Məhkəmə qərarları › İş №2-1(114)-1265/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1265/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1265/2021 09.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 19.12.2014-cü il tarixli arayışına və 05.12.1993-cü il tarixli 220 saylı əmrdən çıxarışa əsasən 05.12.1993-cü il tarixdən başlayaraq erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, döyüşlərdə iştirakına dair hərbi biletində qeydlər aparılmışdır. Lakin hərbi bileti naməlum şəraitdə itirmişdir. Müharibə zamanı döyüş əməliyyatlarında iştirak edərkən çoxsaylı qəlpə yaraları aldığı üçün uzun müddət müalicə olunmuş və hal-hazırda da mütamadi olaraq müalicə alır. Ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh 12.04.2021-ci il tarixli 1C-9130 nömrəli məktubla “müalicə aldıqdan sonra hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə” qanunsuz olaraq ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Ona görə də ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, iddiaçının müalicədən sonra hərbi xidməti və hərb xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından, ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 05.12.1993-cü il tarixli 0220 nömrəli (şəxsi heyət üzrə) əmrdən çıxarış, 01.03.2019-cu il tarixli XT 3015 nömrəli EPİKRİZ, Mərkəzi Hərbi Həkim Komissiyasının 05.08.2015-ci il tarixli 791 nömrəli qərarı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsinin qeydiyyat kartası, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 12.04.2021-ci il tarixli 1/C-9130 nömrəli imtina məktubu və cavabdehin 09.06.2021-ci il tarixli 11/2822 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 12.04.2021-ci il tarixli 1/C-9130 nömrəli məktubunda göstərilir ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 07.04.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 05.12.1993-cü il tarixli 0220 nömrəli əmrdən çıxarışdan görünür ki, Samux rayon hərbi komissarlığı tərəfindən 05.12.1993-cü il tarixdə səfərbər olunmuş sıravi İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilərək bütün təminat siyahılarına salınmışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş 01.03.2019-cu il tarixli XT 3015 nömrəli epikrizdən görünür ki, İddiaçı 1994-cü ildə Qarabağ müharibəsində yaralanıb, 2018-ci ildə aorta-varikoz şuntlama əmliyyatı keçirib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 05.08.2015-ci il tarixli 791 nömrəli qərarında göstərilmişdir ki, Samux RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun 13.05.2015-ci il tarixli məktubuna əsasən hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 26.01.1994-cü ildə aldığı və 27.01.1994-cü ildən 03.03.1994-cü ilə kimi X1nda müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: «Sağ sağrıda, beldə kor qəlpə yaraları» və 03.0.1994-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətnamələndirmə zamanı təyin olunmuş yaralanma – diaqnozu: «Kürək, hər iki sağrı və bel nahiyəsinin odlu silahla kor qəlpə yaraları» (Azərbaycan Respublikası SHXÇDX-nin Samux rayon bölməsinin 01.06.2015-ci il tarixli 641 saylı göndərişi, 01.06.2015-ci il tarixli 105 saylı arayışı, X1 tərəfindən verilmiş 03.03.1994-cü il tarixli 526/98 saylı çıxarış epikrizi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 03.03.1994-cü il tarixli 277 saylı arayış, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş 29.07.2015-ci il tarixli 8080 saylı məktub və hərbihəkim komissiyasına təqdimat vərəqindən çıxarış MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş qeydiyyat kartasının Həqiqi Hərbi Xidmət Keçmə haqqında məlumat qrafasından görünür ki, İddiaçı 05.12.1993-c il tarixdə N saylı hərbi hissəyə daxil olmuş, lakin onun çıxması barədə hər hansı bir qeyd aparılmamışdır. Məhkəmə yuxarıda sadalanan faktları tədqiq edərək hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. İş materialları ilə müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissədə xidmət keçərkən həqiqətəndə odlu qəlpə yarası almış və kürək, bel və hər iki sığrı nahiyyəsinin odlu silah yaralanmasından sonrakı çapıqlar və yad cisimlər (metal qəlpələr) sağ bud-çanaq oynağının postramatik artrozu və kantrukturası ağrı sindromu diaqnozu ilə 27.01.1994-cü il tarixdən 03.03.1994-cü il tarixədək müayinə və müalicə olunması təsdiq olunur. Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçı müalicə nəticəsində sağaldıqdan sonra xidmətini davam etdirmək üçün hərbi hissəsinə göndərilməmiş və onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair heç bir sübut yoxdur. İddiaçının özü də yaralandıqdan sonra hərbi xidmətini davam etdirmədiyini etiraf etmişdir. Bundan başqa, iş materialları ilə və iddiaçının özünün izahatı ilə müəyyən olunur ki, onun yaralanması əlilliyinə səbəb olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının yaralanması ilə əlaqədar müalicədən sonra xidmət yerinə qayıtmaması, hərbi xidməti barədə məlumatın olmaması və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmaması kimi halların mövcudluğu iddiaçıya «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün kifayət qədər əsas verir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar