Məhkəmə qərarları › İş №2-1(114)-1247/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1247/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1247/2025 07.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həkim vəzifəsində xidmət edir. Xidmət etdiyi dövrdə nizam-intizamlı hərbi qulluqçu olmuş, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif edilmişdir. Həmçinin “ Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. O, 10 illik xidmətini başa vurduqdan sonra xx.xx.2024-cü il tarixdə N saylı hərbi hissənin rəisinə raport yaaraq onun Azərbaycan ordusunda xx.xx.2024-cü il tarixdə kadr zabiti olaraq 10 il xidmət müddətinin tamam olması və öz xahişi nəzərə alaraq Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ordu sıralarından ehyiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raport əsasında vəsatət qaldırılsa da göndərilmiş təqdimat icra edilmədən geri qaytarılmışdır. Qeyd edilənləri əsas gətirən iddiaçı Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə iclası 07 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçı və iddiaçının nümayəndəsi(vəkili) məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. (Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsi). İddiaçı və onun iddiaçının nümayəndəsi(vəkili) ayra-ayrılıqda məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli 0852 nömrəli əmrlə tibb xidməti leytenantı hərbi rütbəsi verilmiş, xx.xx.2017-ci il tarixli, 0691 nömrəli əmrlə Azərbaycan Tibb Universitetinin rezidenti, xx.xx.2022-ci il tarixli, 0301 nömrəli əmrlə Nefrologiya bölməsinin baş ordinatoru vəzifəsinə təyin edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 764 nömrəli məktubdan görünür ki, tibb xidməti kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciət etmişdir. Tibb xidməti kapitanı İddiaçı müraciəti əsasında müvafiq sənədləri hazırlanaraq qərar qəbul edilməsi üçün xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Tibb İdarəsinə göndərilmiş, 26 iyul 2024-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) qeyd hissəsini əsas tutaraq təqdimatlar icra edilmədən geri qaytarılmışdır. -iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Təqdimatdan görünür ki, tibb xidməti kapitanı İddiaçı, xx.xx.2022-ci i tarixdən N nömrəl hərbi hissənin Nefrologiya bölməsinin baş ordinatoru vəzifəsində xidmət etmiş, xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı və savadlı bir zabit kimi göstərmişdir. Özünun və tabeliyində olanarın döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün çalışmışdır. Tibb xidməti kapitanı İddiaçı Azərbaycan Ordusunda təqvim ilə 12 il, 00 ay, 10 gün, güzəştlə 02 il, 03 ay, 14 gün, ümumi 14 il, 03 ay, 24 gün xidmət etmişdir. Şəhadətləndirilmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasın Hərbi Həkim Komissiyasına göndərilmişdir və Hərbi Həkim Komissiyasının 30 may 2024-cü il tarixli 5358 nömrəli arayışına əsasən hərbi xidmətə yararlıdır » qərarı verilmişdir. Dövlət sirrini qorumağı bacarır, fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Göstərilənləri nəzərə alaraq, tibb xidməti kapitanı İddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab olunmuşdur. -iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli söhbət vərəqələrindən görünür ki, iddiaçı könüllü şəkildə mümkün qədər tez bir zamanda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -156-cı bəndinə əsasən, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. -160-cı bəndinə əsasən, dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, ali zabit heyəti - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hərbi təhsil müəssisələrinin kursantları vaxtından əvvəl (bu Əsasnamənin 15-ci maddəsi) səhhətlərinə görə - hərbi hissə komandiri, ona bərabər və ondan yuxarı olanlar tərəfindən, ailə vəziyyətlərinə görə isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən, gizirlər və miçmanlar - Silahlı Qüvvələr növlərinin komandanları, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən, zabitlər (ali rütbəli zabitlərdən başqa) - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. -161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və puraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. -163-cü bəndinə əsasən, ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 8-ci abzasına əsasən, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -40.3-cü maddəsinə əsasən, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. -41.0.9-cu maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını hazırki işin hallarına uyğun tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi təmin edilməli, cavabdeh orqanın qərar qəbul edilməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab edilməli və iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı tibb xidməti kapitanı İddiaçı Azərbaycan Ordusunda təqvimlə 14 il, 03 ay, 24 gün xidmət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinin tələbləri baxımından da qanunidir. Bundan başqa, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportun surətindən görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin müavininə rəsmi müraciət edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, N nömrəli hərbi hissə komandirinin tibb hissəsi üzrə müavini – tibb hissəsinin müavini tərəfindən hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. İddiaçı ilə müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə birinci və ikinci söhbətləşmələr aparılmış, İddiaçı mümkün qədər tez bir zamanda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Lakin buna baxmayaraq, iddiaçının ehtiyata buraxılması ilə bağlı müvafiq qərar qəbul edilməmişdir. Cavabdeh orqan bunun səbəbləri barədə məhkəməyə qanuni və əsaslı məlumat verə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar