Məhkəmə qərarları › İş №2-1(114)-126/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-126/2025

28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-126/2025 28.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları İddiaçı xx.xx.2016-cı il tarixdən etibarən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti 0232003AAYQF nömrəli göndərişə əsasən “ Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr,Mərmi partlamasından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya ” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xəstəlik haqqında xx.xx.2015-ci il tarixli 919 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı «Sağ tərəfli döş qəfəsinin travması. Böyrəklərin travmatik əzilməsi», xx.xx.1993- cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma və xəstəlik - diaqnoz: «Qapalı kəllə beyin travması» və xx.xx.1993-cü ildən xx.xx.2023-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: Keçiribmiş kəskin sistitin qalıq əlamətləri» (Azərbaycan Respublikası SHXÇDX-nin Bərdə rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 2126 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 128 nömrəli arayışı, Qədirli adına Hövzə klinik xəstəxanasından verilmiş xx.xx.1992- ci il tarixli çıxarış epikrizi, SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xx.xx.2015-ci il tarixli 6616 nömrəli və xx.xx.2015-ci il tarixli 9769 nömrəli arayşlan, hərbi biletdən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir), «Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır» kimi müəyyənləşdirilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-967/2023 nömrəli qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi (keçmiş Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə Səfərbərliklə əlaqədar ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırılmış və döyüş əməliyyatlarına bilavasitə iştirak edən hərbi hissə olan Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə göndərilmişdir. Həmin hərbi hissənin hərbi qulluqçusu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak edərkən xx.xx.1992-ci il tarixdə düşmən tərəfindən atılan mərminin yaxınlığında partlaması səbəbi ilə ağır travma almış, buna görə müxtəlif hospital və tibb müəssisələrində müalicələr alsa da sağlamlıq vəziyyəti ağırlaşdığına görə Bakı şəhərindəki Qədirli adına X3 göndərilmiş, orada xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək “Sağtərəfli döş qəfəsinin travması. Böyrəklərin travmatik əzilməsi” diaqnozu ilə statsionar müalicə almış, müalicəsi başa çatandan sonra hərbi hissəyə qayıtmışdır. N №-li hərbi hissənin tərkibində yenidən döyüşlərdə iştirak edərkən bu dəfə xx.xx.1993-cü ildə yenidən mərmi partlamasından aldığı travmalar səbəbli əvvəlcə xx.xx.1993-cü ildən xx.xx.1991-cü il tarixədək (1 ay) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında “Qapalı kəllə beyin travması” diaqnozu ilə və xx.xx.1993- cü il tarixdən xx.xx.1993-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında “Keçirilmiş kəskin sistitin qalıq əlamətləri” diaqnozu ilə müayinə və müalicə olunmuşdur.Müayinə və müalicələrinə baxmayaraq sağlamlığı bərpa olunmamış, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2015-ci il tarixli qərarı ilə yuxarıda göstərilən diaqnozları əsasında barəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” nəticəsinə gəlmiş və Bərdə Rayon Xəstəxanasının göndərişi əsasında cavabdehin Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2016-cı il tarixli qərarı ilə ona 2-ci dərəcə əlillik təyin edilmişdir. Komissiyanın həmin qərarı ilə əlilliyi 5 il müddətinə, yəni xx.xx.2021 -ci il tarixədək təyin edilmiş və hərbi əlil hesab edilmişdir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mərmi partlayışından sonra keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalapatiya.Qeyd edilən əlillik müddətinin bitməsindən sonra (xx.xx.2021 -ci il tarixdən sonra) Bərdə Rayon Mərkəzi Xəstəxanasının HMK-nın xx.xx.2021 -ci il tarixli 0232003AAQVP nömrəli göndərişi əsasında əlillik vəziyyəti cavabdehin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən sənədlər əsasında qiymətləndirilmiş, güya əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından TSEK-in xx.xx.2021 -ci il tarixli qərarı ilə ona əlillik təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi formal olaraq “Diaqnozun əlillik əlaməti təyin etməməsi” göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi- ekspertizası təyin edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına Bərdə Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 0232003AAYQF saylı Forma 088 göndərişində “ Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mərmi partlamasından sonra keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalopatiya. Baş beyinin xəstəliyi, travması və disfimksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Psixopatabənzər davranışlar; Xoşxassəli kəllədaxili hipertenziya. Hipertenzion sindrom; Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu. Digər neqativ pozğunluqlar. Qabarıq astenonevrotik sindrom” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkdiyi qeyd olunsa da, diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik təyinatına əsas vermədiyindən ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmamışdır. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda iş materialları ilə aydın olur ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar da var, lakin məhkəmə araşdırması zamanı və əvvəlki məhkəmə iclasları zamanı cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar iddiaçının əyani müayinəsi zamanı qəbul olunmuşdur və həmin qərarın qəbul edilməsinə əsas olan göndəriş 2022-ci il tarixlidir. Odur ki, xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar iddiaçının əyani müayinəsi zamanı və 2022-ci il tarixli göndərişə əsasən qiymətləndirildiyindən mübahisə predmeti cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı olmalıdır və iddiaçı da iddia tələbinin dəqiqləşməsi barədə təqdim etdiyi ərizədə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh orqanın təqdim etdiyi sənədlərdən aydın olur ki, iddiaçıya diaqnoz əlillik əlaməti təyin etmir barədə xx.xx.2022-ci il tarixli qərar barədə məlumat xx.xx.2023-cü tarixdə verilmişdir, iddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iclası zamanı iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək, iddia müddətini sağlamlığı ilə əlaqədar üzrlü səbəbdən buraxdığını bildirərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə rayonu ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını və s. məsələləri yoxlamalıdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti Bərdə Rayon Mərkəzi Xəstəxanasının 0232003AAYQF nömrəli göndərişinə əsasən “ Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr,Mərmi partlamasından sonra keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya ” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2016-ci il tarixdən etibarən beş il müddətinə “ Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən İİ dərəcə əlillik təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr diaqnozu ilə xx.xx.2021, xx.xx.2015, xx.xx.2015 ,xx.xx.2021, xx.xx.2022, xx.xx.2020 və xx.xx.2015-ci il tarixlərində xəstəliyə görə ambulator müalicədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə Bərdə Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər Yevlax şəhər X4 stasionar müalicə almışdır. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmə zamanı İddiaçı diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Həmçinin xx.xx.2016-cı il tarixli müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən qərarla iddiaçıya münasibətdə 5 il müddətinə eyni diaqnozla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 842 saylı protokolu əsasında qəbul edilmiş 919 nömrəli qərarı mövcuddur ki, həmin qərar mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Qərarda xəstəliyin səbəbi olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin 01.05 .2022-ci il tarixli nömrəli qərarı qanunsuz olmuş, ona münasibətdə verilmiş imtina əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İş materialları ilə iddiaçının 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində qeyd edilən diaqnozdan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Həmçinin xx.xx.2016-cı il tarixli müayinənin nəticəsi olaraq cavabdeh tərəfindən qərarla iddiaçıya münasibətdə 5 il müddətinə eyni diaqnozla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 842 saylı protokolu əsasında qəbul edilmiş 919 nömrəli qərarı mövcuddur ki, həmin qərar mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Qərarda xəstəliyin səbəbi olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin 01.05 .2022-ci il tarixli nömrəli qərarı qanunsuz olmuş, ona münasibətdə verilmiş imtina əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməli və İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar