Məhkəmə qərarları › İş №2-1(114)-1266/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1266/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1266/2021 15.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi-həkim komisiyasına (üçüncü şəxsin Daxili İşlər Nazirliyinin X4) qarşı ilə xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəbli əlaqəsi “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı 26.05.2021-ci il tarixdə cavabdeh Daxili İşlər Nazirliyinin X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin X2 Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəbli əlaqəsi “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı 21.06.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək həmin iddia ərizəsinə əlavə olaraq ərizədə dəqiqləşdirmə aparılaraq cavabdehin Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi-həkim komisiyası olmasını və üçüncü şəxs qismində Daxili Qoşunların cəlb olunmasını xahiş etmiş və bu barədə yeni iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 02.07.2021-ci il tarixli qərardadı yeni iddia ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı həmçinin, 20.05.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Daxili Qoşunların Hərbi-həkim komissiyasına dəfələrlə məktublarla müraciət etmiş və 02.04.2020 və 31.12.2020-ci il tarixli məktublarla ona imtina məktubu verilmişdir. COVİD-19 pandemiyası ilə və özünün səhhəti ilə əlaqədar olaraq vaxtında müraciət etməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddanın təmin olunmasını xahiş etmiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 2020-ci ilin yanvar ayında ev növbəsi çatan zaman ona xəstəlik şəhadətnaməsindəki qeydlərin düzgün olmaması barədə məlumat vermişlər. O, evlə təmin olunması üçün hazırda mübahisələndirilən şəhadətnamədə dəyişikliklər edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh 08.06.2021-ci il tarixli 13-1/342 nömrəli etirazında bildirmişdir ki, iddiaçının xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilib qərar verilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Belə ki, bu qərarın ona şamil olunmasına əsas ola biləcək fakt olmadığını, xəstəliyin başlanğıcının və ya kəskinləşməsinin onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlərin olmadığını nəzərə alıb qərar verilməsi mümkünsüz hesab edilməlidir. “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifləri) yerinə yetirərkən alınmışdır” qərarında göstəyilən xəstəliklər siyahısında olmadığını nəzərə alıb verilmiş qərar əhəmiyyətsiz hesab olunmalıdır və iddiaçının xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi hesab olunmalıdır. Həmçinin, iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, hərbi həkim komissiyasının 29.09.1994-cü il tarixli 282 nömrəli qərarında düzəliş olunaraq “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” xəstəliyinin səbəb əlaqəsinin” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsinə” dəyişdirilməsi ilə bağlı məqsəd güdür. Göründüyü kimi, iddiaçı 1994-cü il tarixli şəhadətnaməni 2021-ci ildə, yəni 26 ildən sonra mübahisələndirmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı müddətin buraxılmasını onun müraciətinə 02.04.2020 və 31.12.2020-ci il tarixlərdə cavab verilməsi, COVİD-19 pandemiyası ilə və özünün səhhətində olan problemlərlə izah etmişdir. Lakin Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Məhkəmə onu da qeyd edir ki, müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. Halbuki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün isə göstərilən hallar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə onu da qeyd edir ki, 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunlarla (Azərbaycan SSR Mülki Məcəlləsi və Azərbaycan Respublikasının MPM-nin 298-ci maddəsi) müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 01.01.2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi həkim komisiyasına (üçüncü şəxsin Daxili İşlər Nazirliyinin X4) qarşı ilə xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəbli əlaqəsi “Hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar