Məhkəmə qərarları › İş №2-1(114)-1269/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1269/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1269/2020 13.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı yaralanma və xəsarətin hərbi xidmətlə səbəbli əlaqəsinin müəyyən edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, şəhadətləndirilərək yaralanma və xəsarətin hərbi xidmətlə səbəbli əlaqəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdırki, iddiaçı xx.xx.1991-ci ildə Goranboy rayonu, Zeyvə kəndində təşkil olnmuş özünü müdafiə batalyonuna daxil olaraq, həmin kənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1991-ci il tarixdə döş qəfəsi, sağ bud, said və təpə nahiyədən qəlpə yarası almış, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Goranboy rayonu Mərkəzi xəstəxanasında stasionar müalicə almışdır. Sağaldıqdan sonra xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Goranboy ərazisi özünü müdafiə batalyonuna daxil olmuş, xidmət etmiş və Goranboy rayonu bölgəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Bu xidmətini nəzərə alaraq ona “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. xx.xx.2013-cü il tarixdə 24 nömrəli X1 təkrar qaydada əyani müayinə olunmuş və komissiya hərbi əməliyyatlar keçirilən zonada olmaqla müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı bildirir ki, onun ikinci dərəcə əlillik almasının səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda gedən döyüşlərlə bağlı olmuşdur. Bununla bağlı o, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinə müraciət etmişdir. Həmin nazirliyin ona ünvanladığı xx.xx.2015-ci il tarixli, xx/xx-1894 saylı məktubda göstərilir ki, onun xəstəliyinin hərbi xidmətlə əlaqədar olması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının qərarı olduğu halda, əlillik səbəbinin dəyişdirilməsi məsələsinə TSEK-də yenidən baxıla bilər. Qeyd olunan məktub əsasında iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasına müraciət etsə də, həmin orqan onun xx.xx.1991-ci il tarixdə yaralandığına görə bədənində olan xəsarətlərin hərbi xidmətlə səbəb-əlaqəsinin müəyyən edilməsindən imtina etmişdir. İddiaçı hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 1155 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, hərbi-həkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmaların) hərbi xidmətlə səbəbli əlaqəsini müəyyən edir, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin İddiaçı hərbi xidmət keçməsi barədə komissiyaya göndərdiyi xx.xx.2015-ci il tarixli, 514 nömrəli arayışında onun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Goranboy ərazi özünü müdafiə batalyonun tərkibində hərbi xidmət keçdiyi qeyd edilmiş, iddiaçı isə xx.xx.1991-ci ildə, yəni hərbi xidmətdən təxminən 7 ay əvvəl yaralanmış, bu səbəbdən də xəsarətin hərbi xidmətlə səbəbli əlaqəsini təyin etmək mümkün olmamışdır. Belə ki, iddiaçıda olan xəsarətin hərbi xidmətlə səbəbli əlaqəsinin təyin edilməsi “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.1 maddəsinin “a” yarımbəndinin tələblərinə ziddir, ona görə də iddianın rədd olunması xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin xx.xx.2015-ci il tarixli xx/xx-1894 nömrəli məktubundan görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2013-cü ildə 24 nömrəli Tibbi-sosial ekspert komissiyasında təkrar qaydada əyani müayinə olunmuş və komissiya ona “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” müddətsiz 2-ci dərəcə əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli 9/2-771 nömrəli məktubundan görünür ki, İddiaçı N (GƏÖMB) saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2 nömrəli əmrilə vəzifəyə təyin olunmuş və xx.xx.1992-ci il tarixli 5 nömrəli əmrilə tutduğu vəzifədən azad edilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 514 nömrəli arayışında bildirilir ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Goranboy ərazi özünü müdafiə batalyonun tərkibində hərbi xidmətdə olmuş və xx.xx.1991-ci ildə Goranboy rayon Zeyvə kəndi istiqamətində gedən döyüşlərdə başından və ayağından yaralanmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 539 nömrəli məktubundan görünür ki, İddiaçı hərbi xidmətdən əvvəl, yəni xx.xx.1991-ci ildə yaralandığına görə yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydaları, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin: -1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. -5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. -7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. -7.1-ci bəndinin “a” yarımbəndinə görə hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun. -7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. İşin faktiki hallarından da görünür ki, iddiaçı xx.xx.1991-ci ildə yaralanmışdır, bu dövr isə hərbi xidmət dövründən əvvəlki tarixə təsadüf edir. İddiaçı Goranboy rayonu, Zeyvə kəndində təşkil olunmuş özünü müdafiə batalyonuna daxil olaraq, həmin kənd istiqamətində gedən döyüşlərdə iştirak edərkən yaralandığını iddia etsə də məhkəməyə bunu təsdiq sübut təqdim edə bilməmişdir. Başqa sözlə iddiaçının xəsarət aldığı dövr onun rəsmi qaydada hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşmür, yuxarıda sadalanan normativ sənədlər isə yalnız hərbi xidmət dövründə xəsarət almış şəxslərin şəhadətləndirilməsi qaydalarını tənzimləyir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cımaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı yaralanma və xəsarətin hərbi xidmətlə səbəbli əlaqəsinin müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar