Məhkəmə qərarları › İş №2-1(114)-1249/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1249/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1249/2022 12.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə 07.12.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 07.02.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə Ukrayna Respublikası Taras Şefçenko adına Kiyev Milli Universitetinin politologiya fakültəsinə daxil olmuş, 2020-ci ildə həmin universiteti bitirmiş və ona 31.12.2020-ci il tarixdə M20-167197 nömrəli magistr diplomu verilmişdir. İxtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də sonuncu tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmamsı əsası ilə bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh qurumun əməkdaşı ilə müsahibə zamanı yalnız 1 suala cavab verə bilməmişdir, həmin sual isə onun aldığı ixtisasla bağlı deyil, məntiqi sual olmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 25.10.2021-ci il tarixli qərarının məzmunundan görünür ki, iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamsı əsası ilə onun xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. -surəti işə əlavə edilmiş M20-167197 nömrəli diplomdan görünür ki, iddiaçı Ukrayna Respublikası Taras Şefçenko adına Kiyev Milli Universitetində politologiya ixtisası üzrə magistr pilləsində oxumuşdur. - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddiaya etiraz ərizəsinin məzmundan görünür ki, iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamsı əsası ilə imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı Ukrayna Respublikası Taras Şefçenko adına Kiyev Milli Universitetində politologiya ixtisası üzrə magistr pilləsində təhsil almış və ona müvafiq olaraq diplom təqdim edilmişdir. İddiaçı cavabdeh quruma müraciət edərək, həmin diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçınən həmin ixtisas üzrə bilik səviyyəsi qənaətbəxş olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, 1.4-cü bəndinə görə isə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 1.7-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. Sözügedən Qaydaların 2.4-cü bəndinə görə ərizəçi tərəfindən təqdim olunan sənədlərə, bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır, 2.5-ci bəndinə görə isə, ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.5-ci bəndinə görə xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Məhkəmə həmçinin qeyd edir ki, Qaydaların 1.6-cı bəndinin İİİ hissəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli, 919-İQ nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə Bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmçinin qeyd olunmalıdır ki, «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili iddiaçının ixtisas dili üzrə biliklərinin qənaətbəxş olmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tədris dilini hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırkı cavabdeh qurumun deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin səlahiyyətlərinə aid olduğundan və iddiaçı təhsilini artıq həmin ölkədə başa vurduğundan,məhkəmə cavabdeh inzibati orqanın arqumentləri ilə razılaşmır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya məxsus diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Ukrayna Respublikası Taras Şefçenko adına Kiyev Milli Universiteti tərəfindən verilmiş 31.12.2020-ci il tarixli M20 167197 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar