Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1259/2025 28.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdehlər Tərtər rayon Qeydiyyat şöbəsi və Bərdə regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, ona dair doğum akt qeydlərində dəyişiklik edilərək “Rəhim” adının “Rəfayıl” adına dəyişdirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, xx xxx 1971-ci ildə anadan olmuşdur. Hələ uşaqlıqdan indiyədək valideynləri də daxil olmaqla onu tanıyanlar onun adını Rəfayıl kimi tanıyır və Rəfayıl deyə müraciət edirlər. Bu fakt ona məxsus bütün hüquq müəyyənedici sənədlərində də (şəxsiyyət vəsiqəsi, hərbi bilet, natamam orta təhsil haqqında Şəhadətnamə, orta ixtisas təhsilinə dair diplom, həmkarlar bileti və s.) öz əksini tapmışdır. Bu fakt, yəni “Doğum haqqında şəhadətnamədə” adının “Rəhim”, digər hüquq müəyyənedici sənədlərdə isə adının “Rəfayıl” kimi yazılması iddiaçıya öz hüquqlarının həyata keçirilməsində müəyyən çətinlik yaradır. Ona görə də o, bu çətinliklərin və ziddiyətlərin aradan qaldırılması, yəni ona dair doğum akt qeydlərində dəyişiklik edilərək “Rəhim” adının “Rəfayıl” adına dəyişdirilməsi xahişi ilə əvvəlcə Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə, sonra isə müvafiq icra hakimiyyəti orqanı olan Tərtər rayon Qeydiyyat şöbəsinə müraciət etməli olmuşdur. X6 “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş 29 mart 2024-cü il tarixli, 3-16-5/8-272/40-24 №-li və Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən göndərilmiş 02 aprel 2024-cü il tarixli, 3-16- 5/7-Ə/2-2xx-xx/2024 №-li məktublarda belə bir qeydiyyatın aparılmasından imtina edilmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi onun adının dəyişdirilməsinin həyata keçirilməsindən imtina üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv Qaydaları”nı müəyyən edən əsas müddəaların 1-ci bəndini, Tərtər rayon Qeydiyyat Şöbəsi isə imtina üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsini əsas götürmüşlər. İddiaçı hər iki inzibati orqanın məktublarını qanunsuz və əsassız hesab edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3789/2024 nömrəli qərardadı ilə, cavabdehlər əsl cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə göndərilmiş məktubda məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları xx.xx.1971-ci il tarixli, 53 nömrəli Doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “X2”, ata-anası haqqında məlumat qrafasında “X3” və “X1” qeyd edilmişdir. xx.xx.1986-cı il tarixli, 064777 nömrəli natamam orta təhsil haqqında Şəhadətnamə “İddiaçı”na məxsusdur. xx.xx.1986-cı il tarixli, 02643673 nömrəli Həmkarlar birliyinin Qeydiyyat kartoçkası “İddiaçı”na məxsusdur. xx.xx.1989-cü il tarixli, НЗ ******* nömrəli hərbi bilet “İddiaçı”na məxsusdur. xx.xx.1995-ci il tarixli, AZ 002159 nömrəli diplom “İddiaçı”na məxsusdur. xx.xx.2018-ci il tarixli fərdi uçot kartoçkasından görünür ki, hazırlanmış şəxsiyyət vəsiqəsinin sahibi xx.xx.1971-ci il təvəllüdlü “İddiaçı”dur. AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.1971-ci il təvəllüdlü “İddiaçı”na məxsusdur. xx.xx.2024-cu il tarixli, AZ-T 227374 №-li Doğum haqqında Şəhadətnamə “X2”na məxsusdur, atası qrafasında “X3”, anası qrafasında “X1” qeyd edilmişdir. Ədliyyə Nazirliyi Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2yəndəliyində tərtib edilmiş xx.xx.1971-ci il tarixli, 53 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən onun adının “Rəfayıl” deyil “Rəhim” kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun doğum haqqında akt qeydi Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən istənilmiş və sorğuya cavab olaraq daxil olmuş xx.xx.1971-ci il tarixli 53 saylı Tərtər rayon Səhləbad kənd İ.N. tərəfindən qeydə alınmış doğum haqqında akı qeydində uşağın adı “Rəhim” kimi qeyd edilmişdir. Lakin təqdim edilən şəxsiyyət vəsiqəsində, YAP-nın üzvülük vəsiqəsində adı “Rəfayıl” kimi qeyd edilmişdir. Belə olan halda sənədlər arasında ziddiyyət olduğundan Qeydiyyat şöbəsi hər hansı bir düzəliş əməliyyatı apara bilmir. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı deyil, eyni təvəllüdlü Rəhim Əhmədovun doğumunun qeydiyyatı haqqında məlumat aşkar edilmişdir. Həmçinin, Rəhim Əhmədovun doğumu haqqında Tərtər rayonunun Səhləbad kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1971-ci ildə tərtib olunmuş akt qeydinin Xidmətin arxivində mühafizə edilən nüsxəsində adının “Rəhim” kimi qeyd olunduğu qeydiyyat şöbəsində saxlanılan nüsxəsində isə qaralama edilərək “Rəfailə” dəyişdirildiyi məlum olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 161. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası
1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə doğum haqqında akt qeydində səhv qeyd edilmiş “Rəhim” adının “Rəfayıl”a dəyişdirilməsini xahiş edir. İddiaçı iddiasının əsası kimi qeyd etmişdir ki, onun adı əslində Rəfayıl qoyulmuşdur. Uşaqlıqdan indiyədək valideynləri də daxil olmaqla onu tanıyanlar Rəfayıl kimi tanıyır və müraciət edirlər. Lakin doğum haqqında akt qeydində adı səhvən Rəhim kimi qeyd olunmuşdur. Daha sonra aldığı bütün sənədlərdə adının düzgün qeyd edilməsinə baxmayaraq, doğum haqqında akt qeydində səhv qalması ona bir çox maneələr yaradır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnaməsində adının “Rəhim” qeyd olunmasına baxmayaraq iddiaçıya məxsus təhsil haqqında diplomda, hərbi biletdə, orta təhsil haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə adı “Rəfayıl” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində iddiaçının adı səhvən Rəhim qeyd edilmişdir. Bütün digər sənədlərində adı Rəfayıl yazılmışdır. Bu vəziyyət isə iddiaçıya bir çox hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (X2) xx.xx.1971-ci il tarixli, 53 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Rəhim”dən “Rəfayıl”a dəyişdirilməsi öhdəliyi cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü İddiaçı (X2) xx.xx.1971-ci il tarixli, 53 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək adının “Rəhim”dən “Rəfayıl”a dəyişdirilməsi öhdəliyi cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva