Məhkəmə qərarları › İş №2-1(114)-1254/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1254/2020

31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1254/2020 31.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, iddiaçı “ERBİ-H” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1 (üçüncü şəxslər Adıgözəlov Fizuli Qəşəm oğlu və Adıgözəlov Safurə Əli qızı) qarşı çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı “ERBİ-H” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1 (Adıgözəlov Fizuli Qəşəm oğlu və Adıgözəlov Safurə Əli qızı) qarşı tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı “ERBİ-H” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Bu baxımdan, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Məhkəmə qeyd edir ki, qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq inzibati orqana hazırkı iddia tələbinə dair müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən həmçinin, alğı-satqı müqaviləsinin ümumiyyətlə inzibati icraatın predmeti olan inzibati akt olub-olmaması araşdırılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). Beləliklə, hazırda mübahisə predmeti olan alğı-satqı müqaviləsi yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 8ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “ERBİ-H” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1 (üçüncü şəxslər Adıgözəlov Fizuli Qəşəm oğlu və Adıgözəlov Safurə Əli qızı) qarşı çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı “ERBİ-H” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X1 (üçüncü şəxslər Adıgözəlov Fizuli Qəşəm oğlu və Adıgözəlov Safurə Əli qızı) qarşı çıxarışın verilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar