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin qanunun icrasını təmin etmək məqsədilə qəbul edilmiş digər normativ aktlarla tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin:- -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. -2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud haqların və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. Qeyd olunan normalardan görünür ki, bu qəbildən olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, eləcə də qeydiyyatla bağlı digər hərəkətlərin aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (onun müvafiq qurumları) tərəfindən həyata keçirilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, sözügedən avtomobilin üzərindən beynəlxalq axtarışla əlaqədar qoyulmuş məhdudiyyətin götürülməsi və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “BMW X-6” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı, universal tipli, № WBAFH10900B42934 ban nömrəli, qara metallik rəngli, 2014-cü il buraxılışlı avtomobilin üzərindən beynəlxalq axtarışla əlaqədar qoyulmuş məhdudiyyətin götürülməsi və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar