Məhkəmə qərarları › İş №2-1(114)-1254/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1254/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1254/2021 06.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (üçüncü şəxslər X16, X9, X10) qarşı üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: MH seriyalı ******* nömrəli Çıxarışla Gəncə şəhəri, Məhrəsə bağı, ev 13 ünvanda yerləşən 2 otaqlı 38 nömrəli mənzil tam mülkiyyət hüququ ilə X8 məxsus olmuşdur. 15.07.2014-cü il tarixdə X14 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 50,9 kv.m, yaşayış sahəsi 34,6 kv.m olan mənzili İddiaçı (bundan sonar mətndə - iddiaçı) bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman həmin mənzildə yaşamaq hüququ olan X17 və X11 ərizə təqdim edərək mənzilin bağışlanmasına etiraz etməmişlər. RX seriyalı ******* nömrəli çıxarışla ünvan 2 ünvanda iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində 04.08.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı 20.05.2021-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış əsasında ünvan 2 ünvanda X12, X2 və X3 qeydiyyatda olduğunu bilmişdir. İddiaçı 07.05.2021-ci il tarixdə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ona məxsus qeyd olunan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdeh 11.05.2021-ci il tarixli məktubla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanunun 9-cu maddəsinin 5-ci bəndinə istinad edərək bundan imtina etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X12, X2 və X3 ona məxsus olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, üçüncü şəxslərdən X15 tanımır, onun evə dair heç bir hüququ yoxdur. Zülfüqar Vəliyev qardaşı, İftixar Vəliyev isə Zülfüqarın oğludur. Qardaşı uzun müddətdir Rusiya Federasiyasında yaşayır və evdən qeydiyyatdan çıxmağa razıdır. Cavabdeh 17.06.2021-ci il tarixli məktubla nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs iddiaya qarşı münasibət bildirməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli 04.08.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, cavabdehin 11.05.2021-ci il tarixli 120-14373N-3221 nömrəli imtina məktubu, 15.07.2014-cü il tarixli 4Ə-2278 reyestr nömrəli bağışlama müqaviləsi və notariat işinin sənədləri təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olmaqla, qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu və üçüncü şəxslərdən X12 hazırda mübahisəli mənzilə dair əmlak hüquqları sahibi olmadığı, faktiki olaraq həmin mənzildə yaşamadığı müəyyən edilmişdir. Hazırki mübahisədə həqiqətən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün yuxarıda qeyd olunan əsaslar mövcud deyil. Lakin «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun «Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması» adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Məhkəmənin qənaətinə görə konkret bu halda, «qanunun keyfiyyəti» ilə bağlı məsələ müzakirə edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik «anlaşıqlı», «aydın» və «proqnozlaşdırıla bilən» olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən «qanunla nəzərdə tutulmuş» ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün «çatımlı» olmalı və onun nəticələrini «öncədən görmək» mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, «öncədən görmək» mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə» qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərdən X1 ev üzərində hər hansı hüquqa malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı həmin üçüncü şəxsin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, X4 münasibətdə isə qeyd edir ki, həmin şəxs iddiaçının qardaşı olmaqla, daşınmaz əmlakın əvvəlki sahibi X5 ailə üzvüdür və notariat işində olan forma-2 arayışına əsasən həmin mənzildə yaşamaq hüququ olan şəxslərdən biridir. X10 notariat ofisində verdiyi ərizəsində isə yalnız alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 mübahisəli mənzilə dair əmlak hüquqları mövcud olduğundan iddia ona münasibətdə təmin oluna bilməz. Digər tərəfdən, sonuncu üçüncü şəxs X6 münasibətdə isə məhkəmə qeyd edir ki, X13 03.06.2014-cü il təvəllüdlü olmaqla və atası X7r və ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü abzasında qeyd olunur ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Göründüyü kimi, X13 azyaşlı olduğundan, onun müstəqil olaraq özlərinə yaşayış yeri seçmək, həmin evdə qeydiyyatda qalmağa hüquqları olmadığından, həmçinin azyaşlının valideyni həmin evdə qeydiyyatda olması səbəbindən iddia həmin hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X12 iddiaçıya məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar