Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1269/2024 25.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı İsrail qızının, Cavabdehin nümayəndəsi Nümayəndə Nurəddin qızının iştirakı ilə, İddiaçı İsrail qızının Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İsrail qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun barəsində Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.1991-ci ildə 510 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinə əsasən şəxsiyyət vəsiqəsi olmadan təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək barəsində Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.1991-ci ildə 510 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinə əsasən təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, xx.xx.1991-ci ildə ona Gəncə şəhər (Nizami rayon) Qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamə verilmiş və 510 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. O, həmin vaxtdan hazıradək valideynlərilə birlikdə Gəncə şəhərində yaşamış, 2017-ci ildə qeyri-rəsmi ailə qurmuş, hazırsa uşağı yoxdur. Buna baxmayaraq o hazıradək şəxsiyyət vəsiqəsi almamış, hazırda da şəxsiyyət vəsiqəsi olmadığına görə bir sıra dövlət orqanlarına müraciət edə bilmir, hər hansı işə qəbul olunmur və maddi vəziyyətilə əlaqədar şəxsiyyət vəsiqəsinin olması vacibdir. Şəxsiyyət vəsiqəsinin olması üçün doğum haqqında şəhadətnamənin olması vacib olduğundan, o bununla bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı X1 məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, doğum haqqında şəhadətnaməsi itmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə Nurəddin qızı izahat verərək bildirmişdir ki, iddiaçının adına doğum akt qeydi açılmış, lakin hazlırda onun şəxsiyyət vəsiqəsi olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin xx.xx.1991-ci il tarixli, 510 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı İsrail qızı xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. -Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-2406/2023 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının 04.0431991-cı il tarixdə 510 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçının barəsində tərtib edilmiş doğum haqqında şəhadətnamə itirildiyindən iddiaçı həmin şəhadətnamənin ona təkrar verilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur və sonuncu tərəfindən həmin sənəd təqdim edilmədiyindən cavabdeh orqan ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə tələblə bağlı qeyd edir ki, iddiaçının qeyd olunan şəhadətnamənin verilməsini tələb etməkdə hüquqi marağı şəxsiyyət vəsiqəsi almaqdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. -2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: -şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); -vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; -Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); -vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; -dövlət rüsumunun ödənilməsi barədə sənəd; -ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi müvafiq qanunvericiliyin tələblərindən irəli gəlir. Məhkəmə iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı İsrail qızına xx.xx.1991-ci il tarixli, 510 nömrəli doğum haqqında akt qeydində göstərilən məlumatlara uyğun təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı İsrail qızına xx.xx.1991-cı il tarixli, 510 nömrəli doğum haqqında akt qeydində göstərilən məlumatlara uyğun təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1269/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1269/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver