Məhkəmə qərarları › İş №2-1(114)-1263/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1263/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1263/2022 16.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “JN-1619, kod 50400058 nömrəli Dövlət aktının subyekt siyahısında qeyd edilən “Kifayət” adının “Afayət” olaraq qeyd olunması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə Şəmkir rayonu, Düyərli kənd sakini Nümayəndə və onun ailə üzvləri X12, X13, X8 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 0,88 ha torpaq sahəsi verilmişdir. Bu barədə xx.xx.1998-ci il tarixdə JN-1619 nömrəli, 50400058 kodlu dövlət aktı tərtib edilmiş, dövlət aktı qeydiyyat kitabında 2/10320 nömrə qeydiyyata alınmışdır. X12 xx.xx.2003-cü il tarixdə X4 ilə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. X13 xx.xx.2005-ci il tarixdə X16 ilə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. X17 xx.xx.2015-ci il tarixdə soyad və adını X5 dəyişdirmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeydiyyat aparılmışdır. X9 xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 100 nömrə ilə qeyd aparılmış, atası Nümayəndə, anası X3r. X9 xx.xx.2013-cü il tarixdə X10 ilə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Şəmkir rayonu, Düyərli kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-1619 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nda səhv yazılmış ada düzəliş edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin) 11 saylı Şəmkir Ərazi İdarəsin (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktubla iddiaçıya imtina cavabı vermişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 12 iyun tarixli 52 nömrəli qərarı ilə verilmiş torpağın mülkiyyət hüququna dair JN-1619, kod 50400058 nömrəli Dövlət aktının subyekt siyahısında qeyd edilən “Kifayət” adının “Afayət” olaraq qeyd olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Nümayəndə, X11, X18, X14 iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 52 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-1619, KOD50400058 nömrəli dövlət aktı ilə Şəmkir rayon Düyərli kəndində ailəsinə 0,88 ha torpaq sahəsi verilmişdir. Dövlət aktında 5 nəfər ailə üzvünün adından dördü sənəd üzrə olduğu kimi qeyd olunsa da, onun adı “Afayət” yox, “Kifayət” kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsinə dair Çıxarış almaq üçün cavabdehə müraciət etdikdə, adının səhv yazıldığı üçün ərizənin icrasından imtina edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş üçüncü şəxs, eyni zamanda İddiaçı, üçüncü şəxslər X11 və X6 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş, məhkəmə iclası zamanı ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktubla bildirmişdir ki, iddiaçı hazırkı tələblə 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya izah olunmuşdur ki, soyada, ada və ata adına düzəliş edilməsi idarənin səlahiyyəti xaricindədir. Bu səbəbdən ona aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini JN-1619 Kod 50400058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, **********38 nömrəli imtinası, iddiaçıya və üçüncü şəxslərə məxsus şəxsiyyət vəsiqələrinin surəti, nikahın bağlanması haqqında şəhadətnamələrin surəti, adın, soyadın və ata adının dəyişdirilməsi haqqında şəhadətnamənin surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, **********35 nömrəli məktubu, adlı siyahıdan çıxarış, X15 filialının xx.xx.2022-ci il tarixli, k- 3-22 nömrəli məktubu, şəxsi hesabdan çıxarışın surəti, Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, k-25 nömrəli məktubu, Şəmkir rayon Polis şöbəsinin xx.xx.2022-ci tarixli, 190-12531-1222 nömrəli məktubu, cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdə düzəlişlər olunması və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə hüquq və vəzifələr cavabdeh inzibati orqana aid olduğundan hazırkı mübahisə üzrə tələb də ona qarşı yönəlməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.5ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bu Qanunun 16.1 və 16.2-ci maddələrinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İddiaçı torpaq islahatı zamanı ona və ailəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş dövlət aktında adının səhv yazıldığını bildirərək hazırkı iddianı qaldırmışdır. Lakin, məhkəmə tərəfindən aparılmış araşdırma, o cümlədən tədqiq olunmuş Şəmkir rayonu, Düyərli kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilən şəxslərin adlı siyahısında Nümayəndə və onun ailə üzvləri sırasında “X7”nın adı qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, hazırda mübahisə predmeti olan JN-1619, kod 50400058 nömrəli Dövlət aktı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 nömrəli qərarı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilən şəxslərin adlı siyahısı əsasında tərtib edilmişdir. Həmin sənədlər dövlət aktının verilməsi üçün hüquqmüəyyənedici sənədlər hesab olunur. Belə olan halda, iş üzrə məhkəmə hesab edir ki, JN-1619, kod 50400058 nömrəli Dövlət aktı ilkin hüquqmüəyyənedici sənədlərə uyğun tərtib edilmişdir. Bunda başqa, iddiaçı səhvə yol verildiyini iddia etdiklərindən bununla bağlı “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada şikayət verə bilərdi. İddiaçı isə heç bir formada şikayət verməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə iddiaçı dövlət aktında ailə üzvləri qrafasında səhvə yol verildiyini sübut edə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “JN-1619, kod 50400058 nömrəli Dövlət aktının subyekt siyahısında qeyd edilən “Kifayət” adının “Afayət” olaraq qeyd olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar