Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1258/2024 24.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-2294 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş qeydlərin bərpası qeydiyyat orqanı tərəfindən mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmasını təsdiq edəcək sənədləri qeydiyyat şöbəsinə vətəndaş İddiaçı təqdim edə bilmədiyinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır.
2. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-9859/2023 nömrəli cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. II. Məhkəmədə icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında şəhadətnamənin verilməsini cavabdeh orqanın üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. Hazırda Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, döngə 12, ev 12-də qeydiyyatda olmaqla yaşayır. O, doğum haqqında şəhadətnaməsini uzun müddətdir ki, itirmişdir. Bundan sonra Cavabdehnə iddiaçı müraciət edərək, ona yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsi bundan imtina edərək doğum haqqında şəhadətnamənin təkrar olaraq verilməsinin mümkün olmadığını bildirmişdir. Bununla bağlı ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə şifahi məhkəmə baxışı iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
9. Cavabdehin nümayəndəsi X2 iclas zamanı iddiaçının akt qeydi aşkar edilməmişdir və iddiaçı Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmasını təsdiq edəcək sənədləri də qeydiyyat şöbəsinə təqdim edə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini xahiş etdi.
Əsaslandırma hissəsi:
10. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
11. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
12. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tələbində ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddiaçının doğum yeri Ermənistan Respublikası Basarkeçər rayonu olduğuna görə barəsində tərtib edilmiş doğum akt qeydinin Azərbaycan Respublikasında mövcud olmadığı və bu halda iddiaçıya doğum haqqınnda şəhadətnamənin verilməsi üçün əvvəlcə doğum akt qeydinin bərpa edilməli olduğu bildirilərək, iddia tələbinin “doğum akt qeydinin bərpa edilərək doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində göstərilməsi təklif olunmuş və bunun üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
14. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
16. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva