Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1251/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanda yerlşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışda uyğunsuzluğun aradan qaldırılması məqsədilə düzəliş edilərək yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1966-cı il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Gəncə şəhər TİB-nin xx.xx.1987-ci il tarixli 77 qərarı ilə iddiaçı Gəncə şəhəri, Rüzqər Qasımov küçəsi ünvanda yerləşən 41 nömrəli fərdi yaşayış evi verilmiş, bu barədə xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Həmin evə dair xx.xx.1996-cı il tarixdə tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunda binanın təsviri 4 yaşayış otaqlı, ümumi sahəsi 318,1 kv.m, yaşayış sahəsi 114,5 kv.m, köməkçi sahə 180,1 kv.m, zirzəmisi 80,9 kv.m, açıq eyvanı 15,4 kv.m ölçüdə əks olunmuşdur. xx.xx.2012-ci il tarixdə tərtib edilmiş müayinə aktına əsasən fərdi yaşayış evinin “A” literi faktiki ölçüsü 254,4 kv.m, yaşayış sahəsi 114,5 kv.m, köməkçi sahəsi 139,9 kv.m, zirzəmi 80,9 kv.m, açıq eyvan 31,1 kv.m, “B” literi xidməti binası 56,1 kv.m-dir. “A” literində 54,4 kv.m ölçüdə köməkçi sahə və 15,7 kv.m ölçüdə açıq eyvan icazəsi tikinti kimi, 1,2,3,4 nömrəli otaqların mağaza kimi istifadə olunduğu müəyyən edilmişdir. ünvan 4 ünvanda 0,0535 ha torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, yaşayış sahəsi 114,5 kv.m, yardımçı sahə 203,6 kv.m, ümumi sahəsi 318,1 kv.m 4 yaşayış otaqlı **********08-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin əmlakla bağlı 2012-ci ildə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportuna əsasən fərdi yaşayış evinin “A” literi 1966-68-ci illərdə tikilmiş, 2 mərtəbəli, 4 yaşayış otaqlı, ümumi sahəsi 318,1 kv.m, yaşayış sahəsi 114,5 kv.m, köməkçi sahə 203,6 kv.m, zirzəmisi 80,9 kv.m, açıq eyvanı 15,4 kv.m, tikintialtı sahəsi 211,5 kv.m; “B” literli xidməti binası 1966-68-ci illərdə tikilmiş, 1 mərtəbəli, tikintialtı sahəsi 56,1 kv.m-dir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya məxsus fərdi yaşayış evi üzərində həbs qoyulmuşdur. İddiaçı ona məxsus fərdi yaşayış evin faktiki vəziyyətinə uyğun qaydada dövlət reyestrində düzəliş edilməsi ilə bağlı sonuncu dəfə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-N-0026/02- 8/2024 nömrəli məktubunda bildirmişdir ki, eyniməzmunlu xx.xx.2024-cü il tarixli, ********** nömrəli müraciətinə xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-N-0026-8/2024 nömrəli məktubla cavab verilmişdir. Aparılan araşdırma zamanı, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Müraciətdə qeyd olunan, fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə hüquqmüəyyənedici sənədlərin əsli ilə müraciət edəcəyi təqdirdə müraciətə qanunamüvafiq baxılacaqdır. İddiaçı cavabdehə qarşı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətçisi olduğu ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədi olan dövlət reyestrindən çıxarışda uyğunsuzluğun aradan qaldırılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək yeni çxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestr PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestr PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinə xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Gəncə şəhəri R.Qasımov 41 ünvanında yerləşən 1963-cü ildə inşa edilmiş fərdi yaşayış evinin qeyd edilən tarixdən yəni əlavə tikinti aparılmadan hazırki vəziyyəti 2(iki) mərtəbə 1(bir) zirzəmi olmaqla 9(doqquz) otaq və 15 (on beş) digər təyinatlı sahə və tikililərdən ibarət olması lakin evin hüquq müəyyənedici sənədi olan dövlət reyestrindən çıxarışda həmin fərdi yaşayış evi 1(bir) mərtəbə və 4(dörd) otaqdan ibarət göstərildiyi səbəbindən yaranmış uyğunsuzluğu aradan qaldırılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək yeni çıxarışın verilməsi barədə xx.xx.2024-cü il tarixdə yazılı müraciət etmişdir. Müraciətində texniki pasportun qanunvericiliyin tələbinə görə hüquq müəyyənedici sənəd hesab edilmədiyi və yalnız reyestrdə qeydə alınaraq çıxarışda təsbit edilmiş əmlak göstəricilərinin sxematik əksi olduğunu qeyd etmişdir. Bu baxımdan yaranmış uyğunsuzluq, iddiaçının əmlaka olan və qanunla qorunan mülkiyyət hüququ və həmin hüququn məzmununu təşkil edən sahıblik, istifadə və sərancam hüquqlarını pozur. Yəni əmlaka dair hər hansı hərəkət və əməliyyatların icrasını əsassız olaraq əngəlliyir. xx.xx.2024-cü il tarixli şablon xarakterli məktubla kifayətlənmişdir. Halbuki müraciətin icrası üçün tələb olunan sənədlər cavabdehə təqdim edilmişdir və xahiş edilmiş işlər cavabdehin vəzifə borcu olmaqla yanaşı publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənir. Belə ki, qeyd olunan fəaliyyət Azərbaycan Respublikası“İnzibati icraat haqqında” Qanunu ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi izahatında bildirmişdir ki, əmlak faktiki 2 mərtəbədən ibarətdir. Birinci mərtəbəsində ticarət və xidmət obyektləri yerləşir. Ötən ilin yazında bankla borcun ödənilməsi barədə razılığa gələn zaman evin birinci mərtəbəsinin, yəni obyektlərin satılması üçün real müştəri var idi. Evin ikinci mərtəbəsi, yəni yaşayış hissəsi girovdan azad olunaraq iddiaçıda qalırdı. Lakin alqısatqısının sənədləşmə mərhələsində alıcı evin həmin hissəsinin qeyri-yaşayış təyinatlı sənədlə təmin edilməsi şərtini irəli sürmüşdür. Qeyd olunan sənədin əldə olunması üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrində nəzərdə tutulmuş hərəkətlər icra edilməlidir. Bununla bağlı müvafiq icra hakimiyyətinə təqdim edilməli olan evin çıxarışı və texniki pasportundan əlavə keçirilməsi nəzərdə tutulan sahənin texniki təsvirini əks etdirən planı da tələb olunur. Göründüyü kimi, bu hərəkətlərin icra olunması iddia tələbində göstərilən evin hüquqmüəyyənedici sənədi olan çıxarışla evin real vəziyyətinə və texniki pasport göstəriciləri ilə arasında olan uyğunsuzluğun aradan qaldırılması ilə mümkündür. Bu barədə müvafiq icra orqandan şifahi şəkildə məlumat almışdır. Uyğunsuzluğun aradan qaldırılaraq yeni çıxarışın verilmə vəzifəsi müraciətinə əsassız imtina vermiş cavabdehin üzərinə düşür. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-8203/2024 nömrəli etirazını təqdim etmiş, etirazında imtina əsaslarını müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3771/2024 nömrəli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd).İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddianın mümkünlüyü yoxlanılmadan iddianın əsaslılığı araşdırıla bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı cavabdehin hərəkəti nəticəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İPM-in 35.1-ci maddəsinin mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı cavabdehin hərəkəti nəticəsində hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir. Belə ki, hazırkı işin hallarından görünür ki, mübahisəli əmlakın ölçüləri xx.xx.1996-cı il tarixdə tərtib edilmiş 4 yaşayış otaqlı, ümumi sahəsi 318,1 kv.m, yaşayış sahəsi 114,5 kv.m, köməkçi sahə 180,1 kv.m, zirzəmisi 80,9 kv.m, açıq eyvanı 15,4 kv.m olması müəyyən edilmişdir. Həmçinin, 2012-ci ildə tərtib edilmiş daşınmaz əmlakın texniki pasportunda da fərdi yaşayış evinin “A” literi 1966-68-ci illərdə tikilmiş, 2 mərtəbəli, 4 yaşayış otaqlı, ümumi sahəsi 318,1 kv.m, yaşayış sahəsi 114,5 kv.m, köməkçi sahə 203,6 kv.m, zirzəmisi 80,9 kv.m, açıq eyvanı 15,4 kv.m, tikintialtı sahəsi 211,5 kv.m; “B” literli xidməti binası 1966-68ci illərdə tikilmiş, 1 mərtəbəli, tikintialtı sahəsi 56,1 kv.m ölçüdə olduğu qeyd olunmuşdur. İddiaçı isə hazırda iddia edir ki, mübahisəli daşınmaz əmlak 9(doqquz) otaq və 15 (on beş) digər təyinatlı sahə və tikililərdən ibarətdir. Lakin həmin tikililərə dair heç bir sənəd, sübut məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi ölçüdə yaşayış evinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Cavabdeh inzibati orqan mübahisəli yaşayış evinə dair mülkiyyət hüququnu mövcud hüquqmüəyyənedici sənədlərə uyğun olaraq düzgün qeydiyyata almışdır. Odur ki, cavabdeh inzibati orqanın hüquqmüəyyənedici sənədlərlə təsdiq edilməyən ölçüdə yaşayış sahəsinin iddiaçının adına qeydiyyata alınması və müvafiq texniki pasportun tərtib edilməsindən imtina ilə bağlı hərəkəti qanunvericiliyin tələbinə uyğun olmaqla, iddiaçının hüquqlarını pozmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan imtinası iddiaçının hüquqlarına birbaşa müdaxilə mövcud olmadığından hazırkı tələb üzrə mübahisə yoxdur. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanda yerlşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışda uyğunsuzluğun aradan qaldırılması məqsədilə düzəliş edilərək yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1251/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1251/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver