Məhkəmə qərarları › İş №2-1(114)-1254/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1254/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1254/2025 12.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xəstəliklərini və aldığı xəsarətləri nəzərə alıb ona əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, 1993-1994-cü illərdə Fizulidə gedən döyüşlərdə fəal iştirak etmişdir. Həmin döyüşlərdə o, kəllə-beyin xəsarətləri almışdır. 1993cü ildə ayrı-ayrı dağınıq nevroloji nişanələr və vegetativ damar davamsızlığı nəticələrinin qalıq əlamətləri, başının yumşaq toxumalarında qəlpə qalıqları, hər iki budunun aşağı 1/3, sağ budun 1/3 dəri çapıqları, üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadəli astenonevratik hal, ağ ciyərində, qara ciyərində ləkələr, belində yırtıq, qıcolmalar, sudurqa tutmaları. O, dispanserdə qeydiyyatdadır, ayda çoxlu (15 paçka) dərmanlar qəbul edir. Sağ ağ ciyərinin yuxarı ocaqlı vərəmdən sonra kiçik qalıq əlamətləri. Əngi hissəvi adentiyası və s. xx-xx-2023-xx-xx-2023- cü il tarixlərdə stasionar müalicələr. Bütün bu xəsarətlərə və keçirdiyi xəstəliklərə rəğmən ona xəsarət dərəcəsi vermirlər. Odur ki, o da əlillik dərəcəsi almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3777/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbi “cavabdeh orqan tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və ona ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1254/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və həmin tarixdən ona orqanizmin funksiyalarının 65-80% pozulmasına görə "Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" səbəb əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1254/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, vətəndaşın əlillik vəziyyəti DTSERA-da xx.xx.2022ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********8). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2007-ci il tarixli 1009 nömrəli arayış verilmişdir. Həmin arayışda "Keçirilmiş qapalı kəllə beyin travmasının (1993) ayrı-ayrı dağınıq üzvi nevroloji nişanələr və veqetativ-damar davamsızlığı ilə nəticələnmiş qalıq əlamətləri. Odlu silah yaralanması nəticəsində (xx.xx.1993, xx.xx.1994) hər iki budun aşağı 1/3-nin, sağ budun yuxarı 1/3-nin bərkimiş dəri çapığı, ətrafın funksiyasının pozulmaması ile. Başın ənsə nahiyəsinin odlu silah yaralanmasından (1993) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə) diaqnozlu travmanın səbəb əlaqəsi "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi və "Sağ ağciyərin yuxarı payının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri. Əngin hissəvi adentiyası" diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş. "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ budda, sol budda və sol ayaq altında, ənsədə səthi çapıqlar qeyd olunsa da, ünsiyyətə adekvat qoşulmuş, baş ağrıları, sağ qulağının eşitməməsindən, təngənəfəslikdən şikayətlənmişdir. Romberqdə yüngül dayanıqsızlıq, ağciyərlər üzərində sərt tənəffüs, tənəffüs keçiriciliyi simmetrik, saturasiya SpO2 97%, hemçinin ətraflarda əzələ qatı və hərəkət həcmi simmetrik müəyyən edilmişdir. Şikayətlərinə uyğun ixtisaslaşmış müayinə nəticələri (baş beyin KT, MRT və ya EEQ. spirometriya) təqdim etməmiş və əlillik təyinatına əsas verən nevroloji ocaqlı əlamətlər və xroniki tənəffüs çatışmazlığı əlamətləri müəyyən edilməmişdir." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafların hərəkət məhdudluğu və müxtəlif xarakterli somatik şikayətlər bildirmişdir. Müayinə zamanı saturasiyası 99%, nəbzi 83 vurğu müəyyən edilmiş, palpasiyada qarnı ağrısız, yumşaq olmuş, aşağı ətraflarda trofik pozuntular, iflic, parez izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Auskultasiya zamanı sərt tənəffüs eşidilmişdir. Komissiyaya "Diklofenak", "Salbutamol", "Valerian", "Lansobel", "Finlipsal", "Furodolin" preparatlarının qutularını təqdim etmişdir. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, davranış pozuntusu əlamətləri və patofunksional pozuntular aşkar edilməmişdir." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sağ aşağı ətrafında hərəkət məhdudluğundan, gecələr baş verən qıcolma tutmalarından, eşitmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə baş və aşağı ətraf nahiyələrindən qəlpə yarası aldığını, qıcolma tutmalarının gecələr baş verdiyini, ailə üzvləri ilə münaqişə yaratdığını, evdəki əşyalara ziyan vurduğunu qeyd etmişdir. Medikamentoz preparatlardan "Cyclodole" və adlarını xatırlamadığı digər dərmanların qutularını təqdim etmişdir. Müayinə zamanı ənsə nahiyəsində, sol budun aşağı 1/3-də, sağ budun yuxarı və aşağı 1/3-də çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Vətəndaş 3 (üç) m. məsafədə əyləşmiş, əsasən sakit səslə, bəzən də uca səslə danışmış, eşitmə cihazından hal-hazırda istifadə etmədiyini qeyd etmişdir. Psixi statusu: Demonstrativ davranışlar göstərmiş, hazırkı nümayiş etdirdiyi süst, çətin hərəkətlə "evi dağıdıram, aqressiv oluram deyişi uyğunsuzluq təşkil etmiş. Cyclodoit içərək sakitləşdiyini iddia etmiş, ilk anda koqnitiv gerilik sərgiləməyə çalışsa da, sonradan ardıcıl məntiqi təfəkkür izlənilmişdir. Nümayişkar şəkildə gah sağ, gah sol ayaqlarını və əllərini əsdirmiş, simulyativ tendemiyalar müşahidə edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 8464 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (QKBT 1993-cü il) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1099/22 nömrəli Çıxarışında diaqnoz "Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri (1993) şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları, yaddaş və intellektin enməsi" kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin xx.xx.2022-ci il tarixli Audiometriya müayinəsinin nəticəsi "İki tərəfli koxlear nevrit. Neyrosensor ağıreşitmə, İV dərəcə kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Abbas Səhhət adına Xəstəxananın xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz "Kəllədaxili travmanın nəticələri. Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya, İİ mərhələ Postravmatik stress pozuntusu. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəskin ifadəli astenonevrotik hal. Hər iki budun aşağı 1/3-nin, sağ budun yuxarı 1/3-nin bərkimiş dəri çapığı. Başın yumşaq toxumalarının yad cismi (metal qəlpə) kimi qeyd edilmişdir. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Baş beyinin bioelektrik aktivliyində tənzimləyici mənşəli pozğunluqla yanaşı sol yarımkürənin ənsə nahiyəsində paroksizmalar qeyd edilir kimi müəyyənləşdirilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi "Sağ qulaq total karlıq, sol qulaq 50 db kimi qeyd edilmiş, əlillik təyinatına esas verməmişdir. Beləliklə, hal-hazırda əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntu ve psixoproduktiv simptomatika aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Odur ki, iddianın təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarından görünür ki İddiaçı xx.xx.2008-ci, xx.xx.2009-cu, xx.xx.2010-cu, xx.xx.2011-ci, xx.xx.2012-ci, xx.xx.2013-cü il tarixlərdə 1 il müddətinə “KQKBT-ın davamlı qalıq əlamətləri ...” diaqnozu ilə AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “KQKBT-ın davamlı qalıq əlamətləri nevroloji nişanələr və vegetativ damar davamsızlığı ...” diaqnozu ilə 1 il müddətinə AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “baş beynin digər dəqiqləşdirilməmiş zədələnmələri ...” diaqnozu ilə 1 il müddətinə AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə “baş beynin digər dəqiqləşdirilməmiş zədələnmələri ...” diaqnozu ilə AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, İİ dərəcəli təkrar əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, İddiaçı qoyulmuş keçirilmiş qapalı kəllə beyin travmasının (1993) ayrı-ayrı dağınıq üzvi nevroloji nişanələr və veqaqativ damar davamsızlığı ilə nəticələnmiş qalıq əlamətləri. Odlu silah yaralanması nəticəsində (xx.xx.1993:xx.xx.1994) hər iki budun aşağı 1/3-nin, sağ budun yuxarı 1/3-nin bərkimiş dəri çapığı, ətrafın funksiyasının pozulmaması ilə. Başın ənsə nahiyəsinin odlu silah yaralanmasından (1993) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumların yad cismi (metal qəlpə).Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublkası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq mərkəzi” publik hüquqi şəxsin 8464 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (QKBT 1993-cü il) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0 xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə şəhər Birləşmiş Xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər T90.5 Kəllədaxili travmaların nəticələri Stasionar müalicə aldığı müəssisələr: Gəncə şəhəri Abbas Səhhət adına Birləşmiş xəstəxana - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri Həkim müayinəsinin nəticəsi: F07.0, Üzvi mənşəli şəxsiyyət pozunusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadəli asteno-nevrotik hal. Essentinal tremor TSEK-ə göndəriş zamanı diaqnoz Diaqnoz ağırlaşma, XBT 10 kodu-F07.0, Xəstəliyin adı Üzvi mənşəli şəxsiyyət pozunusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadəli asteno-nevrotik hal. Essentinal tremor xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “B.M.Memmedov üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2500 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travma nəticəsində) şəxsiyyət pozuntusu, kognitiv funksiyaların enməsi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinənin nəticələri - (anamnestik məlumatlara görə İ Qarabağ döyüşlərdində iştirak etmesi, 1993-ci ildə döyüş zonasında mərmi partlaması nəticəsində qapalı kəllə- beyin travması alması, həmçinin aşağı ətraflarından qəlpə yarası alması, aldığı xəsarətlərlə əlaqədar Gəncə Rayon Mərkəzi Xəstəxanasında "Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri (1993) şəxsiyyətin üzvi pozuntusu, davranış pozuntuları, yaddaş və intellektin enməsi" diaqnozu ilə stasionar müalicədə olması, son on ildə psixi və somatik vəziyyətində dəyişikliklər meydana gəlməsi, əsəbiliklə yanaşı qıcolma tutmalarının olması, qıcolma zamanı özünə getmə hallarının baş verməsi, yeriməkdə çətinliklər yaşaması, çəliklə gəzməsi, eşitməsinin olmamasını, yaddaşda zəifləmənin və yuxu pozuntularının və əsəbi gərginliyinin get-gedə artması baş verdiyi üçün və həmçinin son illər əl və ayaqlarında əsmə halları biruzə verdiyinə görə müayinə və müalicələrdə olması, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq onda "Üzvi (QKBT 1993-cü il) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0" diaqnozunun müəyyən edilməsi, ona təyin edilmiş dərman preparatlarını qəbul etməsinə baxmayaraq nəzərə çarpan yaxşılaşma baş verməməsi, iş qabiliyyətini itirməsi, aparılan söhbət gedişatında koqnitiv pozuntu əlamətlərinin biruzə verməsi, tez yorulması, astenizasiya olunması, onda əhval-ruhiyyənin nəzərə çarpacaq dərəcədə enməsinin biruzə verməsi və) sübut edir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən orqanizm funksiyalarının 35-60% pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsidir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Qeyd olunan Qaydaya 2 nömrəli əlavəyə əsasən, təkrar əlillik müraciətləri üçün son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti F07.0 kodu üzrə stasionar müalicə müddəti - 10 gün, ambulator müalicə müddəti – 2 dəfədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5.2.1-ci bəndinə görə, şəxsin əlilliyinin səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.1-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci, xx.xx.2009-cu, xx.xx.2010-cu, xx.xx.2011-ci, xx.xx.2012-ci, xx.xx.2013-cü, xx.xx.2014-cü, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə “KQKBT-ın davamlı qalıq əlamətləri ...” diaqnozu ilə AR ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçının barəsində xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçı təkrar əlillik üçün tələb olunan son bir il ərzində ambulator və stasionar müalicələr almış və göndəriş zamanı həkim müayinəsinin nəticəsi: “F07.0, Üzvi mənşəli şəxsiyyət pozunusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadəli asteno-nevrotik hal. Essentinal tremor” olmuşdur. Qeyd olunan tibbi göndəriş haqqında məlumata əsasən, iddiaçıya “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2500 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travma nəticəsində) şəxsiyyət pozuntusu, kognitiv funksiyaların enməsi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2008-ci il tarixdə başlayaraq eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada müalicə almasına baxmayaraq iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, iddiaçıya qoyulmuş diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməlidir. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 35-60% pozulmasına görə əlillik təyin edilməlidir. İddiaçı orqanizminin funksiyalarının pozulması müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndində əlilliyin müddəti 2 il nəzərdə tutulmuşdur. Lakin iddiaçı 2008-ci ildən başlayaraq fasiləsiz olaraq 2021-ci ilə qədər, yəni 10 il müddətdən çox İİ dərəcəli əlil olmuşdur. Ona görə də iddiaçıya müddətsiz əlillik təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 və 4.3-cü bəndlərinə görə, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.2, 73.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Bəhman Manaf oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz əliliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar