Məhkəmə qərarları › İş №2-1(114)-1260/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1260/2021

10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1260/2021 10.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı Şəhid ailəsi üçün Prezident təqaüdünün hesablanıb verilməsi tələbinə dair inzibati iş üzrə aidiyyətlə bağlı məsələnin müzakirəsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Göygöl rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ilin yanvar ayından 09.01.2019-cu il tarixədək (12) il Şəhid ailəsi üçün Prezident təqaüdünün hesablanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10.06.2021-ci il tarixli 2-1(114)-1260/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Göygöl rayon filialı hüquq varisliyi qaydasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun oğlu X1 nazirlyinin N saylı hərbi hissəsinin tərkibində xidmət edərkən 31 iyul 1993-cü il tarixdə hərbi əməliyyatlar zamanı şəhid olmuşdur. Xanlar rayon İcra Hakimiyyəti başçısının 28 fevral 1997-ci il tarixli 49 saylı Sərəncamı ilə ona “Şəhid ailəsi” statusu verilmişdir. 1997-ci ildən başlayaraq ona DSMF tərəfindən ona təyin olunmuş müavinət verilmişdir.2007-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi heç bir əsas olmadan Şəhid anası kimi ona verilən müavinəti dayandırmışdır. Bununla əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinə dəfələrlə müraciət edib, DSMF-nun Göygöl rayon şöbəsi şifahi olaraq bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi DSMF-nun Göygöl rayon şöbəsinə məktub göndərərək, oğlunun şəhid olmasını şübhə altına almışdır. Göygöl rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(066)-1755/2018-ci il tarixli qətnaməsi ilə X2 31 iyul 1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması faktı təsdiq edilmişdir. Qətnamə qüvvəyə minmiş və 09.01.2019-cu il tarixdə DSMF-nun Göygöl rayon şöbəsi ona şəhid anası olaraq Prezident təqaüdünün ödənişinə başlamışdır. DSMF-nun Göygöl rayon şöbəsinin qanunsuz hərəkətləri nəticəsində 12 il müddətində ona ödənilməli olan aylıq müavinətdən məhrum olub və müavinətin 2007-ci ildə dayandırılmasına görə məhz DSMF-nun Göygöl rayon şöbəsi məsuliyyət daşıyır. 2007-ci ilin yanvar ayından 09.01.2019-cu il tarixədək (12) il Şəhid ailəsi üçün Prezident təqaüdünün hesablanıb verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh əsassız olaraq imtina etmişdir. Ona görədə cavabdehin hərəkətlərini qanunsuz hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin (bundan sonar - Fond) sturuktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin» 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən 23.11.2020-ci il tarixli **********2 nömrəli qərar qəbul edildiyini, qərara əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə Regional Ərazi filialları yaradıldığını, onların Əsasnamələrinin təsdiq edildiyini, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin təyinatının ilkin mərhələdə Göygöl rayonu üzrə mərkəzləşdirilmiş qaydada Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının (Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 143) məhkəmələrdə prosessual tərəf kimi çıxış etdiyini bildirərək «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 04 nömrəli Qərarının 5.1-ci bəndinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən hazırki işin ərazi aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, iddia ərizəsini və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə məhkəməyə göndərilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Belə ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin üzərinə Şəhid ailəsi üçün Prezident təqaüdünün hesablanıb verilməsi öhdəliyinin qoyulmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibət olmadığından inzibati işin aiddiyəti İPM-in 8.1.4. maddəsinə əsasən həll edilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62. maddələri). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 143 ünvanı olduğundan və Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyati üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı Şəhid ailəsi üçün Prezident təqaüdünün hesablanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov QƏRARDAD Gəncə İnzibati Məhkəməsi Gəncə şəhəri İş № 2-1(114)-1260/2021 10 iyun 2021-ci il Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Göygöl rayon filialına qarşı Şəhid ailəsi üçün Prezident təqaüdünün hesablanıb verilməsi tələbinə dair inzibati iş üzrə aidiyyətlə bağlı məsələnin müzakirəsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Göygöl rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ilin yanvar ayından 09.01.2019-cu il tarixədək (12) il Şəhid ailəsi üçün Prezident təqaüdünün hesablanıb verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Göygöl rayon filialı əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Fondun Sosial Ödənişlər üzrə Mərkəzi filialı ilə əvəz edilməlidir. Belə ki, «Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə X12 şəxs yaradılması nəzərdə tutulmuşdur. Həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli Fərmanının 5.1-ci bəndində göstərilmişdir ki, bu fərmanın 1-3 hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X8, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.1-ci bəndində qeyd olunmuşdur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonramüvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 1.2, 80.1, 80.2 və MPM-nin 58.1 və 58.2-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Göygöl rayon filialına qarşı Şəhid ailəsi üçün Prezident təqaüdünün hesablanıb verilməsi tələbinə dair iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondun Sosial Ödənişlər üzrə Mərkəzi filialı ilə əvəz edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar