Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-126/2021 28.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçının hüquqi varisinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər Naftalan Şəhər İcra Hakimiyyəti, X16, X12 və X17) qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Naftalan şəhər X22 Sovetinin İcraiyyə Komitəsinin 15 nömrəli 13.03.1978-ci il tarixli orderinin surətindən görünür ki, X7 Naftalan şəhəri İ.Həsənzadə küçəsi ev 16, 18 nömrəli mənzil sahəsini tutmaq hüququ verilmişdir. İİ-İE nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 29.09.1988-ci il tarixdə ölmüşdür. Naftalan şəhər XDS İcraiyyə Komitəsinin 24.02.1989-cu il tarixli 31 nömrəli qərarından çıxarışdan görünür ki, İ.Həsənzadə küçəsi ev 16, 18 nömrəli mənzil üzrə X5 əvəzinə İddiaçı Məmmədəli qızı əsas kirayəçi hesab edilmişdir. Naftalan şəhər İcra Hakimiyyəti Naftalan şəhər 1 saylı Mənzil İstismar sahəsinin 17.12.2019-cu il tarixli 167 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Həmin mənzil Naftalan şəhər İcra Hakimiyyətinə aid olmaqla şəxsi hesab vərəqəsi İddiaçı adına açılmışdır. İddiaçı və X8 mənzildə qeydiyyat hüququna malikdirlər. Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27.01.2020-ci il tarixli 69 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. X9, Moldabayeva Yelena, X16, X17 həmin mənzildə qeydiyyatda olmur və yaşamırlar. Naftalan şəhər Polis Şöbəsinin 05.10.2020-ci il tarixli 175-6684-1220 nömrəli məktubundan görünür ki, X9, X16, X12 və X2 şəhəri, İ.Həsənzadə küçəsi, ev 16, mənzil 18 ünvanında qeydiyyatda deyillər. Naftalan Şəhər İcra Hakimiyyətinin 23.10.2020-ci il tarixli 290/18 nömrəli məktubundan görünür ki, İddiaçı 17.09.2020-ci il tarixdə vəfat etmişdir. Mənzildə order üzrə qeydiyyat olan digər şəxslərdən X16, X12 və X2 şəhəri ərazisində yaşamırlar. X9 20.07.2015-ci il tarixdə vəfat etmişdir. Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23.10.2020-ci il tarixli 109 nömrəli məktubundan görünür ki, X16, X12 və X4 Federasiyasında yaşayır, X9 20.07.2015-ci il tarixdə vəfat etmişdir. AZ-İİ 059327 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı 18.09.2020-ci il tarixdə ürək dayanmasından ölmüşdür. «Notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış» 25.01.2021-ci il tarixli, 23 nömrəli qərarından məlum olur ki, vətəndaş X3 qanun üzrə vərəsəlik hüquq haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) 05.02.2020-ci il tarixli **********87 nömrəli məktubu ilə İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin bütünlüklə onun adına özəlləşdirilməsi ilə əlaqədar müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mənzil fondunun özəlləşdirilməsi və mənzillər üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada tənzimlənir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) nüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 №-li forma) və mənzil sahəsinin orderini əlavə etməlidir. İddiaçı tərəfindən sözügedən mənzilin bütünlükdə onun adına özəlləşdirilməsi məqsədilə təqdim etdiyi ərizə və ərizəyə əlavə edilən mənzilin orderinə baxılarkən məlum olmuşdur ki, həmin orderdə İddiaçı ilə bərabər mənzilə hüququ olan digər şəxslərin də adları qeyd olunmuşdur. Həmin şəxslərin mənzilin bütünlükdə onun adına özəlləşdirilməsi barədə notarial qaydada təsdiq olunmuş razılıq ərizələri olmadan ərizənin icrası mümkün deyildir. Ona görə də, ünvan 1 ünvanında yerləşən mənzilin bütünlükdə İddiaçı adına özəlləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. İmtina ilə razılşamayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsinə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 onun mərhum anası X5 adına olmuşdur. Anası 1988-ci ildə rəhmətə getmişdir. Anası rəhmətə getdikdən sonra 24 fevral 1989-cu il tarixdə Naftalan şəhər XDS-nin icra Komitəsinin qərarı ilə əsas kirayəçi öldüyü üçün kirayə müqaviləsi onunla bağlanılmışdır. Hal-hazırda mənzildə o və bacısı qeydiyyatdadır. Mənzilin özəlləşdirilməsi ilə bağlı 7 saylı ərazi idarəsinə müraciət etmiş, lakin imtina məktubu vermişlər ki, guya mənzilin orderində onlarla bərabər başqa adamların adı vardır. Guya həmin şəxslərin evi onun adına özəlləşdirilməsinə dair razılıq ərizəsi olmalıdır. Mənzilin orderində adı olan digər şəxslər 40 ildən artıqdır ki, məznildən pasport qeydiyyatından çıxıb getmişlər. Onların harada yaşaması məlum deyildir. Onlar evdən pasport qeydiyyatından 40 il bundan qabaq çıxıb getmişlərsə onların razılığı hansı əsasla alınmaldır. Onlar artıq mənzilə olan hüquqlarını evdən pasport qeydiyyatından çıxanda itirmişlər. Gəncə İnzibati Məhkəməsinin 22.07.2020-ci il tarixli, 2-1(114)-1513/2020 nömrəli qərardadı ilə X9, X16, X12 və X17, 22.09.2020-ci il tarixli, 2-1(114)-1513/2020 nömrəli qərardadı ilə isə Naftalan şəhər İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(114)-1513/2020 nömrəli qərardadı ilə İddiaçı 17.09.2020-ci il tarixdə ürək dayanmasından öldüyündən inzibati iş üzrə icraat, hüquqi varis müəyyən edilənədək dayandırılmışdır. Bundan sonra, Gəncə İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli 2-1(114)- 126/2021 nömrəli qərardadı ilə X8 (bacısı) İddiaçı hüquqi varisi kimi məhkəmə icraatına cəlb edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçının hüquqi varisinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçının ünvan 5 ünvanında yerləşən mənzilin bütünlüklə onun adına özəlləşdirilməsi ilə əlaqədar ərizəsinə cavabdeh inzibati orqan tərəfindən baxılmışdır. Mənzil fondunun özəlləşdirilməsi və mənzillər üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu ilə nəzərdə tutulmuş qaydada tənzimlənir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzil özəlləşdirmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının və mənzil sahəsinin orderini əlavə etməlidir. İddiaçı tərəfindən sözügedən mənzilin bütünlükdə iddiaçının adına özəlləşdirilməsi məqsədilə təqdim etdiyi ərizə və ərizəyə əlavə etdiyi mənzilin orderinə baxılarkən məlum olmuşdur ki, həmin orderdə iddiaçı ilə bərabər mənzilə hüququ olan digər şəxslərin də adları qeyd olunmuşdur. Həmin şəxslərin mənzilin bütünlükdə iddiaçının adına özəlləşdirilməsi barədə notarial qaydada təsdiq olunmuş razılıq ərizələri olmadan iddiaçının ərzəsinin icrası mümkün deyildir. Mənzil İcra Hakimiyyətinin balansındadır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi iddia tələbinə etiraz etmədiyini bildirib qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, digər üçüncü şəxslər də məhkəmə iclasına gəlməmişlər. Buna baxmayaraq məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, 13 mart 1978-ci il tarixli, 15 nömrəli orderlə ünvan 6 ünvanında yerləşən 18 saylı mənzil iddiaçının anası (mərhum) X5 adına, onun və ailə üzvlərinin istifadəsinə verilmiş, order sahibi 29 sentyabr 1988-ci il tarixdə vəfat etmişdir. Sonuncunun ölümündən sonra orderdə adı olan iddiaçı mənzilin adına özəlləşdirilməsi və qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzili özəlləşdirməyə razılıqları barədə orderdə adı qeyd edilən şəxslərin, yəni üçüncü şəxslərin mənzilin özəlləşdirilməsinə razılıq ərizələrinin Ərazi İdarəsinə təhvil verilmədiyini əsas gətirərək, hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, inzibati orqanın imtinası qanuni olmamışdır. Belə ki, 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28. maddəsinin tələblərinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bu Məcəllədə və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət və ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (qanunvericiliklə başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 48-ci maddəsinin tələblərinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Qeyd olunan Məcəllənin 51-ci maddəsinin tələblərinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir.Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 8-ci maddəsinin tələblərinə əsasən yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı on gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (Forma-2) verməlidir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. - 9-cu maddəsinin birinci hissəsinin tələblərinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında dövlət tərəfindən vətəndaşa əvəzsiz olaraq verilən mənzilin məhz mənzil kirayə müqaviləsində adı qeyd edilməklə faktiki olaraq həmin mənzildə yaşayan ailə üzvlərinin razılığı ilə onlardan birinin, bir neçəsinin və ya hamısının (paylı) mülkiyyəti kimi özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi özəlləşdirilən mənzil üzrə pay hüququ yalnız müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinə məxsus olmuşdur. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, hazırki iş üzrə orderdə adı qeyd edilən üçüncü şəxslərdən X16, X12 və X2 şəhəri ərazisində yaşamırlar, həmin mənzildə qeydiyyatda deyillər, X9 20.07.2015-ci il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə inzibati orqan mübahisələndirilən mənzildə qeydiyyatda olmayan və faktiki olaraq yaşamayan şəxslərin razılıq ərizələrinin alınmaması dəlili ilə imtinası “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müdəllarına uyğun hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulan əsaslardır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 16 ünvanında yerləşən 18 nömrəli mənzilin (mərhum) X1 adına özəlləşdirilməsindən imtina edilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 16 ünvanında yerləşən 18 saylı mənzilin (mərhum) X1 adına özəlləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-126/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-126/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver