Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1246/2025 28.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək Gəncə şəhər X11 Satış Birliyində və xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək 176 nömrəli X17nda işlədiyi dövrün sosial sığorta stajina daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:
1. X5 (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır.
2. İddiaçı ilə X7 nikahlarını xx.xx.1981-ci il tarixdə rəsmiləşdirmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 582 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseyn-Zadə, ərə Hüseyn-Zadə soyadı verilmişdir.
3. İddiaçı (X1 qeyd edilmişdi) Kirovabad şəhəri 1 nömrəli məktəblərarası tədris istehsalat kombinatında oxumuş və 1977-ci ildə ərzaq malları satıcısı peşəsi üzrə istehsalat təliminin tam kursunu bitirmişdir. Bu barədə xx.xx.1977-ci il tarixdə AЗ-052961 nömrəli ixtisas haqqında şəhadətnamə verilmişdir.
4. İddiaçının adına xx.xx.1977-ci il tarixdə açılmış ИТ-0214693 nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Kirovabad şəhər X11 Satış Birliyində müxtəlif vəzifələrdə, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək 176 saylı X9 satıcı vəzifəsində işləmişdir.
5. X16 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-1442/1/2024 nömrəli arxiv çıxarışına əsasən iddiaçı xx.xx.1977-ci il tarixli, 119-k nömrəli əmrlə xx.xx.1997-ci il tarixdən 143 nömrəli mağazaya satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı il tarixli, 54 nömrəli əmrlə 176 nömrəli mağazaya köçürülmüş, xx.xx.1999-cu il tarixli 2 nömrəli əmr ilə Gəncə şəhər X11 ticarət birliyi ləğv edilmiş, onun tabeliyində olan obyektlər Dövlət Əmlak Komitəsinin istehsalat və təsərrüfatı idarəsinin tabeliyinə verilmişdir. Əmək haqqının hesablama-ödəniş cədvəllərində iddiaçının oktyabr 1977-ci ildən dekabr 1992-ci ilədək aldığı əmək haqqı qeyd olunmuş, 1993-1999-cu illər üzrə əmək haqqının hesablamacədvəllərində iddiaçının adı aşkar olunmamışdır.
6. Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-21-3/2-7485/2025 nömrəli məktubuna əsasən Xidmətin arxivində qeyd olunan müəssisənin özəlləşdirilməsi barədə sənədlərdə İddiaçı adı əmək kollektivi üzvlərinin siyahısında aşkar edilməmişdir.
7. Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-21-3/2-13327/2025 nömrəli məktubuna əsasən Xidmətin arxivində qeyd olunan müəssisənin özəlləşdirilməsi barədə sənədlərdə İddiaçı adı əmək kollektivi üzvlərinin siyahısında aşkar edilməmişdir.
8. Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-34-23/2-163/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, 1996-cı ildə yaradılmış Azərbaycan Dövlət reyestrində xx.xx.1996-cı ildən 176 saylı X17 adlı statistik vahid qeydiyyata alınmış, lakin 1999-2004-cü illərdə fəaliyyət göstərməsi barədə heç bir məlumat yoxdur.
9. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-2-18/2- 11455/2024 nömrəli məktubla təqdim edilmiş qeydiyyat iş qovluğundakı sənədlərə əsasən: • Gəncə şəhər X11 ticarət birliyinin xx.xx.1992-ci il tarixli, 343 nömrəli əmri ilə birliyin tərkibindən mağazalar (176 nömrəli də qeyd olunmuşdur) və xırda topdan satış bazası çıxarılmayıb, hüquqi şəxs kimi kommersiyalaşdırılmışdır. • 176 nömrəli X17 xx.xx.1993-cü il tarixdən Ədliyyə Nazirliyində qeydiyyata alınmış, bu barədə 721 nömrəli təsərrüfat subyektlərinin qeydiyyatı şəhadətnaməsi verilmişdir. • ünvan 2 ünvanda yerləşən əmlaka dair 176 saylı X8 istifadə hüququna dair Kəpəz rayon DVM-nin xx.xx.1994-cü il tarixli, 013847 nömrəli şəhadətnaməsi əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi KÇMKTİB Gəncə şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən fevral 1995-ci il tarixdə texniki pasport tərtib edilmişdir. • 176 saylı X17 xx.xx.1997-ci il tarixdə ********* VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. • 03.01.1998-ci il tarixli, 01 nömrəli əmrlə X10 oğlu həmin tarixdən 176 nömrəli mağazanın müdiri vəzifəsinə təyin edilmişdir.
10. 176 nömrəli X8 xx.xx.1999-cu il tarixli, 02 nömrəli əmri ilə iddiaçı xx.xx.1999-cu il tarixdən satıcı işinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçıya iyul 1999-mart 2004 tarixlərdə ödənilmiş əmək haqqı barədə cədvəllər məhkəməyə təqdim edilmişdir.
11. xx.xx.2017-ci il tarixdən iddiaçıya “Sosial müavinətlər haqqında” AZərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasn üç və daha çox uşaq doğub, 8 yaşına qədər tərbiyə etmiş 57 yaşına çatmış ana kimi yaşa görə sosial müavinət təyin edilmiş və hazırda həmin müavinət iddiaçıya ödənilir.
12. İddiaçının pensiya təyinatı ilə bağlı ilkin müraciəti üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/1-H-51456/2024 nömrəli Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərarında imtina əsası kimi göstərilmişdir ki, vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən 28 il 2 ay stajı vardır. Lakin arxiv arayışına əsasən 1993- 1999cu, həmçinin fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən pensiya kapitalı olmadığına görə xx.xx.1999-xx.xx.2006-cı illəri əhatə edən dövrləri sığorta stajına daxil etmək qeyri-mümkündür (15 il 2 ay+4 ay PSK= 15 il 2 ay ). Eyni zamanda, vətəndaş xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət aldığına görə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsi tətbiq edilmir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır.
13. İddiaçının pensiya təyinatı ilə bağlı sonuncu müraciəti xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
14. İnzibati icraat zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2017-ci ilin iyun ayı üzrə 28,01 manat, 2018-ci il üzrə 10,60 manat, 2019-cu ilin mart ayı üzrə 15,44 manat, iyun ayı üzrə 15,44 manat mdss ödənişləri həyata keçirilmişdir.
15. Ümumi sosial sığorta stajı cavabdeh tərəfindən hesablanarkən xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan iş dövrü və mdss ödənişləri üzrə 04 ay nəzərə alınmaqla, 15 il 06 ay 27 gün hesablanmışdır.
16. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra mətndə - cavabdeh) xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1- 49672/2024 nömrəli qərarına əsasən iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan sığorta stajı və pensiya sığorta kapitalı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. Təqdim olunmuş arxiv arayışına əsasən vətəndaşın 1992-ci ildən sonra əmək haqqı cədvəllərində adı aşkarlanmamışdır. Vətəndaşın əvvəlki müraciətində təqdim etdiyi əmək kitabçası ilə hazırki müraciətində təqdim olunmuş əmək kitabçası arasında uyğunsuzluq (sonradan yazılaraq möhürlənmiş staj) aşkar edildiyindən xx.xx.1999 - xx.xx.2004-cü illər üzrə olan dövr sığorta stajına daxil edilmir. xx.xx.2017-ci il tarixindən yaşa görə müavinət təyin olunmuşdur.
17. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 03-17-1/2-H-160362/2024 nömrəli məktubunda bildirmişdir ki, təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sığorta stajı xx.xx.1992-ci il tarixindən xx.xx.1999- cu il tarixinədək adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla 15 il 6 ay 27 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 15 il 2 ay 27 gün sığorta stajına uyğun olaraq 15358,23 manat, xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 69,49 manat olmaqla, ümumilikdə 15427,72 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ Pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan Pensiya təminatına imkan vermir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2017-ci il tarixindən üç və daha çox uşaq doğub, 8 yaşına qədər tərbiyə etmiş 57 yaşına çatmış ana kimi yaşa görə sosiat müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. xx.xx.2024-cü il tarixli müraciəti zamanı təqdim edilən ИТ- ******* saylı əmək kitabçası ilə xx.xx.2024-cü il tarixli müraciəti zamanı təqdim edilən eyni saylı əmək kitabçası arasında uyğunsuzluq olduğundan (sonradan yazılaraq möhürlənmiş staj) xx.xx.1999-cu il tarixindən xx.xx.2004cü il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məlumat üçün, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə onun pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında iddiaçının şikayət vermək hüququ vardır.
Məhkəmə mübahisəsi:
18. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı “1977-ci ildən 2004-cü ilədək Gəncə şəhəri X11 satış ticarət birliyində və 176 saylı X17nda işlədiyi, həmçinin 2 il peşə məktəbində təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir.
19. Daha sonra iddiaçı ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və “xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək Gəncə şəhər X11 Satış Birliyində və xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək 176 nömrəli X17nda işlədiyi dövrün sosial sığorta stajina daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” xahiş etmişdir.
20. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3757/2024 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1977-ci ilin oktyabr ayından əmək fəaliyyətinə başlamış, 2004-cü ilin fevral ayınadək, yəni 27 ilə yaxın əmək fəaliyyəti ilə məşğul olmuş və 2 il peşə məktəbində oxuyaraq satıcı ixtisası almışdır. 2004-cü ildənn etibarən ailə vəziyyəti ilə əlaqədar əmək fəaliyyəti ilə məşğul olmamış, 4 uşaq anasıdır. 2023-cü ilin iyul ayından yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bunun üçün cavabdehə müraciət etmiş və ona xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.
22. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-234191/2024 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixınədək mubanisələndirilməyən iş stajı 15 il 2 ay 27 gün təşkil edir. İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006cı il tarixinədək 15 il 2 ay 27 gün sığorta stajına uyğun olaraq 15358,23 manat, xx.xx.2017ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 69,49 manat olmaqla ümumilikdə 15427,72 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. İddiaçının xx.xx.2024-cü il tarixli müraciəti əsasında təqdim etdiyi Azərbaycan Respublikası X16 filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2- H- 326/1/2024 nömrəli arxiv arayışına əsasən Gəncə şəhər X11 Satış Ticarəti Birliyinin arxiv fondunun əmək haqqının hesablama-ödəniş cədvəllərində adı aşkar olunmadığından xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrlər sığorta stajına əlavə edilməmişdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1999-cu il tarixində 176 saylı X17na işə daxil olması barədə məlumatlar qeyd olunsa da, işdən çıxma barədə məlumat qeyd olunmadığından, eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə fərdi şəxsi hesabın sığorta hissəsində sözügedən müəssisədə isləməyi ilə bağlı məcburi dövlət sosial sığorta haqları qeydə alınmadığından xx.xx.1999-cu il tarixindən sonrakı dövr sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciəti zamanı təqdim etdiyi ИТ- ******* saylı əmək kitabçası ilə xx.xx.2024-cü il tarixli müraciəti zamanı təqdim etdiyi eynı saylı əmək kitabçası arasında uygunsuzluq olduğundan (sonradan yazılaraq möhürlənmiş staj) xx.xx.1999-cu il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövr sığorta stajına əlavə edilməmişdir.
23. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2-264702/2024 nömrəli etirazında imtina əsaslarını təkrarlamışdır.
24. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi əmək kitabçasında xx.xx.2004-cü il tarixdə işdən azad olması barədə qeydin olmamasını bildirmişdir.
Əsaslandırma hissəsi:
İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2024-cü il tarixdə 65 yaşına çatmışdır). İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər üzrə qeyd edilən və mdds ödənişləri həyata keçirilən dövr ilə birlikdə 25 ildən (26 il 09 ay) çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1999 (21 il 08 ay), xx.xx.1999-xx.xx.2004-cü (04 il 08 ay) il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan iddiaçının xx.xx.1977-xx.xx.1992-ci il üzrə 15 il 02 ay müddəti qəbul edir. İnzibati orqan iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Kirovabad şəhər Ərzaq Malları ticarət idarəsi üzrə 176 nömrəli mağazada satıcı vəzifəsində, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək 176 saylı X9 satıcı işlədiyi müddətin onun sosial sığorta stajına daxil etməyərək sonuncuya pensiya təyinatından imtina etmişdir. Deməli mübahisəli dövrlər xx.xx.1993-xx.xx.1999 və xx.xx.1999-xx.xx.2004-cü illər üzrə olan dövrlərdir. İlkin olaraq məhkəmə, xx.xx.1993-xx.xx.1999-cu il dövrlərə qiymət verir. İşdəki əmək kitabçasının surətindən (4-cü və 5-ci sıra nömrəli qeydlər) görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixli, 02 nömrəli əmrlə Kirovabad şəhər X11 Satış Birliyinin 176 nömrəli ərzaq malları satışı mağazasına satıcı təyin edilmiş, xx.xx.1999-cu il tarixli 02 nömrəli əmrlə işdən azad edilmişdir. Həmin qeydlərdən yalnız sonuncusu direktor T.Rzayev tərəfindən imzalanmış, möhürlə təsdiqlənmişdir. Sözügedən qeydlər kiril əlifbası və azərbaycan dilində icra edilmişdir. Sonuncu qeyddəki imza ilə X16 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2- 1442/1/2024 nömrəli arxiv çıxarışında əks olunmuş T.Rzayev tərəfindən imzalanmış xx.xx.1999-cu il tarixli 02 nömrəli əmrdəki imzaların fərqli olduğu görünür. Göründüyü kimi, əmək kitabçasındakı əmrin nömrəsi arxiv çıxarışındakı nömrə ilə uyğun gəlsə də, tarix fərqlidir (əmək kitabçasında xx.xx.1999, əmrdə xx.xx.1999) Həmçinin, o da nəzərə alınmalıdır ki, Gəncə şəhər X11 ticarət birliyinin xx.xx.1992-ci il tarixli, 343 nömrəli əmri ilə birliyin tərkibində olan 176 nömrəli mağaza hüquqi şəxs kimi kommersiyalaşdırılmış, xx.xx.1993-cü il tarixdən təsərrüfat subyekti kimi Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Başqa sözlə, xx.xx.1993-cü il tarixdən etibarən iddiaçının işlədiyi 176 nömrəli X17 ayrıca subyekt kimi fəaliyyət göstərməyə başlamışdır. Bununla yanaşı, Gəncə şəhər X11 satış Ticarəti Birliyinin özəlləşdirilməsi barədə sənədlərdə iddiaçının adı aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə əsaslıdır. Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1-ci bəndinə əsasən, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər-hansı düzəlişlər edilməsi yolverilməzdir. Digər mübahisəli - xx.xx.1999-xx.xx.2004-cü (04 il 08 ay) dövr üzrə isə məhkəmə qeyd edir ki, həmin dövrlər üzrə ilkin müraciət zamanı iddiaçının cavabdehə təqdim etdiyi əmək kitabçasında işdən çıxma barədə qeydin olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının işlədiyini iddia etdiyi 176 nömrəli X8 direktoru iddiaçının həyat yoldaşı X10 oğludur və iddiaçı tərəfindən təqdim edilmiş, müəssisənin möhürü ilə təsdiqlənmiş əmək haqqı cədvəlləri də X10 oğlu tərəfindən imzalanmışdır. Məhkəmə onu da qeyd edir ki, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilsə də, iddiaçı tələb olunan 25 il sosial sığorta stajına malik olmayacaqdır (15 il 02 ay mübahisələndirilməyən dövr + 04 ay mdss ödənişləri edilən müddət və 04 il 08 ay, cəmi 20 il 02 ay). Digər tərəfdən, məhkəmə iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinə əsasən, 2019-2025- ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, həmin Qanunun 22-1.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İstinad olunan normadan görünür ki, avtomatlaşdırılmış qaydada pensiya təyini 2006cı il yanvarın 1-dək olan sığorta stajı yetərli olmayan şəxslərə təyin olunur. Məhkəmə qeyd edir ki, qanunverici avtomatlaşdırılmış qaydada pensiya təyini üçün müəyyən məhdudiyyətlər qoymuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən üç və daha çox uşaq doğub, 8 yaşına qədər tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmiş, bu da 2019-cu ilin yanvarın 1-dən əvvəl baş vermişdir. Bu səbəbdən də iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinin şərti mövcud olmuşdur. Göründüyü kimi, iddia olunan dövr üzrə iddiaçının əmək fəaliyyəti ilə məşğul olması faktı təsdiq edilmədiyindən, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Beləliklə, iddiaçı pensiya təyin edilməsi üçün tələb olunan şərtləri ödəmədiyindən qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilədək Gəncə şəhər X11 Satış Birliyində və xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək 176 nömrəli X17nda işlədiyi dövrün sosial sığorta stajina daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev