Məhkəmə qərarları › İş №2-1(114)-1249/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1249/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1249/2025 27.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X7 və X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X7, X13, X11 və X10 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 1 ünvanında qeydiyyatda olan üçüncü şəxs X7 və onun himayəsinə verilmiş uşaqları xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X10 pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göygöl rayon Qızılqaya (keçmiş Fizuli) qəsəbəsində yerləşən 1 saylı çoxmənzilli binanın 1 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzilin onun tam mülkiyyətində olması barədə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi Xanlar rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ona xx.xx.2004-cü il tarixli, 8/504 nömrəli Qeydiyyat vəsiqəsi və mənzilin texniki pasportu verilmişdir. Lakin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Asan-Gəncə xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, iddiaçının keçmiş gəlini xx.xx.1986-cı il təvəllüdlü X7 və Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsi ilə onun himayəsinə verilmiş uşaqları xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X2 rayon Qızılqaya (keçmiş Fizuli) qəsəbəsində yerləşən tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mənzildə qeydiyyatdadırlar. Belə ki, üçüncü şəxs X7 iddiaçının oğlu X15 ilə xx.xx.2008-ci ildə nikaha daxil olmuş və onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X14 anadan olmuşdur. Ailə münasibətlərində olan narazılığa görə iddiaçı Quliyeva (Abbasova) Ülviyyə İlham qızı cavabdeh X12 qarşı nikahın pozulması və sabit pul məbləğində alimentin tutulması barədə 10 may 2022-ci il tarixdə iddia ərizəsi ilə Göygöl rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsi ilə iddiaçı Quliyeva (Abbasova) Ülviyyə İlham qızı və cavabdeh X15 arasında xx.xx.2008-ci ildə Göygöl rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş 01 saylı nikah aktı qeydi pozulmuş, birgə nikahlarından anadan olmuş X13, X11 və X14 anaları X4 himayəsinə verilmiş və sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. Nikah Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsi ilə pozulmuş və Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 58 №-li Nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir. İddiaçının keçmiş gəlini X7 və onun himayəsinə verilmiş uşaqları X13, X11 və X14 10 may 2022-ci il tarixdən iddiaçının mülkiyyətində olan ünvan 1-də yaşamırlar. İddiaçı üçüncü şəxslərə qeydiyyatından çıxmalarını bildirsə də üçüncü şəxslər onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Buna görədə iddiaçı Cavabdehnə xx.xx.2024-cü il tarixli ərizə ilə üçüncü şəxslərin “Yaşayış Yeri və X26 Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mülkiyyətçisi olduğu mənzildən qeydiyyatdan çıxarılmaları üçün müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ona cavab verilmişdir ki, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində daimi pasport qeydiyyatında olan üçüncü şəxslər X7, X13, X11 və X10 –“Yaşayış Yeri və X26 Qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılması mümkündür. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə qeydiyyatda olmaları mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşmasına gətirib çıxarmışdır. İddiaçının keçmiş gəlini və uşaqlarının qeydiyyatları formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, o, üçüncü şəxslərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Həmçinin, onların iddiaçının mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, iddiaçı həmin mənzili özgəninkiləşdirmək istədikdə, üçüncü şəxslərin razılığının alınması onun üçün əlavə problemlər yaradır. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən onun ərizəsinin təmin olunmaması qanunsuzdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3767/2024 nömrəli qərardadı ilə X7, X13, X11 və X14 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmiş, məhdud fəaliyyət qabiliyyətli X13, X11 və X10 valideyni X7 ilə təmsil olunmaları qərara alınmışdır. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxslər X7 (X11 və X10 qanuni nümayəndəsi) və X13 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdilər. İşin halları xx.xx.2004-cü il tarixli, 8/504 reyestr nömrəli Qeydiyyat vəsiqəsinə əsasən, Xanlar (Göygöl) rayonu, Füzuli qəsəbəsində yerləşən mənzil X6 adına qeydə alınmışdır. 2004-cü il sentyabr tarixli texniki pasporta əsasən, Xanlar (Göygöl) rayonu, Fizuli qəsəbəsində yerləşən mənzilin hüquq subyekti X9r. Göygöl rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, X15 və X5 nikahı haqqında xx.xx.2008-ci tarixdə 01 nömrəli akt qeydi tərtib olunmuşdur. Ərə Qulili, arvada Quliyeva soyadı verilmişdir. Nikah Göygöl rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2022-ci ildə 58 №-li akt qeydi ilə Göygöl rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixli, AZ-İ № 484445 Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən, X15 ilə X4 aralarındakı nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışına və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən, xx.xx.1986-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X2 rayonu, Qızılqaya (Fizuli) qəsəbəsi ünvanında qeydiyyatdadırlar. İddiaçı ona məxsus olan fərdi yaşayış evində daimi pasport qeydiyyatında olan X7, X13, X11 və X10 məcburi qaydada qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və X26 qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, yaşayış yerini dəyişdikdə (yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında), başqa ölkədə yaşayış yeri seçdikdə (müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında), azadlıqdan məhrum olduqda (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında), öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə (ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında), şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Göygöl rayon Qızılqaya qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.1986-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X2 rayonu, Qızılqaya (Fizuli) qəsəbəsi, bina 1, mənzil 1 ünvanında qeydiyyatdadırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 15-ci fəsil Ailənin başqa üzvlərinin aliment öhdəlikləri Maddə 89. Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı - Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir;

“Yaşayış yeri və X26 qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və X26 qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və X26 qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və X26 qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və X26 qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı onun keçmiş gəlini X7 və nəvələri X13, X11 və X10 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarıdır. “Yaşayış yeri və X26 qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və digər hallarda çıxarılır. Qeyd olunan normanın mənasına görə, yaşayış sahəsindən istifadə hüququ olan şəxslərin həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması istisna olunur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının oğlu X19 ilə üçüncü şəxs X7 xx.xx.2008-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Həmin vaxtdan xx.xx.2022-ci il tarixədək onlar ünvan 1 ünvanında yaşamışlar. Həmin nikahdan xx.xx.2008-ci il tarixdə X13, xx.xx.2011-ci il tarixdə X11 və xx.xx.2012-ci il tarixdə X14 doğulmuş və valideynləri ilə birlikdə qeyd olunan ünvanda yaşamışlar. Hal-hazırda üçüncü şəxslər iddiaçıya məxsus olan mənzildə yaşamırlar. Məhkəmə hesab edir ki, iddia tələbi üçüncü şəxs X5 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçının oğlu X19 ilə üçüncü şəxs X7 arasında nikah münasibətləri 2008ci ildə yaranmışdır. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, üçüncü şəxs Ülviyyə Abbasova ilə iddiaçı arasında iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın mövcudluğu aşkar edilməmişdir. Məhkəmə tərəfindən inzibati məhkəmə icraatı zamanı üçüncü şəxs X5 iddiaçıya məxsus mənzildən istifadə hüququnun mövcudluğu müəyyən edilməmişdir. İddia tələbinin üçüncü şəxslər X13, X11 və X10 iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Üçüncü şəxslər X13 2008-ci, X11 2011-ci, X14 2012-ci il tarixlərdə doğulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının nəvələri olan üçüncü şəxslər X8 Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, X11 və X10 isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, ünvan 1 ünvanından istifadə hüququ yaranmışdır. Məhkəmənin qənaətinə görə, üçüncü şəxslər X13, X11 və X10 iddiaçıya məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarının olduğu halda həmin üçüncü şəxslərin iddiaçıya məxsus olan ünvandan qeydiyyatdan çıxarılmaları qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X5 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia qismən təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar