Məhkəmə qərarları › İş №2-1(114)-127/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-127/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-127/2021 11.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********545000 nömrəli, xx.xx.2020-ci il tarixli qərar ilə İddiaçı 2019-cu il üzrə bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 5,409,67 manat vergi haqqı hesablanmışdır. Qərarla razılaşmayan İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********545000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən **********545000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarla iddiaçıya 5.409,67 manat gəlir vergisi borcu hesablanmış, qərar ona poçt vasitəsi ilə yaşayış yeri üzrə ünvanına göndərilmişdir. İddiaçı hesab edir ki, vergi orqanının onun barəsində çıxardığı qərar əsassızdır. Belə ki, onun hansı gəlir vergisindən nə zaman yayınması, hansı vergi bəyənnaməsini verməməsi ona aydın deyil və bu istiqamətdə heç bir araşdırılma aparılmamışdır. Ona görə də, vergi orqanının qərarını əsassız və qanunsuz hesab edir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 38.640,50 manat məbləğində valyuta mübadiləsi əməliyyatı nəticəsində 22.700,00 ABŞ dolları məbləğində xarici valyutanın əldə edilməsi müəyyən olunmuşdur. Bununla bağlı İddiaçı xx.xx.2020-ci il tarixli **********035700 nömrəli qeyd olunan vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti və s.) borc, kredit və s.) ilə bağlı ətraflı izahatın verilməsi üçün Baş idarənin inzibati binasına dəvət olunmuş, lakin iddiaçı tərəfindən vergi orqanına dəvət olunmağına baxmayaraq əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. **********225900 saylı xx.xx.2020-ci il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini Baş İdarənin **********545000 saylı xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarı ilə yenidən hesablanmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı fərdi əməklə məşğul olmaqla kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi, satışı ilə uzun illərdir məşğuldur. Yaşadığı Samux rayonu Qarabağlar kəndində ailəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları, həyətyanı torpaq sahəsini idarə etməklə becərir və həmin sahədən gəlir əldə edir. İddiaçının uzun müddət əldə etdiyi gəlirləri toplayaraq ehtiyyatda saxlamaq niyəti olmuş, bu səbədən də topladığı məbləği dollara çevirmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdehin etiraz məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********035700 nömrəli vergi orqanına dəvət məktubundan görünür ki, İddiaçı valyuta mübadiləsi əməliyyatı nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi üçün vergi orqanına dəvət edilmişdir. - Cavabdehin etiraz məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********225900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubundan görünür ki, İddiaçıdan valyuta mübadiləsi əməliyyatı nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməsi tələb olunmuşdur. - Cavabdehin xx.xx.2020-ci il tarixli **********448200 nömrəli məlumatın təqdim olunması barədə məktubundan görünür ki, İddiaçı göndərilmiş vergi orqanına dəvət məktubunun sifarişli poçtla göndərildiyinə dair müvafiq reyestr təqdim edilmişdir, lakin dəvət məktubunun iddiaçıya çatdırılıb-çatdırılmaması ilə bağlı heç bir məlumat cavabdehin məktubuna əlavə edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********942100 nömrəli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, İddiaçı valyuta mübadiləsi əməliyyatı vasitəsilə xx.xx.2020ci il tarixdə «xxxx» ASC-nin Gəncə filialından 11.000 ABŞ dolları (18.727,50 manat ekvivalentində) məbləğində, «xxxx» ASC-nin Gəncə filialından 11.700 ABŞ dolları (19.913,40 manat ekvivalentində) məbləğində xarici valyuta əldə etmişdir. - Samux rayon İcra Hakimiyyəti başçısının Çobanabdallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 127 saylı arayışından görünür ki, Samux rayonunun Qarabağlar kənd sakini İddiaçı fərdi əməklə məşğul olmaqla kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi, satışı ilə uzun illərdir məşğul olur, yaşadığı Qarabağlar kəndində ailəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaqları, həyətyanı torpaq sahəsini idarə etməklə becərir, müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları yetişdirib satır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 38.640,50 manat məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmış, tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 5.409,67 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********545000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasıdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilən maddi hüquq normalarına görə, inzibati orqanın qəbul etdiyi aktı qiymətləndirərkən ilk olaraq onun inzibati icraat qaydalarına riayət edilibedilməməsi yoxlanılmalı, başqa sözlə inzibati orqanının şəxsin hüququna müdaxiləsinin qanuni olub-olmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi orqanı valyuta mübadiləsi ilə bağlı iddiaçıya qeyd olunan vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi, habelə vergi orqanında aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyi, konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü və miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası və işin faktiki hallarından asılı olaraq digər zəruri olan məlumatlar araşdırılması və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməsi üçün xx.xx.2020-ci il tarixli **********035700 nömrəli dəvət məktubu göndərməsini, həmçinin xx.xx.2020-ci il tarixli **********225900 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu ilə iddiaçıdan bəyənnamənin təqdim olunması və kameral vergi yoxlamasının başa çatdırılması üçün yazılı izahatı və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsini tələb etdiyini bildirmiş, lakin qeyd olunan məktubların poçt göndərişi ilə iddiaçının yaşadığı ünvana göndərilməsi barədə müvafiq reyestr məlumatları olsa da, cavabdeh həmin məktubların iddiaçıya çatdırılması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu hal onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən göndərilmiş məktub iddiaçıya təqdim olunmadığına görə onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim etməsi də mümkünsüz olmuş, buna baxmayaraq iddiaçı tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, bir halda ki, iddiaçının tələb olunan sənədləri təqdim etmə imkanı ondan asılı olmayan səbəbdən mümkün olmamışdır, o halda vergi orqanı tərəfindən tələb olunan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilmədiyinə görə **********545000 nömrəli, xx.xx.2020-ci il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsi qanunsuz olmuşdur. Yəni inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində heç bir araşdırılma aparılmamış (inzibati icraatın aparılmasına dair hər hansı bir sənəd etiraza əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır), iddiaçıya sənədlərin təqdim edilməsi üçün real şərait yaradılmamış, əlaqəli məlumatlardan istifadə edilməklə iddiaçının barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçının istifadəsində Samux rayonunun Qarabağlar kəndində kənd təsərrüfatı təyinatlı torpaqları, həyətyanı torpaq sahəsi mövcuddur və iddiaçı həmin torpaq sahələrində uzun illər ərzində kənd təsərrüfatı məhsullarını əkmiş və əldə olunan məhsulun satışından gəlir əldə etmişdir. Qeyd edilməlidir ki, vergi ödəyicisi olmayan subyektlər tərəfindən istehsal olunmuş məhsulların satışı heç də həmişə rəsmi sənədlər vasitəsilə həyata keçirilmir və qanunvericilikdə belə bir məcburi göstəriş də yoxdur. İddiaçı qeyd olunan şəkildə əldə etdiyi pul vəsaitini toplayaraq valyuta mübadiləsini həyata keçirmişdir. Bu baxımdan vergi orqanı tərəfindən iddiaçının vergiyə cəlb etməsi əsassız olmuşdur. Halbuki mövcud qanunvericiliklə bu cür ziddiyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68-70, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qəbul etdiyi **********545000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar apellyasiya şikayəti verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar